Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Dəmiryolunda "dəmir kimi" maliyyə fırıldaqları...

Dəmiryolunda "dəmir kimi" maliyyə fırıldaqları...


14-12-2015, 11:25
Dəmiryolunda "dəmir kimi" maliyyə fırıldaqları...
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş mühasibi Rəna Sultanovanın işində yol verdiyi ciddi nöqsanlar, bir sıra üsullardan istifadə edərək yığdığı sərvət, tikdirdiyi milyonluq imarətlər və övladlarının vəhhabilərə qoşulması haqda məlumat vermişdik. Hələlik, QSC rəhbərliyi, eləcə də sanitar xidmətin rəisi Adil Şükürov tərəfindən yazdıqlarımıza heç bir münasibət bildirilməyib. Halbuki, biz həmin məqalələrdə bəzi məsələləri bütün aydınlığı ilə ortalığa qoymuşduq. Yəni cəmiyyətin səlahiyyətli şəxsləri bu istiqamətdə araşdırma apara bilərdilər. Amma aparmadılar, ya da aparmaq istəmədilər. Maraqlıdır, QSC-nin Həkim-Sanitar Xidmətinin baş mühasibinin cəzalandırılması üçün bundan da böyük fakt lazımdır? Hazırda müsəlman ölkələrinin bir neçəsində, o cümlədən Suriyada İŞİD terror təşkilatının üzvləri dəhşətli cinayət əməlləri törədirlər. Açıqlanan məlumatlara görə, Azərbaycandan da Suriyaya müharibəyə gedənlər var. Bəzi mənbələrin bildirdiyinə əsasən baş mühasibin oğlu və qızının Suriyadakı döyüşlərdə iştirak edən bəzi azərbaycanlılarla yaxın əlaqəsi var. Bu barədə bir qədər sonra danışacağıq. Apardığımız araşdırmalar göstərir ki, Rəna Sultanovanın fəaliyyətindəki boşluqlar ötən müddət ərzində Həkim-Sanitar Xidmətinin işinə əhəmiyyətli dərəcədə öz mənfi təsirini göstərib. Belə ki, Hesablama Palatasının auditorları Arif Əsgərov "Azərbaycan Dəmir Yolları" QSC-yə rəhbərlik edərkən Həkim-Sanitar Xidmətində yoxlamalar aparıb və kifayət qədər ciddi maliyyə pozuntuları aşkarlayıblar. Məlum olub ki, təkcə dəmiryolçuların mərkəzi xəstəxanasında bir neçə milyon manata yaxın yeyinti aşkarlanıb. Yayılan məlumatlara görə, QSC-nin tibb xidmətində yoxlama bir neçə ay davam edib və ciddi maliyyə pozuntuları aşkarlanıb. Müəyyən edilib ki, dəmir yolunun gəlirlərinin bir qismi tibb xidməti vasitəsilə havaya sovrulur: "Bu vəsaitlər hesabına cəmiyyətin tibb müəssisələrində guya əsaslı təmir aparılıb və müasir avadanlıqlar alınıb. Bir sözlə, olmayan xidmətlərə, alınmayan mallara görə milyonlar silinib. Məsələn, məlum olub ki, xəstələr üçün alınan çəkələklər hamını şoka salacaq bir qiymətə - 33 manata rəsmiləşdirilib. Hansı ki həmin çəkələklərin bazar qiyməti 1 manatdan çox deyil. Xəstəxanada uşaq şöbəsi olmadığına baxmayaraq, uşaqlar üçün böyük partiyalarla pijamalar alınıb və silinib". Etibarlı mənbələrin bildirdiyinə görə, Arif Əsgərovun zamanında, elə indi də Həkim-Sanitar Xidmətində yaşanan problemlərin, ən əsası da külli miqdarda maliyyə əməliyyatlarının birbaşa iştirakçılarından biri də baş mühasibdir: "Xidmətin maliyyə məsələləri ilə bağlı olan bütün sənədlərinə Rəna xanım qol çəkir. O nəyin nəyə xərcləndiyini hamıdan yaxşı bilir. Baş mühasib çətinə düşsə deyə bilər ki, bu işlərdən xəbərim olmayıb və xidmət rəisi məni buna vadar edib. Amma Rəna Sultanova hər şeyi çox gözəl bilir. Qanunsuz işlərdə iştirakçı olmaq istəmirsə, niyə ərizəsini yazıb vəzifəsindən getmir? Deməli, bu postda qalmaq ona bəzi işlərini rahat şəkildə həyata keçirməyə imkan verir. Baş mühasibin şəxsi maraqlarını fikirləşməsi Həkim-Sanitar Xidmətinin fəaliyyətini tamamilə iflic edib. Yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilmir. Buna görə də dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası lazımi səviyyədə aparılmır. Profilaktik preparatların, dezinfeksiya maddələrinin, fərdi qoruyucu vasitələrin alınması üçün nəzərdə tutulan büdcə vəsaitləri kimlərinsə cibinə axır. Baş mühasib bu və ya digər işlərin sayəsində övladlarına Biləcəridə möhtəşəm villa tikdirib, bahalı maşınlar və obyektlər alıb. Təəssüf ki, bunları araşdıran yoxdur. Araşdırma aparsalar, çox məqamlara aydınlıq gətirilə bilər". İndi isə qayıdaq Rəna Sultanovanın övladlarının vəhhabilərlə əlaqəsi haqda deyilənlərə. Bizə verilən informasiyaya görə, baş mühasibin qızı və oğlu bu cərəyanın ən fəal üzvləri ilə sıx münasibət saxlayır, vəhhabilərə məxsus dini ədəbiyyatlardan geniş istifadə edir və Suriyada döyüşən azərbaycanlılara müxtəlif formada dəstək nümayiş etdirirlər. Bu haqda yaxın günlərdə geniş araşdırma yazısı təqdim edəcəyik. Həmçinin baş mühasibin imzası ilə həyata keçirilən şok maliyyə əməliyyatlarının sənədlərini diqqətinizə çatdırmağa çalışacağıq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt