Əsas Səhifə > Gündəm, Manşet > 2 aydır boş qalan nazir kürsüsü...

2 aydır boş qalan nazir kürsüsü...


10-02-2018, 09:30
2 aydır boş qalan nazir kürsüsü...
Azərbaycanda 2 aydan çoxdur ki, təhsil naziri postu boş qalıb. Belə ki, ötən ilin 5 dekabr tarixində prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə o, vergilər naziri təyin olunub.

Bu günlər ərzində mətbuatda müxtəlif şəxslərin təhsil naziri postuna namizəd olması ilə bağlı versiyalar irəli sürülüb. Versiyalara görə, nazir vəzifəsinə hazırkı müavin Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Bakı Neft Məktəbinin rektoru Elmar Qasımov iddialıdır. Bu şəxslərin təhsil sahəsindəki fəaliyyətləri nəzərə alınaraq, ən şanslı şəxslər kimi onların adları qeyd olunur. Ceyhun Bayramovun adı ona görə hallanır ki, daha öncə də nazir vəzifə başında olmadığı ərəfələrdə onu məhz C.Bayramov əvəz edib. Hazırkı məqamda da o müvəqqəti olaraq təhsil naziri vəzifəsini icra edir.

Hətta mətbuatda yazılan məlumatlara görə, bu günlərdə Ceyhun Bayramov Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Nostrifikasiya şöbəsinin müdiri Emin Nəsirovu tutduğu vəzifədən azad edib.

Həmçinin bu günlərdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun da adı “versiya siyahısı”nda yer aldı. Mətbuatda xəbərlər yayıldı ki, Mikayıl Cabbarovun vergilər naziri vəzifəsinə təyin edilməsindən sonra boş qalan təhsil naziri postuna BDU-nun rektoru Abel Məhərrəmov gətiriləcək. Hətta məlumatlarda qeyd olunurdu ki, Abel Məhərrəmov artıq öz vəzifə səlahiyyətlərini prorektora həvalə edib. Bu həftədən etibarən təhvil-təslim işlərinə başlayıb. Lakin Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova yayılan məlumatları təkzib edib.

Onu da qeyd edək ki, sabiq təhsil naziri Misir Mərdanov da nazir postuna gətirilməzdən öncə BDU-nun rektoru vəzifəsində çalışıb. 1998-ci ildə təhsil naziri təyin olunan M.Mərdanov 2013-cü ildə bu postla vidalaşıb.

Belə iddialar var ki, bu post uğrunda kəskin mübarizə yeni nazirin təyinatını gecikdirir. Başqa bir iddiaya görə isə ölkə başçısı bu posta yaxından tanıdığı, etibar etdiyi şəxsi gətirmək istəyir, buna görə də tələsmir...
“Yeni Müsavat”

Geri qayıt