Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bu rayonda təhsilin halına doğrudan da gülmək lazımdır...
Bu rayonda təhsilin halına doğrudan da gülmək lazımdır...18-11-2015, 13:09 |
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda Kəlbəcər rayon 84 saylı orta məktəbin fəaliyyətində müşahidə olunan çoxsaylı neqativ hallar barədə açıqlamalar təqdim edilir. İlk növbədə qeyd edək ki, bu orta təhsil müəssisəsi hazırda Bakının Zabrat I qəsəbəsində, Zəngilan rayon 36 saylı orta məktəblə eyni binada fəaliyyət göstərir. Həm də bu məqamın özünün də müəyyən diqqətəlayiq cəhətləri mövcuddur. Bundan başqa isə, məlumatı təqdim edən mənbə eyni binada yerləşən bu iki məktəbin fəaliyyətlərində də, daha dəqiq desək, onların fəaliyyətlərində müşahidə olunan nöqsanlarda da bir çox oxşarlıqların olduğunu iddia edir.Lakin bizim bugünkü söhbətimiz yalnız Kəlbəcər rayon 84 saylı orta məktəbin fəaliyyəti xüsusunda olacaq. Beləliklə, əldə etdiyimiz məlumatda ilk növbədə vurğulanan məqam bu təhsil müəssisəsində dərslərə davamiyyətin son dərəcə aşağı səviyyədə olması ilə bağlıdır. Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün bir çox orta məktəblərdə yaşanan bu problemin kökündə əsasən yuxarı sinif şagirdlərinin ali məktəbə hazırlıq kurslarına, repetitor məşğələlərinə getmələri durur. Məlumdur ki, paralel olaraq həm məktəb dərslərində, həm də hazırlıq kurslarında şagirdin iştirakı bir çox hallarda qeyri-mümkün olur. Məhz elə bu məsələnin həlli üçün də, bu gün bir çox məktəb direktorları tərəfindən müxtəlif variantlar təklif edilir. Məsələn, bəzi məktəb direktorları hazırlıq kurslarının birbaşa öz məktəblərində təşkil edilməsi üçün müəllimlərə müvafiq göstəriş verirlər. Bu zaman, şagirdlər məşğələlərdə iştirak edirlərsə də, onların adları qarşısında sinif jurnallarında qaib qeyd olunmur. Təbii ki, bu halda şagirdlərin fənn qiymətləndirilmələrində də onların əlavə hazırlıq məşğələləri üçün ödədikləri məbləğ nəzərə alınır. Həm də bu variantda məktəb direktoru bilavasitə şagirdlərlə (və ya onların valideynlərilə) deyil, müəllimlərlə təmasda olur. Yəni direktor öz “haqqını” müəllimlərdən alır. Lakin belə bir şəraitin yaradılması heç də bütün məktəblərdə mümkün deyil. Deməli, repetitor yanına gedən şagird məktəb dərslərindən qalmalı olacaq. Bu isə, qaiblər və sonradan bu əsasda yaranacaq problemlər deməkdir. Bunun baş verməməsi üçün də bəzi məktəb direktorları valideynlərə ikinci bir variantı təklif edirlər. Aldığımız məlumata görə, məhz Kəlbəcər rayon 84 saylı orta məktəbin direktoru Zülfüqar Səlimovun da üstünlük verdiyi bu üsul bir qədər primitiv olsa da, daha əlçatandır. Belə ki, bu variantda məktəbin şagirdləri sadəcə olaraq müəyyən məbləğdə ödəmələr müqabilində “aylığa” buraxılırlar. Artıq bundan sonra onların ali məktəbə harada və necə hazırlaşacaqları isə, valideynlərin öz problemləridir. Bu xüsusda mənbə bildirir ki, Zülfüqar Səlimovun rəhbərlik etdiyi məktəbdə bir aylıq “şagird məzuniyyəti”nin qiyməti 100 manatdır. Əlbəttə, bu üsulun bir çox mənfi cəhətləri, hətta riskləri də yox deyil. Ən azından, “aylığa” buraxılan şagirdlərdən kimsə sinif jurnalındakı qeydə görə “dərsdə olduğu zaman” hər hansı bir hadisə törətmiş olarsa, yaxud da həmin bu şagirdin özü ilə bağlı xoşagəlməz bir durum yaşanarsa, bu zaman təbii ki, onun oxuduğu məktəbin rəhbərliyinin də ciddi problemləri ola bilər. Məkz buna görə də, heç də bütün məktəb direktorları “aylıq” məsələsini birmənalı qəbul etmirlər. Amma görünür, Zülfüqar Səlimovun bu məqama münasibəti tam fərqlidir. Məhz elə bu səbəbdən də, bu gün hazırlıq kurslarlna getmək qərarını vermiş yuxarı sinif şagirdləri bir çox digər məktəblərdən məhz 84 saylı orta məktəbə “transfer” olunurlar. Təbii ki, bu halın yaşanmasında Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürovanın da xüsusi rolu olmamış deyil. Xatırladaq ki, bu gün Kəlbəcər RTŞ Gəncə şəhərində yerləşməklə öz fəaliyyətini davam etdirir. Mənbə iddia edir ki, məhz RTŞ müdiri Zülfüqar Səlimov kimi məktəb direktorlarını himayə etməklə, rayonun bir çox orta təhsil müəssisələrində müxtəlif özbaşınalıqların törədilməsinə şərait yaradır. Elə 84 saylı məktəbdə baş verən qanunsuzluqlar da təkcə dərslərə davamiyyət məsələsilə bitmir. Məsələn, aldığımız məlumatda vurğulanır ki, bu gün rəsmi sənədlərə görə bu məktəbdə guya ki, bir neçə dərnək fəaliyyət göstərir. Təbii ki, həmin dərnəklərin fəaliyyəti üçün də dövlət tərəfindən müəyyən maliyyə vəsaitləri ayrılır. Amma məsələ bundadır ki, 84 saylı məktəbin məhz Zəngilan rayon 36 saylı orta məktəblə eyni binada yerləşməsi səbəbindən, bu dərnəklərin fəaliyyət göstərmələri sadəcə olaraq zaman və məkan məhdudiyyətləri nədənilə mümkün deyil. Buna baxmayaraq, həmin dərnəklərin fəaliyyətləri barədə mütəmadi olaraq saxta hesabatlar tərtib olunur və bu əsasla ayrılan dövlət vəsaitləri də Zülfüqar Səlimov tərəfindən mənimsənilir. Təbii ki, Elmira Şükürova ilə bölüşmək şərtilə... Materialda adı keçən bütün tərəflərin mövqeyini işıqlandıra bilərik. Geri qayıt |