Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Niyə Masallıda xəstələnənlər Bakı yolunu tuturlar?..
Niyə Masallıda xəstələnənlər Bakı yolunu tuturlar?..21-08-2015, 14:57 |
Artıq uzun müddətri ki redaksiyamıza ardıcıl daxil olan məlumatlarda Masallı rayonunda səhiyyə sisteminin ağır durumda olmasına dair açıqlamalar təqdim edilir. Belə vəziyyətin yaranmasını isə şikayətçilər birbaşa RMX-nın baş həkimi Cəlil Nəzərovun fəaliyyəti ilə bağlayırlar. Məsələn, rayon sakinlərindən aldığımız şikayət məktublarında bildirilir ki, rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər olduğu göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Məlumatlarda qeyd olunur ki, Masallı rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Halbuki, Masallı rayonuna bu ehtiyaclar üçün dövlət tərəfindən ayrılan illik vəcaitin məbləği 500 min manatdır. Bunun müqabilində isə əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Məlum olduğu kimi, hazırda rayonun səhiyyə şəbəkəsinə RMX, 2 kənd sahə xəstəxanası, 1 Ağciyər Xəstəlikləri Xəstəxanası, 30 kənd həkim məntəqəsi, 28 tibb məntəqəsi daxildir. Rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə, terapiya, doğum mama ginekoloji, uşaq, yoluxucu və reanimasiya şöbələri fəaliyyət göstərir. Masallı sakinlərindən aldığımız məktublardan birində deyilir: “Cəlil həkimin başçılığı altında bu gün rayonumuzun səhiyyə sistemi əməlli-başlı çöküb. Vəziyyət hətta o yerə çatıb ki, rayonumuzda bəzi tibb müəssisələrində bu sahəyə heç bir aidiyyatı olmayan şəxslər ağalıq edirlər. Mən özüm dəfələrlə şahidi olmuşam ki, Cəlil Nəzərov rayonda olmadığı vaxtlarda xəstəxananın möhürü, tibbi komissiyanın blankları və digər rəsmi sənədlər baş həkimin müavinlərinin deyil, digər mülki vətəndaşların sərəncamında olur. Həmin şəxslər isə bu zaman əsil dəllal rolunda çıxış edirlər. Həkim komissiyalarına müraciət edən xəstələr də bu dəllalların əlində girinc olublar. Cəlil həkimin öz müavinlərindən daha çox etimad göstərdiyi bu şəxslərdən Həsənli kənd sakinləri Akif, Yaşar və Yaşarın qardaşı xəstələrə qarşı daha çox özbaşınalıqları ilə seçilirlər. Dərman qıtlığına gəlincə isə, rayonda hamı bilir ki, bu qıtlıq süni şəkildə, məhz Cəlil Nəzərovun səyləri nəticəsində yaradılır. Şəkər, əsəb və digər xəstələr uzun növbələrdə öz sağlamlıqlarını daha çox itirirlər. Sanki C.Nəzərov Masallının təkcə səhiyyə sisteminə deyil, sadə vətəndaşlarına, xüsusən də xəstələrə qənim kəsilib...” Rayondan aldığımız digər bir məlumatda isə qeyd olunur ki, RMX-nın Ginekologiya şöbəsində aparılan qanunsuz abortlar nəticəsində həkimlər yaxşı gəlir əldə edirlər. Sözsüz ki, həmin vəsaitin çox hissəsi Cəlil Nəzərovun kisəsinə gedir. Elə doğum şöbəsində də doğuş üçün konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə ümumiyyətlə buraxılmır. Bu gün Masallı Rayon Mərkəzi Xəstəxanasında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar müşahidə olunmaqdadır. İnfeksion xəstəliklərin profilaktikası məsələsində isə burada ümumiyyətlə tam fəaliyyətsizliyin şahidi olmaq olar... Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Geri qayıt |