Əsas Səhifə > Gündəm, Manşet > "Vəli Ələsgərovun böhtanına uğradığım, günahsızlığım aşkar olunduğu üçün..."

"Vəli Ələsgərovun böhtanına uğradığım, günahsızlığım aşkar olunduğu üçün..."


22-07-2016, 08:47
"Vəli Ələsgərovun böhtanına uğradığım, günahsızlığım aşkar olunduğu üçün..."
Naxçıvan şəhər sakini, Təbriz küçəsi ev 1, mənzil 55-də yaşayan Ağasiyev Nizami Rəsul oğlunun Naxçıvan MR-in keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov tərəfindən işgəncəyə məruz qaldığı haqda məlumat vermişdik. “Hürriyyət”in ötən saylarında qeyd etmişdik ki, V.Ələsgərovun nazirliyi dönəmində Naxçıvan MTN-in əməkdaşları tərəfindən həbs olunan N.Ağasıyev İŞİD-ə məlumat ötürməkdə ittiham edilərək, idarədə ağır işgəncələrə məruz qalıb. Son günlər isə məlum olur ki, əslində, Nizami Ağasiyev MTN-ə tamamilə başqa səbəblərdən aparılıb və “İŞİD-lə əməkdaşlıq”da ittiham olunması naməlum bir qadının müraciəti əsasında quraşdırılıb. Bu haqda dünən redaksiyamızın qonağı olan N.Ağasiyevlə söhbətimizdə məlumat əldə etdik.

(Əvvəli ötən sayımızda)

“Vəli Ələsgərov məhkəmədə ağladı ki, mənə yazığınız gəlsin...”

Keçmiş hərbçi onu da dedi ki, V.Ələsgərov məhkəmədə onunla üzləşmə zamanı ağlayıb: “Mən məhkəmədə başıma gətirilən əhvalatları danışdım. Bu zaman Vəli Ələsgərov ağlaya-ağlaya məhkəmənin sədrinə dedi ki, mənim evdə 5 gözləyənim var, göydə Allah var, mənə yazığınız gəlsin. Mən onda sual verdim ki, bəs sənin evində 5 nəfər gözləyənin varsa, mənim evimdəkilər kim idi?! Və yaxud, Əgər sən Allahı tanıyırdınsa, niyə içəridə telefonu uzadıb deyirdin ki, zəng vur, gəlsin görək Allah kişidir, ya arvad? Allahı tanıyırdınsa, niyə məni terror təşkilatı ilə əlaqədə ittiham edirdin?! Hansı ki, əgər mən işgəncələrə dözməyib bunu yazsaydım, həm özüm, həm də tayfam biabır olardı. O, heç nə demirdi, sadəcə başını aşağı salıb susurdu. Danışdıqda isə, çox şeyləri danmağa cəhd edirdi. Ancaq mənim ifadəm faktlara söykənirdi. Hətta onun nə vaxt hansı paltarı geyindiyinə kimi deyirdim ki, mənim üstümə filan formada gəlirdin, filan formada məni döyürdün. Yəni hər şeyi faktlarla deyirdim”.

“Dedim, belə çıxır ki, sənin evinə gəlib-gedən qonaqdan xəbərin olmayıb”

N.Ağasiyevin sözlərinə görə, keçmiş nazir ifadəsində deyib ki, guya MTN-də onun işgəncəyə məruz qalmasından xəbərsiz olub: “Həmin vaxt mən sual verdim ki, sən necə Naxçıvan MR-in milli təhlükəsizlik naziri idin ki, mənim MTN-nin “podval”ında başıma gələn oyunlardan xəbərin olmayıb?! Bu nə dərəcədə inandırıcı şeydir? Hətta belə bir misal da çəkdim ki, elə bir kişi varmı ki, evinə gəlib-gedən qonaqdan xəbəri olmasın? Dedim, belə çıxır ki, sənin evinə gəlib-gedən qonaqdan da xəbərin olmayıb. Başını salırdı aşağı, heç nə demirdi”.

“Səhvim varsa, buna görə cəzamı almağa hazıram”

Nizami Ağasiyev deyir ki, məhkəmə zamanı hakimə müraciət edərək, Vəli Ələsgərova şikayət etdiyi iddia olunan qadının ifadəsinin alınmasını xahiş edib: “Mən məhkəmədə cənab sədrə də müraciət etdim. Dedim, mənim zərrə qədər səhvim varsa, hər kəs bilsin ki, heç kimdən səhvimin bağışlanmasını istəmirəm. Səhvim varsa, buna görə cəzamı almağa hazıram. Əlbəttə, səhvsizlik yalnız Allaha məxsusdur. Amma mənim bu məsələdə hər hansı səhvim varsa, onu bilməliyəm ki, ikinci dəfə elə bir səhv etməyim.
Müraciətimə heç bir cavab verilmədi. Sadəcə olaraq Vəli Ələsgərov yenə dedi ki, mənə bir qadın məlumat vermişdi ki, məni və oğlumu narahat edir. Mən də dedim ki, axı, o qadını və oğlunu çağırın, görək mən kimi narahat etmişəm, qoy burda desin, məhkəmə də qərara gəlib mənim cəzamı versin. Amma bu məsələ açıq qaldı”.

“Guya, mən tərxis olunanda təhvil-təslim etmişəm, 3 min manatlıq kəsirim gəlib”

N.Ağasiyev bildirdi ki, ordudan tərxis olunanda gizir rütbəsi alınıb: “Məni əsgər kimi tərxis etdlər, “xidməti uyğunsuzluq” maddəsi ilə. Əgər əllərində fakt olsaydı, ortada başqa maddələr olardı. Mən tərxis olunandan iki ay sonra, əvvəllər xidmət etdiyim Şahbuzda yerləşən N saylı hərbi hissədən Naxçıvan MR Şəhər Məhkəməsinə yazılı şəkildə müraciət olunub. Həmin sənəddə göstərilir ki, guya, mən tərxis olunanda təhvil-təslim etmişəm, 3 min manatlıq kəsirim gəlib. Amma, faktiki olaraq heç bir təhvil-təslim aktı olmayıb”.

“Ortaya qoysunlar, görək nə vaxt və hansı sənədə imza atmışam”

Keçmiş hərbçi deyir ki, bu səbəbdən də məhkəmədə həmin məbləği ödəməyəcəyini bildirib: “Məni çağırdılar məhkəmyə. Orda dedim ki, mən o pulu vermirəm. Çağırın, məndən təhvil alan şəxs gəlsin, görək mən kimə əmlak təhvil vermişəm. Ortaya qoysunlar, görək nə vaxt və hansı sənədə imza atmışam. Bunları qoysunlar qarşıma, mən artıqlaması ilə ödəyim.
İkincisi, qanuna görə, təhvil aldığım hərbi hissəyə ən azı 3 ay xidmət etdikdən sonra yoxlama gələ bilər. Yəni nəinki təhvil-təslim etmək, hətta yoxlama gəlməsi üçün ən azı 3 ay keçməlidir. Ancaq mən təhvil aldığım müddətdən heç iki ay da keçməmişdi, 1 ay 28 gün idi”.

“3 “lapatka”, bir çömçə, bir də balaca balta...

N.Ağasiyevin dediyinə görə, ordudan tərxis olunan şifahi təhvil-təslim olub: “Mən kağız üzərində yox, şifahi təhvil-təslim etmişəm. Hərbi hissənin qərargah rəisi başda olmaqla, hər kəsin yanında mənim kəsirim 3 “lapatka”, bir çomçə, bir də balaca bir balta olub. Əksik olan bunlardır. O da şifahi şəkildə deyildi ki, bunlar kəsirdir. Lakin bununla bağlı mənim heç bir yerdə imzam yoxdur, heç kəs mənimlə yazılı şəkildə təhvil-təslim aparmayıb. Heç bir təhvil-təslim aktına imza atmamışam, çünki heç bir akt tərtib edilməyib.
Mən məhkəmədə bunları dedim. Bildirdim ki, sənədləri ortaya qoysunlar, deyilən məbləği artıqlaması ilə ödməyə hazıram. Mənə verilən cavab bu oldu ki, biz araşdırmaçı deyilik, icraçıyıq...”

“Dedilər ki, 20 gündən sonra düşəcəklər, ondan sonra təhvil-təslim edərsən”

N.Ağasiyev deyir ki, əskik olduğu iddia edilən əşyaların qiyməti hesablanaraq10 misli dəyərində cərimə yazılıb: “Mənə kəsir gəldiyi deyilən əşya-əmlaka görə, 10 misli dəyərində cərimə kəsilib. Məslən, baltanın dəyəri nə qədərdirsə, onu 10-a vurublar. Eləcə də 3 “lapatka”, bir çömçənin qiyməti müəyyən edilib və 10-a vurulub. Üstəlik, yalan yerə plaş-çadır və kimyəvi paltar da yazılıb. Halbuki mənim üzərimdə heç vaxt kimyəvi paltar olmayıb. Heç bir sənəddə də əks olunmur ki, mən nə vaxtsa kimyəvi paltar təhvil almışam.
Onu da deyim ki, orduda kəsir gələn əşyaların deyil, ancaq silah-sursatın dəyəri 10 misli həcmində hesablana bilər. Hətta texnika sıradan çıxsa belə, dəyən zərər 10 dəfə artıq hesablana bilməz.
Yazıblar ki, 3 ədəd süngü-bıçaq nasaz vəziyyətə düşüb. Birincisi, mən təhvil-təslim aldığım yer dağda olub, hərbi hissənin özündə olmayıb. Yəni mən hərbi hissənin özündə olmuşam, təhvil-təslim aldığım yer dağda olub. Dedilər ki, 20 gündən sonra düşəcəklər, ondan sonra təhvil-təslim edərsən.
Axı, 1 ay 28 günün içində mən o süngü-bıçaqlara nə edə bilərəm ki, onlar yararsız vəziyyətə düşsün?!
Bütün bunlar göstərir ki, iddia olunan 3 min manatlıq kəsir yalan məlumatlar əsasında hesablanıb”.

“Məhkəmə icraçısı pasportumu aldı, dedi ki...”

Nizami Ağasiyev hesab edir ki, hazırda işsiz qalmasına və ailəsinin dağılmasına da onun barəsində rəhbərliyə yalan məlumatlar verilməsi səbəb olub: “Cənab komandanımızı da yalan sözlərlə inandırıblar . Ona görə də mən bu gün işsizəm və ailəmdən uzağam, Naxçıvan şəhərindən çıxıb Bakıya gəlmişəm”.
Onun dediyinə görə, 3 min manatı ödəmədiyi üçün xarici pasportu əlindən alınıb: “Məhkəmə icraçısı pasportumu aldı, dedi ki, pulu nə vaxt ödəsən, pasportunu gəlib o vaxt götürərsən. Sual verdim ki, bəs mən o pulu necə ödəyim, işsizəm, Naxçıvanda iş yoxdur? Dedim, heç olmasa pasportumu qaytar ki, gedim Türkiyədə fəhlə işləyib həmin pulu ödəyim. Dedi, onun mənə dəxli yoxdur, sən 3 min manatı tam ödəyəndən sonra pasportunu verəcəyik, ondan sonra sən Naxçıvanı tərk edəcəksən.
Axı, mən hazırda işsiz olduğum halda o pulu necə ödəyə bilərəm?! İkincisi də, haqsız yerə kəsilən cəriməni mən niyə ödəməliyəm?! Bunun üçün yuxarı orqanlar araşdırma aparsın, əgər aşkar etsələr ki, həqiqətən də kəsir var, mən ödəməyə hazıram”.

“Bir ömür boyu torpağımı, bayrağımı sevmişəm, sevəcəm də”

Nizami Ağasi qarşılaşdığı haqsızlıqlarla bağlı ölkə rəhbərliyinə müraciə etdi: “Mən cənab Ali baş komandana, cənab müdafiə nazirinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbova, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı cənab Kərəm Mustafayevdən artıq dərəcədə xahiş edirəm ki, mənim həqiqətən də Vəli Ələsgərovun böhtanına uğradığım, günahsızlığım aşkar olunduğu üçün, 16 illik də döyüş yolumu, xidmətlərimi nəzərə alıb, məni ordu sıralarına qaytarsınlar. Mən ömrüm boyu nə vətənimə, nə də ailəmə xələl gətirəcək addım atmamışam, atmaram da. Bir ömür boyu torpağımı, bayrağımı sevmişəm, sevəcəm də”.

"Vəli Ələsgərovun böhtanına uğradığım, günahsızlığım aşkar olunduğu üçün..."

Geri qayıt