Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Böyük məbləğdə vəsait xərcləmək nəyə lazım idi?"

"Böyük məbləğdə vəsait xərcləmək nəyə lazım idi?"


29-12-2015, 11:53
"Böyük məbləğdə vəsait xərcləmək nəyə lazım idi?"
Bu yaxınlarda redaksiyamıza Türkan qəsəbə sakini Cahangir Məmmədovdan məktub daxil olub.

Məktubda deyilir: “Parlament seçkiləri ərəfəsində “Azərsu” qəsəbəmizə su xəttinin çəkilişinə başladı. Xətt salınan zaman isə qəsəbə yollarının asfaltı dağıdıldı”.

Vətəndaş qeyd edib ki, “Azərsu” rəhbərliyi hər evə su çəkiləcəyini vəd etmişdisə də, sonradan bu vədə əməl olunmayıb: “İşin ancaq bir hissəsi görülüb. Su xəttinin inşası sona qədər çatdırılmayıb”.

C.Məmmədov əlavə edib ki, bu işlər pul mənimsənilməsi məqsədi ilə və başdansovdu görülüb, borular isə partlayaraq qəsəbə yollarını suya qərq edib.

Vətəndaşın sözlərinə görə, qəsəbədə hər həyətdə su quyusu var və sakinlərin bu xəttə ehtiyacı yox idi: “Sual yaranır ki, böyük məbləğdə vəsait xərcləmək və xətt çəkmək nəyə lazım idi? Cavab çox sadədir. Bu, fırıldaqçılara lazım idi ki, su xəttinin inşasından pul mənimsəyə bilsinlər”.

O qeyd edib ki, icra hakimiyyətinin nümayəndələri sakinlərə kanalizasiya xətti çəkməyi vəd ediblər.

“Onlar deyir ki, bu xəttin köməyi qəsəbə yollarına axan suyu çəkəcəyik. Lazımsız su xəttini niyə çəkirdilər ki, sonra suyu çəkmək üçün əlavə kanalizasiya xətti çəkilsin?”, – deyə C.Məmmədov yazır.

Biz Türkan qəsəbəsi bələdiyyə sədrinin müavini Mehman Ağayevdən Cahangir Məmmədovun şikayət məktubunu şərh etməyi xahiş etdik.

“Həqiqətən də, Türkanda hər sakinin həyətində quyu var. Lakin bu, o demək deyil ki, o quyulardan çıxarılan suyu içmək üçün istifadə etmək olar. Buna görə də, orda su xətti çəkmişik”, deyə bələdiyyə sədrinin müavini Qafqaznews.org-un əməkdaşına bildirib.

“Doğrudurmu ki, boru xəttindən su qəsəbə yollarına axıb?” – deyə müxbirimiz soruşub.

“Xeyr. Sadəcə su xəttinin inşasından sonra, onu yoxlamaq qərarına gəldik və su buraxdıq. Bir neçə yerdə boru partladı, amma bu, artıq yoluna qoyulub. Bütün suyu və mayeni təmizləmişik. Bir neçə yerdə asfalt həqiqətən dağılıb. Asfalt örtüyünü bərpa etmək istədik, amma yağışlara görə bu mümkün olmadı”, – deyə Mehman Ağayev cavab verib.

Bələdiyyə sədrinin müavini sözərini belə bitirib: “Nahaq yerə, sizə şikayət ediblər. Su həyatdır!”.

Mehman Ağayevdən fərqli olaraq, Xəzər Rayonu İcra Hakimiyyətinin məsləhətçisi Tural adlı şəxs (təəssüf ki, o, soyadını bildirmədi – red.) etiraf edib ki, Cahangir Məmmədovun məktubunda bəhs olunan problem həqiqətən də mövcuddur.

“Lakin biz bu problemin həlli üçün bütün tədbirləri görəcəyik”, – deyə RİH nümayəndəsi bildirib.

Geri qayıt