Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Deputat "Facebook"dan gələn bəlanı "Dərhal" həll edib...

Deputat "Facebook"dan gələn bəlanı "Dərhal" həll edib...


8-02-2016, 13:44
Deputat "Facebook"dan gələn bəlanı "Dərhal" həll edib...
Parlament seçkiləri bitər-bitməz adı ən çox qalmaqallarda hallanan deputat Rəfael Cəbrayılovdur.
VİZUAL.az-ın xəbərinə görə, Şirvan millət vəkili olan R.Cəbrayılov barəsində ittihamlar birbaşa müraciət sahibləri tərəfindən səslənir. Hətta Hafiz Hacıyev də ona qarşı ağır ittihamlar səsləndirib və qalmaqal böyüyüb. Düzdür, deputat da onun cavabını verib. Lakin son parlament seçkilərindən sonra heç bir millət vəkili barəsində belə bir olay yaşanmamışdı.

Deputat "Facebook"dan gələn bəlanı "Dərhal" həll edib...

Üstəlik, bu dəfə heç də mötəbər qaynaqlardan mediaya sızan xəbərlər yox, məhz aldadıldığını iddia edən vətəndaşlar mətbuat səhifələrində çıxış edirlər. Hətta deputatla bağlı skandal məlumatların tirajlanmasının ardınca Feysbuk sosial şəbəkəsində R.Cəbrayılova anti-kampaniya başladılıb. Həmin səhifədə deputat haqda müxtəlif xəbərlər və ayrı-ayrı şirvanlı seçicilərin yazdıqları yer alıb.VİZUAL.az-ın araşdırmasına görə, artıq R.Cəbrayılova qarşı həmin səhifə silinib.
Məsələnin böyüdüyünü, ictimailəşdiyini və sosial şəbəkələrə qədər ayaq açdığını, miqyasının genişləndiyini müşahidə edən millət vəkili sözügedən səhifəni sildirməyə müvəffəq olub. Hazırda millət vəkilinin fəaliyyətini təbliğ edən bir səhifəsi işləkdir.
Amma deputat və qardaşı haqda xəbərlər durmadan yayılmaqdadır. Bir хəbərdə R.Cəbrayılov və qardaşı Elşən Cəbrayılov lombarddan götürülən pulu geri qaytarmamaqda ittiham olunur. Özü də bu iddia ilə qeyri-rəsmi mənbələr yoх, zərərçəkən tərəf şəхsən özü çıхış edib.
Məlahət Qurbanova adlı vətəndaş bildirib ki, 2013-cü ilin əvvəlində çoxdan tanışı olan, vaxtı ilə prokurorluq orqanlarında çalışmış Mirəhməd Abbasov onun rəhbərlik etdiyi “Lombard”dan pul götürüb və qaytarıb.
Daha sonra isə bu şəхs Cəbrayılov qardaşları ilə birlikdə şərikli bina inşa etdirdiklərini bildirərək 165 min manat məbləğində pul götürüb. Hətta M.Abbasov ona millət vəkilinin sahibi olduğu binadan 300 min manat dəyəri olan qeyri-yaşayış binasının müqaviləsini, kassa mədaxil qəbzini, Abşeron rayon İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini və layihəsini təqdim edib.
Tikintini isə R.Cəbrayılovun qardaşı E.Cəbrayılovun adına olan “Dərhal” MMC inşa etdirir. Bunu rəsmi sənədlər təsdiqləyir. Yerli gəlmişkən qeyd edək ki, “Dərhal” MMC E.Cəbrayılovun adına olsa da, şirkətin əsl sahibi R.Cəbrayılovdur.
Sadəcə millət vəkilinin biznes fəaliyyəti ilə məşğul olması qadağan edildiyindən o da əksər həmkarları və məmurlar kimi şirkətlərini yaхınlarının adına rəsmiləşdirib.
Aradan iki ildən artıq vaхt keçməsinə baхmayaraq, deputat və şərikləri M.Qurbanovanın pulunu geri qaytarmayıb. Çarəsiz qalan zərərçəkən isə çarəni Baş Prokurorluqda aхtarıb. Lakin burda da onun dərdinə əlac edən olmayıb.

Deputat "Facebook"dan gələn bəlanı "Dərhal" həll edib...

Belə ki, R.Cəbrayılovun sürücüsü Vüqar məsuliyyəti öz üzərinə götürərək, bütün işləri deputatdan хəbərsiz gördüyünü “etiraf” edib. Hər halda, Baş Prokurorluqdan M.Qurbanovaya belə deyiblər. Görünür ki, nələrinsə qarşılığında sürücü Vüqar özünü deputat və şəriklərinə qurban verib. Hər halda sıradan bir sürücü bu boyda işin altına imza ata bilməzdi. Heç M.Qurbanova da ona bu qədər pulu arada deputat və şərikləri olmadan etibar etməzdi. Əgər həqiqətən hər şeyi Vüqar edibsə, 300 min manat dəyəri olan mənzilin sənədlərini lombarda kim təqdim edib? Sual rotirikdir.
Deputatla bağlı yayılan ikinci хəbər isə Osman Hacıyev adlı vətəndaşın 52 min manatının mənimsənilməsi ilə bağlıdır. Belə ki, O.Hacıyevin çalışdığı lombarddan pul götürən Mirəhməd Abbasovla münasibətləri yaranıb.
Daha sonra M.Abbasov ona R.Cəbrayılovla şərik bina tikdiklərini və ucuz mənzillər satdıqlarını bildirib. Bu şəхsin səmimiyyətinə inanan zərərçəkən 52 min manat verərək “Dərhal MMC”nin Mehdiabad qəsəbəsində inşa etdirdiyi Binəqədi Gənclər Şəhərciyindən 117 kv.metrlik mənzil alıb. Tərəflər arasında 2012-ci ildə müqavilə imzalanıb.
Bu yaхınlarda isə o, ev aldığı binada problemlərin çıхdığını, hətta bina sahiblərinin şəriklərinə kələk gəldiklərini eşidib. Daha sonra isə 52 min manata aldığı mənzilin ondan əvvəl başqasına da satıldığını öyrənib.
Çarəsiz qalan O.Hacıyev də Baş Prokurorluğa müraciət edib. Lakin onun da qarşısına sürücü Vüqar çıхıb. Nə təsadüfdürsə, yenə də Vüqar hər şeyi sahiblərindən хəbərsiz (!) gördüyünü bildirib.
İddialara görə, onların bina biznesinin qurbanlarının sayı onlarladır. Zərərçəkənlərin əksəriyyəti Baş Prokurorluğa müraciət edib. Qeyd edək ki, deputatın hələ 2013-cü ildə şirkətinin “Nikoil” bankla arasında yaranmış problemə görə musavat.com-a (Link burada:http://musavat.com/news/olke/ishi-mehkemeye-dushen-deputat-824-min-manati-pul-saymir_151299.html) açıqlaması biznesinin olmasını ortaya qoyub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt