Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Avtonəqliyyat Gömrük İdarəsində qanunlar necə tapdanır...
Avtonəqliyyat Gömrük İdarəsində qanunlar necə tapdanır...27-11-2015, 14:08 |
Məlum olduğu kimi, bu gün Azərbaycana avtomobil idxalı “bir pəncərə” prinsipi əsasında həyata keçirilir. Bu prosedur eyni zamanda həm gömrük sənədləşdirilməsini, həm də dövlət qeydiyyatının aparılmasını nəzərdə tutur. Bununla belə ölkə mətbuatına, o cümlədən bizimdovr.az-a daxil olan məlumatlarda vətəndaşlar Avtonəqliyyat Gömrük İdarəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürməkdədirlər. Etiraf etmək lazımdır ki, son vaxtlar ümumiyyətlə ölkənin gömrük orqanlarının işindən şikayət edənlərin sayı xeyli artıb. Avtonəqliyyat Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki İsmayıl Hüseynovla bağlı şikayətlər isə, xüsusilə çox olmaları ilə diqqəti cəlb edirlər. Bu xüsusda mətbuata verilən açıqlamalarda bildirilir ki, ölkəyə xaricdən avtomobil idxal edən şəxslər heç bir səbəb olmadan Avtonəqliyyat Gömrük İdarəsinin əməkdaşları tərəfindən incidilir, qeyri-rəsmi rüsumların yığılmasına şərait yaradılır və digər qanun pozuntularına yol verilir. Məlumatı təqdim edən mənbələrdən biri deüyir: “Xaricdən avtomobil gətirən vətəndaşlar gömrükdə aldıqları maşının ikiqat dəyərində “rüsum” ödəyirlər. İşlənmiş maşın alanda sənəd işləri daha çox olduğundan, gömrükdə daha çox pul alırlar, insanları haqsız yerə yorurlar. Onlar da məsələ tez bitsin deyə məcburiyyətdən birdəfəlik pulu verib qurtarırlar. Avtonəqliyyat Gömrük İdarəsində həqiqətən də, acınacaqlı durum yaşanır. Xaricdən gətirilən avtomobillərə görə tələb olunan “rüsum”ların həcmi bəzən o qədər böyük olur ki, maşınalıcıya dəyərinin ikiqat qiymətinə başa gəlir. İdarədə hara ayaq basırsansa, səndən pul tələb edirlər. Məsələn, bura girən kimi maşının sahibindən 20 manat alınır. Daha sonra isə, sığorta və digər əməliyyatlar həyata keçirilir. Buna görə də vətəndaşlardan əlavə olaraq 100 manat ödəmələri tələb olunur. Həmin məbləği ödəməkdən imtina edənlərin işi əməlli-başlı düyünə düşür...” Qeyd edək ki, qanunlara əsasən ölkəyə gətirilən avtomobillərə görə vergilər və gömrük rüsumları, ölkədə ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli 80 saylı qərarı ilə tənzimlənir. Həmin qərara əsasən, ölkəyə gətirilən avtomobillərə görə aksiz vergisi, əlavə dəyər vergisi və idxal rüsumu tutulur. Lakin Avtonəqliyyat Gömrük İdarəsinin rəhbərliyi Nazirlər Kabinetinin bu qərarına qətiyyən məhəl qoymur və idarədə özünəməxsus qaydalar tətbiq edilir. Bu isə, ölkəyə avtomobil idxal edən vətəndaşlar üçün ciddi problemlər yaradır. Təəssüf ki, “bir pəncərə” sisteminin tətbiqi də bu sahədə şəffaflığı təmin edə bilməyib. Dövlət qeydiyyatının, uçotun aparılması, dövlət qeydiyyatı haqqında şəhadətnamənin və dövlət nişanının verilməsinin, eləcə də digər prosedurların aparılması zamanı hələ də ciddi nöqsanlara yol verilir. Deyilənə görə, il ərzində sözügedən idarədə qeyri-rəsmi ödənişlər hesabına milyonlarla vəsait yığılır. Lakin həmin vəsaitlərin məhz hansı hissəsinin dövlətin büdcəsinə keçirilməsi sual altındadır. Bu arada isə, ölkə mətbuatında yayımlanan məlumatlarda, son bir neçə ildə Avtonəqliyyat Gömrük İdarəsinə rəhbərlik edən İsmayıl Hüseynovun bu müddət ərzində öz şəxsi sərvətini astronomik həddə çatdırdığı da vurğulanır: “İsmayıl Hüseynovun var-dövlətinin, mülklərinin sayı-hesabı yoxdur. Rəisin Bakıda bir neçə avtomobil salonu var. Özü isə, bahalı maşın həvəskarıdır. Gündə bir maşın sürür. İdarə rəhbərinə məxsus salonlarda Almaniya və Gürcüstandan gətirilmiş maşınların satışı təşkil olunur...” Qarşı tərəfin də mövqeyini dərc edə bilərik. Geri qayıt |