Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bakıda vaxtı keçmiş dərman qalmaqalı...
Bakıda vaxtı keçmiş dərman qalmaqalı...19-11-2015, 12:39 |
Qafqaznews.az saytı olaraq keçirdiyimiz reydlər zamanı Bakıda bir neçə aptekdə reseptsiz, dövlət tərəfindən satışı qadağan olunmuş psixotrop dərmanların satışı aşkar olundu və əməkdaşlarımız tərəfindən fakt olaraq lentə alındı. Belə aptekləridən biri Nərimanov rayonu ərazisində Azadlıq prospekti 235 C ünvanında yerləşən “Elnur” aptekidir ki, burada dövlət tərəfindən qadağan olunmuş Lyrica , Tramadol, Tropin, Contramal kimi psixotrop dərmanları satılır. Məqalə dərc olunandan sonra apteklə əlaqə saxladıq və özünü aptekin direktoru kimi təqdim edən Kamil ( soyadını demədi ) qafqaznews.org-a bildirdi ki, 15 okytabrda onu 19-cu PB-ə dəvət ediblər: “ Məndən Qafqaznews.az-ın yazdıqları ilə bağlı izahat tələb etdilər”. …Sonrakı araşdırmalarımız zamanı bəlli oldu ki, “Elnur aptek”lər şəbəkəsinin sahibi olan Elnur təkcə psixotrop dərmanların deyil, həm də saxta dərmanların satışı üzrə Azərbaycanda ad çıxardıb. Belə ki apardığımız araşdırma nəticəsində dəqiq müəyyən edə bildik ki, Elnur hələ 2002-ci ildə daha dəhşətli əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilib. Həmin il Elnurun rəhbərlik etdiyi aptek müdirlərindən və mətbəə işçilərindən ibarət böyük bir dəstə həbs olunaraq “Bayıl türməsi”nə göndəriliblər. İttiham aktında dəstənin başçısı Elnur və Ümid saxta dərmanların topdan satışını təşkil edən şəxslər kimi qeyd olunur. Həmin dəstə üzvləri sırasında şamaxılı Qail, beyləqanlı Eyvaz və başqaları da vardı. Qısaca bildirək ki, bu cinayətkar dəstə vaxtı keçmiş dərmanları əhaliyə satmaq üçün mətbəələrdə saxta içlik və üzərində saxta tarix olan qutulara doldururdular. Yəni əhalinin sağlamlığına dəhşətli zərbə vururdular. Bir ildən çox Bayıl həbsxanasında həm istintaq dövrünü, həm də məhkəmə istintaqını yola verdikdən sonra, “möcüzə” nəticəsində Elnur ən yüngül cəza ilə canını qurtara bildi. Dəstənin digər üzvləri isə “zon”lara göndərildi. Sözügedən cinayət işində o qədər iyrənciklər vardı ki, hətta cinayətkar aləmin nümayəndələri belə Elnur və onun dəstəsinin törətdiyi əməllərdən dəhşətə gəlmişdi. Cinayətkar aləmin bir neçə “oğru”su onlardan ciddi sorğu-sual olunması üçün “zon”lara xəbər də göndərmişdi. Görünür, vaxtında layiqli cəza almadığına görə, Elnur köhnə vərdişlərindən əl çəkə bilmir və hazırda psixotrop maddələrin satışına rəhbərlik edir. Növbəti yazıda Elnurun 2002-ci ildəki ittiham aktındakı daha vacib detallara toxunacağıq. Bizi izləyin. Geri qayıt |