Əsas Səhifə > Gündəm, Ana xəbərlər > Paşinyan diqqəti virus panikasından yayındırır

Paşinyan diqqəti virus panikasından yayındırır


6-04-2020, 10:33
Paşinyan diqqəti virus panikasından yayındırır
Ermənistanın Azərbaycanla sərhəddə təxribatları artıb.

Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Beləliklə, aprel ayının 1-dən başlayaraq bu gün qədər atəşkəs rejimi 118 dəfə pozulub.

Maraqlıdır, bu nə ilə bağlıdır? İşğalçı nə etmək istəyir?

Cebhe.info-nun sualını cavablandıran Ümid Partiyası sədrinin müavini Taleh Əliyevin sözlərinə görə, koronavirus pandemiyasının son günlər işğalçı ölkədə daha geniş yayılması və bununla mübarizədə kifayət qədər resursunun olmaması istər-istəməz işğalçı ölkənin hakimiyyətini çıxış yolu kimi cəbhə xəttində təxribatların törədilməsinə vadar edir:

"Bilirsiniz ki, Ermənistan cəmiyyətində qorxu xofunun gücləndirilməsinin ən sınanmış yollarından biri və bəlkə də birincisi məhz cəbhədə atəşkəs rejiminin pozulmasıdır. Xüsusilə də 2016-cı ildə baş verən aprel döyüşlərindən sonra Ermənstan cəmiyyətində bu qorxu kifayət qədər güclü mənəvi-pisxoloji və hərbi-siyasi faktora çevrilib. Məhz bu döyüşlərdən sonra Ermənistandakı avtoritar siyasi hakimiyyətin devrilməsi prosesi baş verdi. İşğalçı ölkədə bu gün də ciddi siyasi və iqtisadi təzyiq resursları olan Rusiya hakimiyyəti tərəfindən arzu olunmaz şəxs kimi qəbul edilən Nikol Paşinyan öz hakimiyyətini qorumaq üçün xalqın narazılığını Azərbaycan təhlükəsi ilə yatırmağa çalışır. Koronavirus pandemiyasının son günlər Rusiyada da geniş yayılması Nikol Paşinyana öz xalqını ram etmək üçün yeni fürsət yaradıb. Çox güman ki, Nikol Paşinyanın siyasi texnoloqları Ermənistan cəmiyyətində belə bir rəy yaratmağa çalışırlar ki, əgər cəbhədə atəşkəs pozulursa, demək Azərbaycan tərəfi dünyada və Rusiyada baş verənlərdən istifadə edib öz torpaqlarını işğaldan azad etmək istəyinə düşüb. Ona görə də erməni cəmiyyəti iki təhlükə ilə üz-üzə qalmaması üçün zorən öz hakimiyyətin yanında dayanmalıdır. Yəni bu gün cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejiminin ermənilər tərəfindən pozulmasının başlıca səbəbi yuxarıda qeyd etdiyim kimidir. Ermənstanda xalq narazılığının yatırılması üçün xarici düşmən faktorunun mümkün qədər qabardılması yolu ilə kövrək daxili sabitliyi qoruyub saxlamaq. Nikol Paşinyan çox gözəl anlayır ki, koronavirus pandemiyası bitdikdən sonra beynəlxalq insan hüquqları təşkilatları tərəfindən pandemiya dövründə siyasi hakimiyyətlərin öz xalqları ilə necə rəftar etmələri barəsində çox saylı və kifayət qədər də obyektiv hesabatlar yayımlanacaq və o istəmir ki, həmin hesabatlarda onun hakimiyyəti öz xalqına divan tutan hakimiyyətlərlə bir sırada şəkilsin. Ona görədə koronavirus pandemiyasının öhdəsindən gələ bilmədiyi üçün erməni xalqını son yüz ildə işğal yolu ilə sahibləndiyi torpaqlarının iririlməsi təhlükəsi ilə şantaj edir".

Geri qayıt