Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ziya Məmmədov "Azəryolservis"ə nəzarəti də əldən verə bilər...
Ziya Məmmədov "Azəryolservis"ə nəzarəti də əldən verə bilər...6-11-2015, 12:11 |
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısı yanında etimadını itirib. Bu həqiqət artıq neçənci dəfədir ki, özünü göstərir, dövlət başçısı respublika əhəmiyyətli yolların və yol infrastrukturlarının açılışlarına Ziya Məmmədovsuz qatılır. Halbuki, biz əvvəllər bunun əksini görürdük, bu kimi tədbirlərdə əsas rol və funksiya məhz Ziya Məmmədovda olurdu. İki gün öncə Azərbaycan Prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib və bu tədbirdə də Ziya Məmmədov gözə dəyməyib. Bu isə artıq ciddi mətləblərdən xəbər verir, bu Ziya Məmmədov üçün sonun başlanğıcı anlamına gələ bilər. Xatırladaq ki, son aylar ərzində Ziya Məmmədovsuz baş tutan bir neçə yol açılışı reallaşıb. Məsələn, prezident İlham Əliyev Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində qırmızı lenti kəsərkən də Ziya Məmmədov orada yox idi. Həmin vaxt açılışa “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov qatılmışdı. Bu qəbildən olan ikinci fakt isə oktyabrın 6-da yaşanmışdı. Həmin vaxt prezident İlham Əliyev yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında iştirak edirdi və yenə Ziya Məmmədovsuz. Bu tədbirdə isə prezidentə görülən işlərlə bağlı məruzəni “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov edirdi. Həmin vaxt Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov mətbuata açıqlamasında bildirmişdi ki, Ziya Məmmədov növbəti əmək məzuniyyətində olduğundan sözügedən açılış mərasimlərinə qatılmayıb və burada qəribəlik axtarmağa dəyməz. Heç həmin vaxt da Nəqliyyat Nazirliyinin sözçüsünün bu açıqlamasının səmimiliyinə inanlar az idi. Dünən baş verən olay isə Nəqliyyat Nazirliyi sözçüsünün sadəcə olaraq vəziyyətdən çıxmaq üçün yalan danışdığını ortaya qoydu. Yaxşı, həmin açılışlar zamanı Ziya Məmmədov əmək məzuniyyətində idi və bu səbəbdən də sözügedən tədbirlərdə işçtirak etməyib. Bəs iki gün öncə Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında Ziya Məmmədov niyə yox idi. Axı, nazirin əmək məzuniyyəti çoxdan yekunlaşıb və o hazırda iş başındadır. Göründüyü kimi, artıq Ziya Məmmədov hətta birbaşa səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı da dövlət əhəmiyyətli tədbirlərdən uzaq tutulur ki, bu da onun etimadını tam olaraq itirməsi anlamına gəlməlidir. Qeyd edək ki, bir qayda olaraq yol açılışlarında hər zaman Ziya Məmmədov iştirak edib. Son vaxtlar hakimiyyət tərəfindən Məmmədovlara qarşı olan etimadsızlıq artıq özünü aşkar şəkildə göstərməkdədir. Bir məqamı da xatırladaq ki, bir müddət öncə Bakıda qolf meydançasının açılışına Qolf Federasiyasının prezidenti, Z. Məmmədovun oğlu Anar Məmmədov da çağırılmamışdı. Sizcə Məmmədovlara qarşı bu cür münasibət səbəbsizdirmi? Yaxud, bütün baş verənləri xoşagəlməz təsadüf adlandırmaq olarmı? Təbii ki, yox. Qeyd edək ki, Nəqliyyat Nazirliyi dövlət büdcəsindən ən çox pay alan strukturdur. Bunun qarşılığında isə bu qurumun gördüyü işlər daha yarıtmaz və keyfiyyətsizdir. Ölkə boyu çəkilən yolların, dəmir yol xətlərinin durumu buna əyani sübutdur. İnsanların ən çox şikayət etdiyi problemlərdən biri də yolların yöndəmsiz inşa olunması, qısa müddətdə sıradan çıxması ilə bağlıdır. Təbii ki, gözgörəsi şəkildə həyata keçirilən bu korrupsiya əməliyyatlarının bir sonu olmalıydı. Bununla bağlı "Unikal” qəzetini məlumatlandıran hökumət içindəki mənbə iddia edir ki, artıq nəqliyyat naziri Ziya Məmmədovun "yol korrupsiyası”nın ciddi şəkildə təftişinə başlanılıb. Daha dəqiqi, bu yöndə aparılan araşdırmalar öz nəticəsini verib və yaxın günlərdə Nəqliyyat nazirliyi sektorunda ciddi struktur islahatlarına şahidlik edəcəyik. Mənbəmizin bildirdiyinə görə, yol çəkilişləri faktiki surətdə Nəqliyyat Nazirliyindən alınır: "Ölkə rəhbərliyi son bir neçə ayda Ziya Məmmədovun gördüyü işlərlə bağlı fərqli mənbələrdən məlumatlar toplayıb və nəqliyyat nazirinin birbaşa rəhbərliyi ilə ciddi maxinasiyalara yol verildiyi faktlarla təsdiqlənib. Bəlli olub ki, nazirlik xüsusi ilə bölgələrdə yol çəkilişləri zamanı kağız üzərində nəzərdə tutulan vəsaitin təxminən 70 faizini mənimsəyir”. Burada bir məqamı da qeyd edək ki, bu ilin may ayında Hesablama Palatası NN-in yol verdiyi korrupsiya faktları barədə açıqlama vermişdi. Qurumun auditi zamanı bir sıra avtomobil yollarının üzərində tikilən körpülərin tikintisində ciddi qanun pozuntuları aşkarlanmışdı. Bu və digər faktlar isə nəqliyyat Nazirliyində ciddi struktur dəyişikliyinə gedilməsinə və qurumun səlahiyyətlərinin minimuma endirilməsi tədbirlərinin reallaşmasına yol açıb. Məlum olduğu kimi, bu günə qədər Nəqaliyyat Nazirliyinin çoxsaylı səlahiyyətləri “ASAN” xidmət və digər dövlət qurumlarına verilib. Nəqliyyat Nazirliyi isə faktiki olaraq səlahiyyətsiz bir struktura çevrilib. “Unikal” qəzetinə daxil olan məlumatda bildirilir ki, hazırda Ziya Məmmədova sonuncu zərbənin vurulması planlaşdırılır. Belə ki, yaxın günlərdə “Azəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxardılaraq müstəqil qurum kimi formalaşdırılması prosesinə şahidlik edəcəyik. Bu isə Ziya Məmmədov üçün “əcəl zəngi” anlamına gələ bilər. Geri qayıt |