Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Yol İnşaatçısı” MMC-nin baş direktoru ittiham olunur...
“Yol İnşaatçısı” MMC-nin baş direktoru ittiham olunur...22-12-2015, 13:20 |
Bu gün ölkə ərazisində mövcud yolların təmir və bərpası, yeni yolların, körpü və tunellərin salınması bir tərəfdən Azərbaycanın iqtisadi inkişafının göstəricisi kimi çıxış edir, eyni zamanda da bu inkişafın hərəkətverici amillərindən biri kimi böyük əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi respublikamızın bütün şəhər və rayonlarında quruculuq və abadlaşdırma işlərinin böyük vüsətlə həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Digər tərəfdən də, ölkə ərazisində yolların əsaslı təmirinə, yeni magistral yolların və yol qovşağlarının salınmasına cəlb olunan şirkətlərin heç də hamısı öhdələrinə düşən vəzifələrin icrasına eyni dərəcədə məsuliyyətlə yanaşmırlar. Biz dərc etdiyimiz materiallarda hər zaman qeyd etmişik ki, bu işlərin həyata keçirilməsində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin məhsuldar fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Lakin ASC-nin sifarişləri əsasında fəaliyyət göstərən şirkələrdən heç də hamısı üçün bu sözləri demək olmur. Bəzi şirkət rəhbərlərinin ümumi nailiyyətlər fonunda öz yarıtmaz fəaliyyətlərini pərdələmək taktikasına daha çox meyilli olmaları diqqəti cəlb edir. Bu idarə rəhbərlərinin işlərində yol verdikləri ciddi nöqsanlar, bəzi hallarda isə hətta kobud qanun pozuntuları isə, əmək kollektivinin haqlı narazılıqlarına səbəb olur. Bu xüsusda bizimdovr.az-a yeni daxil olmuş məlumatlarda “Yol İnşaatçısı” MMC-nin fəaliyyəti də bir çox məqamlarda qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Məlumat üçün bildirək ki, “Yol İnşaatçısı” MMC 04.10.2002-ci ildə yaradılmış və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs kimi fəaliyyət göstərir, xüsusi mülkiyyətdir. “Yol İnşaatçısı” MMC keçmiş Bakı şəhəri baş yol təmir-tikinti trestinin tərkibindəki 3 saylı yol təmir-tikinti idarəsinin bazasında yaradılmışdır. Həmin vaxt 3 saylı YTTİ-nin müdiri vəzifəsində çalışmış Zahid Nuriyev bu gün də MMC-yə rəhbərlik edir. Aldığımız məlumatlarda bildirilir ki, əslində “Yol İnşaatçısı” MMC-nin keyfiyyətli yol çəkmək üçün bütün imkanları var. Belə ki, MMC tələb olunan maşın-mexanizmlərə, qurğu və avadanlıqlara malikdir. Həm də bu maşın və mexanizmlərin böyük əksəriyyəti Almaniya Federativ Respublikasının son illərdəki istehsalıdır. Eyni zamanda da MMC müasir avadanlıqlarla tam təchiz olunmuş laboratoriyaya malikdir. Lakin bu avadanlıqlar vasitəsi ilə müxtəlif növ asfalt-beton qarışıqlarının hazırlanmasında istifadə olunan tərkib materialların və istehsal olunmuş asfaltın keyfiyyəti daimi yoxlanılmalı olsa da, əslində bu analizlər həyata keçirilmir. Və yaxud da əldə olunan nəticələr təhrif olunur. Bunda isə məqsəd müəyyən “qənaətlər” etməklə əlavə gəlir əldə etmək olur. İkinci bir tərəfdən də əldə etdiyimiz məlumatlarda “Yol İnşaatçısı” MMC-nin rəhbəri Zahid Nuriyev tərəfindən şirkətin fəaliyyətində təhlükəsizlik qaydalarına əməl olunması işində ciddi boşluqlara yol verildiyi vurğulanır. Bildirilir ki, bu cəhətdən işçi və fəhlələrin mütəmadi olaraq təlimatlandırılması, iş prosesində təhlükəsizlik tədbirlərinin görülməsi həyata keçirilmir. Bu isə, öz növbəsində müxtəlif bədbəxt hadisələrin, hətta faciələrin yaşanmasına yol açır. Aldığımız məlumata görə, elə bu günlərdə növbəti belə bir hadisə “Yol İnşaatçısı” MMC-nin Nardaran qəsəbəsində apardığı yol çəkilişi işlərinin gedişində baş vermişdir. Məsuliyyətsizlik səbəbindən baş vermiş hadisə nəticəsində fəhlələrdən bir nəfəri dünyasını dəyişmişdir. Mənbə xəbər verir ki, hadisənin baş verməməsi üçün ən elementar təhlükəsizlik tədbirlərinin görülməsi yetərli ola bilərdi. Lakin təəssüflər olsun ki, rəhbərliyin sadəcə qazanc barədə düşündüyü müəssisələrdə bir çox hallarda bu kimi tədbirlərə işi kecikdirən amil kimi baxılır. Bu səhv baxışın nəticəsi isə, göründüyü kimi, çox ağır olur. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |