Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Tovuzda əlillik fiziki göstəricilərə görə müəyyən olunmur...
Tovuzda əlillik fiziki göstəricilərə görə müəyyən olunmur...10-12-2015, 12:23 |
Bölgələrdə fəaliyyət göstərən bir çox Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti bu qurumların xidmətlərinə ehtiyacları olan əlil və xəstə vətəndaşları hələ də son dərəcə narahat edir. Bu vətəndaşların kütləvi informasiya vasitələrinə ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. O cümlədən bu günlərdə bizimdovr.az-a daxil olan şikayət məktublarında, fəaliyyətində daha çox neqativ halların müşahidə olunduğu bu tip müəssisələrdən biri kimi də məhz 28 saylı Tovuz ryon Tibbi Sosial Ekspertiza Komissiyası (TSEK) təqdim olunur. Qeyd edək ki, mətbuat səhifələrində 28 saylı TSEK-in sədri Arif Səmədovun bir çox qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar dəfələrlə dərc olunub. Buna baxmayaraq nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyalı qurumlar tərəfindən bu islaholunmaz kadrın əməllərinə son qoyulması istiqamətində hələ də heç bir tədbir görülməmişdir. Qeyd edək ki, Arif Səmədov əvvəllər 28 saylı TSEK-də komissiya üzvü kimi çalışıb. Əldə etdiyimiz məlumatlara görə, bir müddət işləyib “təcrübə” topladıqdan sonra, Arif Səmədov qurumun keçmiş rəhbəri Nəzakət xanım barəsində yuxarı instansiyalara davamlı olaraq kompramat xarakterli məlumatlar ötürməklə, onun vəzifədən alınmasına nail olub. Bundan sonra da himayədarlarının köməyilə özü bu vəzifəyə təyinat alıb. Mənbə bildirir ki, Arif Səmədovu himayə edən şəxs Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadədir. Bu himayənin səbəbi isə, Arif Səmədovun Xidmət rəisinin müavini Anar Quliyevlə olan yaxın qohumluq əlaqələridir. Öz növbəsində bu əlaqələr də Arif Səmədovun, Anar Quliyevin və Tovuz Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Paşa Muradovun şərikli sahib olduqları biznes fəaliyyətləri ilə möhkəmləndirilib. Bu arada isə, bizimdovr.az-a daxil olan məlumatlarda 28 saylı TSEK-in fəaliyyəti barədə bir sıra maraqlı məqamlar öz əksini tapır. Bildirilir ki, bu müəssisədə əlillik dərəcələrinin müəyyənləşdirilməsi işində çox ciddi nöqsanlar var və elə bunun nəticəsidir ki, saxta əlillik dərəcəsi alan vətəndaşların sayı durmadan artır: “28 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşlara əsassız olaraq əlillik dərəcələrinin verilməsinə dair konkret faktlar mövcuddur. Ümumiyyətlə, Tovuz TSEK-in yarıtmaz fəaliyyəti rayon camaatını cana gətirib. Bir də görürsən ki, TSEK-in işçiləri əmək qabiliyyətini itirən şəxs barəsində əlillik dərəcəsini təyin etməkdən boyun qaçırırlar. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Artıq rayonda hamı bilir ki, əlillik dərəcəsi və pensiya almaq üçün hökmən pul verməlisən. Əlillik dərəcələrinin verilməsi üçün külli miqdarda rüşvət tələb olunur. Belə ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1000 manat, II qrup üçün 600-700 manat, III qrup üçün isə 400 manat rüşvət verməlisən. Nəzərə alın ki, bu “rüsumlar” həqiqi əlilliyi olanlar üçündür. Pulu olmayan fiziki qüsurlu şəxslərin əlillik dərəcəsinin verilməsi prosesi həyata keçirilmir. Bundan başqa, gün ərzində təkrar komissiyalara müraciət edən xəstələrin hər birindən azı 80-100 manat rüşvət alınır. Nəzərə alsaq ki, Tovuz 28 saylı TSEK-ə gün ərzində 100-150 nəfər xəstə müraciət edir, onda baş həkim Arif Səmədovun yığdığı aylıq rüşvətin həcmini hesablamaq çətin deyil”. Yeri gəlmişkən, açıqlamalarda belə bir maraqlı məqam da öz əksini tapıb ki, “Azercell”in Tovuz rayonunda fəaliyyət göstərən şöbəsi məhz Arif Səmədova məxsus olan binada icarə əsasında yerləşir. Həmçinin mənbə Tovuzun ən məşhur istirahət məkanlarından biri olan “Həyat” şadlıq evinin də məhz bu məmura məxsus olduğu vurğulayır... Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |