Əsas Səhifə > Gündəm, Manşet > Başçısız qalan rayonda SEÇKİ ÖZBAŞINALIĞI
Başçısız qalan rayonda SEÇKİ ÖZBAŞINALIĞI26-12-2019, 09:52 |
Ağstafa rayonu Göycəli kənd sakini, dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində namizəd olmuş Məmmədli Vüqar seçimlərin nəticələrindən narazıdır. O, Sherg.az-a açıqlamasında bildirib ki, namizəd olduğu dairədə seçki prosesində bir sıra qanun pozuntuları yaşanıb. Qeyd edək ki, V.Məmmədli 108 saylı Ağstafa seçki dairəsindən Göycəli kənd bələdiyyəsinə qeydiyyata alınmış namizəd olub. V.Məmmədli qeyd edib ki, seçkilər günü məntəqələrdə haqsızlıqlarla qarşılaşıb: “Göycəli kəndindən namizədliyimi irəli sürmüşdüm. Dekabrın 23-ü seçki məntəqəsində oldum. Orada olduğum zaman 108 saylı seçki dairəsindən və 12 saylı Yuxarı Göyçəli kənd məntəqəsinin səlahiyyətliləri 3 nəfər üzv- Məmmədov Kamran, Əliyev Natiq, Hüseynov Əbülfət seçkinin gedişatını pozdular. Kənd camaatının nahar vaxtı səsverməyə gəlməməyindən istifadə edərək qutulara bir neçə dəfə topa bülleten atdılar. Bunu gördükdən sonra yuxarı orqanlara məlumat vermək istədim. Bu zaman telefonum əlimdən alındı. Sonra məntəqə sədri Əhmədov Yasin və icra hakimiyyətinin nümayəndəsi Abbasov Nurəddin məni çağırdılar, nə üçün seçkiyə mane olduğumu soruşdular. Saxta işlər görüldüyünü, seçkinin saf və təmiz keçirilməli olduğunu dedim. Bildirdim ki, cənab Prezident hər zaman qanunlara hörməti tələb edir. Seçki qanunvericiliyinə uyğun olaraq səsverməyə əməl etməlisiniz. Bu zaman mənə heç bir cavab vermədilər. Sonra isə dedim ki, yəqin ölkə başçısının söylədikləri sizə dərs olmayıb”. O, iddia edir ki, başqa bir namizəd Kamran Məmmədov deyib ki, sən məni “görməli idin”. Səbəbini soruşanda isə dedi ki, bələdiyyəyə sədr artıq seçilib. Sədrin necə və nə tez seçildiyini, kim olduğunu soruşdum. Bildirdilər ki, sədr Arif Hüseynov olacaq. Mən sual verdim ki, axı səsvermə bitməmiş, səslər sayılmamış Arif necə bələdiyyə sədri seçilə bilər? Söylədilər ki, “her şey pulun əlindədir, Arif icra hakimiyyətinin nümayəndəsi Abbasov Nurəddinə 6 min manat verib. Abbasov Nurəddin məntəqənin ərazisində boş- boşuna dayanmır”. Həmin vaxt bir hadisənin də şahidi oldum. Abbasov Nurəddin və xanımı Abbasova Brilyant tez-tez içəri daxil olub, çıxırdılar. Axşam seçki qurtardı və mənə dedilər ki, sən az səs toplamısan. Nəticələrə inanmadığımı və ən çox kimin səs topladığını soruşdum. Cavabında isə bildirdilər ki, ən çox səsi toplayan şəxs, əvvəldən də deyildiyi kimi Arif Hüseynovdur. Mənə söylədilər ki, “sənə öncədən dedik ki, burda qalıb özünü yorma, sən də söz eşitmədin”. Mən isə axşam Ağstafa rayon 108 saylı seçki dairəsinə üz tutdum. Həmin dairənin seçki komissiyasının sədri Tamerlan Eyyubova olanları bildirdim. O, dedi ki, bu haqda heç nə deyə bilməz. Dekabrın 24-ü Ağstafa rayon icra hakimiyyətinə getdim. Baş verən qanun pozuntularını danışmamağım üçün məni heç kim qəbul etmədi. Sonra isə icra hakiminin müavini Lalə Eyyubovaya olanları dedim. Çox təəssüflər olsun ki, Lalə xanım da əhəmiyyət vermədi. Son sözü bu oldu ki, sən də pulunu verib seçilərdin”. Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasından Sherg.az-a bildirilib ki, namizəd olmuş şəxs şikayətini MSK-ya ünvanlasın. Müraciətə baxılıb, müvafiq cavab veriləcək. Namizədin yazıda ittiham irəli sürdüyü şəxslərlə isə əlaqə qurmaq mümkün olmadı. İttihamlarda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |