Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Oqtay Şirəliyev üçün Gəncənin yolları bağlıdırmı?

Oqtay Şirəliyev üçün Gəncənin yolları bağlıdırmı?


11-09-2015, 11:39
Oqtay Şirəliyev üçün Gəncənin yolları bağlıdırmı?
Hərdən bəzi həmkarlarımız bizə irad tuturlar ki, eyni bir mövzunu dəfələrlə işləyib, bəzən təkrarçılığa da yol veririk. Əlbəttə, belə halların baş verdiyini inkar edə bilmərik. Amma bu da var ki, bizə irad tutanlar özləri də alternativ bir variant təklif edə bilmirlər. Təsəvvür edin ki, hər hansı bir müəssisənin fəaliyyətinə dair redaksiyamıza şikayət məktubları daxil olur. Məlumatları araşdırıb, işləyib tənqidi material dərc edirik. Bundan sonra əgər bir nəticə hasil olursa, nöqsanlar aradan qaldırılırsa, çox əcəb. Bəs əgər nəticə olmursa? Əgər həmin müəssisədə eyni hal davam edirsə və aidiyyatı olan qurumlar da bu istiqamətdə heç bir tədbir görmək istəmirlərsə? Biz də üzümüzü çevirib, hələ işlənməmiş başqa bir mövzuya əl atmalıyıq? Bəs onda bizə ümidlə müraciət etmiş insanların problemlərinin həlli ilə kim maraqlanacaq? Deyəsən, ardıcıl çox sual verdim. Amma başqa cür də mümkün deyil. Bu və ya digər problemə səlahiyyətli instansiyaların diqqətini cəlb etmək üçün bəzən aylarla eyni mövzuda yazmaq lazım gəlir. Elə bu gün Gəncə şəhər Psixonevroloji Dispanserində yaşanan problemlər də məhz bu qəbildəndir. Artıq neçə müddətdir ki, biz bütün cəhdlərimizə baxmayaraq, nə Gəncə şəhər Səhiyyə İdarəsinin, nə də ölkənin Səhiyyə Nazirliyinin diqqətini bu tibb müəssisəsində baş verənlərə yönəldə bilmirik. Halbuki, aldığımız çoxsaylı məlumatlarda məhz bu dispanser Gəncə səhiyyəsinin ən problemli müəssisələrindən biri kimi təqdim olunmaqdadır. Redaksiyamıza daxil olan məlumatlarda dispanserin baş həkimi Yaşar Əliyevin öz fəaliyyətində vəzifəsindən sui-istifadə, rüşvətxorluq və digər ciddi qanun pozuntularına yol verdiyi bildirirlir. İddia olunur ki, şəhərdə formalaşmış ümumi ictimai rəyə görə məhz Y.Əliyevin yarıtmaz fəaliyyəti nəticəsində bu gün Gəncə şəhər Psixonevroloji Dispanserində vəziyyət son dərəcə acınacaqlı bir duruma gəlmişdir. Açıqlamalara görə, dispanserdə müalicə olunan xəstələr müəssisə rəhbərliyi tərəfindən dözülməz haqsızlıqlara məruz qalırlar. Belə ki, dispanserdə müalicə alan xəstələr bəzi hallarda ayrı-ayrı işlərə cəlb olunurlar. Baş həkim onların əməyindən dispanserin həyatyanı sahəsinin təmizlənməsində və müəyyən tikinti işlərində istifadə edir. Bu isə məlum olduğu kimi psixo-nevroloji xəstələrin istismarı kimi xarakterizə olunan yolverilməz haldır. Digər tərəfdən də məlumatlarda vurğulanır ki, Gəncə şəhər Psixonevroloji Dispanserində heç bir xəstənin pulsuz müalicə və müayinə olunmaq şansı yoxdur. Həkimlər isə Yaşar Əliyevin tapşırığı əsasında müalicənin müddətini uzatmağa çalışırlar. Həmçinin daxil olan məlumatlarda, dispander rəhbərliyinin buraya Səhiyyə Nazirliyi tərəfindən ayrılan dərman preparatları ilə də müəyyən maxinasiyalar törətdiyi bildirilir. Vurğulanır ki, dispanserdə əsəb xəstəliyindən əziyyət çəkən xəstələrə dərmanlar ikiqat bahasına satılır. Belə ki, müalicə alan xəstələrə pulsuz verilməli olan dərmanlar Gəncə şəhərində və qonşu rayonların müxtəlif ərazilərində fəaliyyət göstərən apteklərə satılır, elə bu səbəbdən də xəstələr zəruri dərman preparatlarını baha qiymətə həmin apteklərdən almağa məcbur olurlar. Bir çox mənbələr isə, həmin apteklərdən də bəzilərinin elə baş həkimin özünə aid olduğunu iddia edirlər. Bundan başqa mənbələr bildirirlər ki, məhz Gəncə şəhər Psixonevroloji Dispanserində müəyyən məbləğdə rüşvət verməkdən imtina etməyən şəxslər hətta müayinə olunmadan belə tələb olunan arayışı ala bilərlər. Təəssüflər olsun ki, bütün bu məlumatlar dəfələrlə dərc etdiyimiz materiallarda öz əksini tapsa da, irəli sürülən ittihamlara səlahiyyətli qurumlardan heç biri hələ də münasibət bildirməyib. Yuxarı instansiyaların bu etinasızlığı isə, təbii ki, Yaşar Əliyevi də öz qanunsuz əməllərinə davam etməyə sövq edir.

Geri qayıt