Əsas Səhifə > Gündəm > Azərbaycanda 9 milyon dolları əlindən alınan iş adamı məhkəmədə

Azərbaycanda 9 milyon dolları əlindən alınan iş adamı məhkəmədə


7-06-2017, 17:50
Azərbaycanda 9 milyon dolları əlindən alınan iş adamı məhkəmədə
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı Zabir Əliyev ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxs onun 6 milyon 900 min dollarını və 2 milyon 122 min dollarlıq qeyri-yaşayış sahəsini ələ keçirib.
Prosesdə çıxış edən C.Canıyevin vəkili Vüqar Babayev Z.Əliyevin zərərçəkmiş kimi tanınmamasını istəyib. Vəkil bildirib ki, Z.Əliyevin bu məsələsi ilə bağlı 2014-cü ildə Baş Prokurorluqda araşdırma aparılıb və faktla bağlı cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilib. V.Babayev bildirib ki, Baş Prokurorluğun həmin qərarı bu gün də qüvvədədir. O, həmin qərarın məhkəməyə gətirilməsini və müdafiə tərəfinin həmin qərar əsasında zərərçəkmişə suallar verməsini istəyib. Vəsatət təmin edilib və iş üzrə növbəti məhkəmə prosesi iyunun 14-nə təyin olunub.
İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Geri qayıt