Əsas Səhifə > Gündəm, Manşet > Kənd təsərrüfatı naziri oliqarx təzyiqləri qarşısında geri çəkilib...

Kənd təsərrüfatı naziri oliqarx təzyiqləri qarşısında geri çəkilib...


25-06-2016, 11:52
Kənd təsərrüfatı naziri oliqarx təzyiqləri qarşısında geri çəkilib...
Kənd Təsərrüfatı Nazirliyindəki kadr islahatlarından dərhal sonra aqrar sahədə baş alıb gedən neqativ proseslərin qarşısının alınmasının vacibliyindən bəhs edərkən Heydər Əsədov bir sıra təxirəsalınmaz və vacib işlərin anonsunu vermişdi. Nazirliyin strukturuna daxil olan dövlət müəssisələrindəki lazımsız büdcə nomenklaturasının fəaliyyətinə yenidən baxılmasının və effektiv idarəetmə mexanizmlərinin formalaşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilmişdi. Belə ki, əvvəlki rəhbərlik dövründə hərraca qoyulmuş dövlət torpaqlarının qaytarılması istiqamətində tədbirlərdən danışan Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müəssisələrə daimi istifadə üçün təhkim olunan dövlət mülkiyyətindəki torpaqların 2606,73 hektarın zəbt olunduğunu və 18438,41 hektar sahənin isə qanunsuz icarəyə verildiyini bildirmişdi. Məlum olmuşdu ki, Ağstafa rayonu ərazisində fəaliyyət göstərən Ağstafa “Dilbaz” Atçılıq DKTİM MMC-yə məxsus 947 hektar torpaq sahəsinin 15 hektarı 2000-ci ildə zəbt olunub, 932 hektarı isə 2011-ci ildə Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq 5 nəfərin icarəsinə verilib. Rayondakı digər dövlət təsərrüfatından da heç nə qalmayıb. Ağstafa rayon atçılıq zavoduna məxsus 600 hektar torpaq sahəsinin 570 hektarı “Ağstafa süd” kompleksinə verilib, 30 hektar isə zəbt olunub. Ağstafa Rayon İcra Hakimiyyətinin qanunsuz sərəncamları M.Mikayılov adına DKTİM MMC-yə məxsus 3465 hektar torpağın 260 hektarı icarəyə verilib. Gundelik-Baku.com olaraq nəzərinizə çatdırmaq istərdik ki, təəssüf, mətbuata açıq olan məlumatlar bu sıra ilə məhdudlaşır. Lakin ölkənin dövlət damazlıq təsərrüfatlarına aid torpaq sahələrinin xeyli hissəsinin hərraca qoyulması barədə hələlik heç bir məlumat verilmir. Ağdamdakı dövlət at zavodu və Şəki rayonundakı “Daşüz” camışçılıq müəssisəsinin nəzdində fəaliyyət göstərən dövlət atçılıq təsərrüfatı da eyni aqibəti yaşayır. Nazirliyin hesabatında bildirilirdi ki, Beyləqan rayonunun ərazisindəki “Dostluq” dövlət damazlıq təsərrüfatının 201 ha torpağında aerodrom tikilir. Bəs, həmin təsərrüfata məxsus yerdə qalan 300 hektar torpaq sahəsinin ayrı-ayrı dövlət məmurları tərəfindən qanunsuz istifadəsinə necə haqq qazandırmaq olar? Onu da əlavə etmək yerinə düşər ki, bir çox damazlıq təsərrüfatlarının torpaqları ilə bərabər həmin təsərrüfatların balansında olan texnika, daşınmaz əmlak və qiymətli cihazlar da "yoxa" çıxıb. Kürdəmirdə yerləşən damazlıq təsərrüfatına məxsus 180 hektar torpaq sahəsi bu gün şəxsi təsərrüfatın əlində "qanuniləşdirilib". Vaxtilə həmin təsərrüfatın hesabında olmuş maşın, ekskovator və traktorların "spisat"ı görəsən kimlərin vicdanına yazılacaq? Şamaxıdakı "Qələbə" qoyunçuluq dövlət damazlıq müəssisəsinin, rayondakı dövlət mülkiyyətində olan 500 hektardan artıq qış otlaq sahələrinin hansı əsaslarla icarəyə verilməsi araşdırılmalıdır. Ölkədəki digər dövlət müəssisələrinin əksəriyyətinin başına gətirilən oyunlar mahiyyətcə oxşardır. Dövlət təsərrüfatlarında dövlətə vurulan maddi ziyanın həcmi isə milyonlarla ölçülür. Maraqlıdır ki, kadr dəyişikliklərindən dərhal sonra Kənd Təsərrüfatı Nazirliyi yaydığı sözügedən hesabatın sonunda bu qanunsuzluqların qarşısının alınması üçün Nazirlər Kabinetinə və məhkəmə orqanlarına müraciət etdiyini bildirmişdi. Çox yaxşı. Bu məsələnin üzərindən artıq xeyli müddət keçib. Heydər Əsədov görəsən nazirliyin tabeliyindəki müəssisələrə məxsus torpaqları hərraca qoyanları məhkəməyə çəkəcəyi və ədaləti bərpa edəcəyi barədə vədlərini yerinə yetirə bilibmi? Gundelik-Baku.com olaraq əldə etdiyimiz son məlumata görə, bu məsələlər hədə də tam həllini tapa bilməyib. Bildirilir ki, Heydər Əsədov bəzi oliqarxlar tərəfindən zəbt olunmuş dövlət torpaqlarının qaytarılması fikrindən geri çəkilmək məcburiyyətində qalıb. Deməli, "itkin" düşmüş dövlət torpaqlarının qaytarılması oliqarxların təzyiqləri qarşısında unudulub. Düşünürük ki, kənd təsərrüfatı naziri bu barədə dövlət rəhbərliyi qarşısında hesabat verməlidir... Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işaqlındarmağa hazırıq.

Geri qayıt