Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Əhaliyə: Canınızı sevirsinizsə, buralardan uzaq durun...
Əhaliyə: Canınızı sevirsinizsə, buralardan uzaq durun...19-08-2015, 14:03 |
Artıq bir neçə müddətdir ki, redaksiyamıza ardıcıl daxil olan məlumatlarda paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 36 saylı şəhər poliklinikasının baş həkimi Ramidə İbrahimovanın öz fəaliyyətində yol verdiyi saxtakarlıq hallarına dair konkret faktlar təqdim olunur. Bu xüsusda aldığımız açıqlamalarda 36 saylı poliklinikada yaranmış vəziyyətin həddindən artıq acınacaqlı olduğu bildirilir. Dolayısı ilə bu məlumatlar bir daha təsdiq etmiş olur ki, bu gün respublikamızın səhiyyə sistemində həyata keçirilən əsaslı islahatlara, Azərbaycan səhiyyəsinin beynəlxalq standartlar səviyyəsinə yaxınlaşmasına yönəldilmiş irimiqyaslı tədbirlərə rəğmən ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürək açan deyildir. Həmçinin dövlətimiz tərəfindən bütün ölkə ərazisində mövcud səhiyyə müəssisələrinin daim yenilənməsinə və müasir tibb avadanlıqları ilə təchiz olunmasına yönəldilmiş əhəmiyyətli tədbirlər də heç də hər zaman gözlənilən effekti vermir. Bu isə, ilk növbədə ayrı-ayrılıqda götürülmüş tibb müəssisələrinə rəhbərliyin bir çox hallarda hələ də səriştəsiz kadrlar və korrupsioner məmurlar tərəfindən həyata keçirilməsi səbəbindən baş verir. Korrupsiya faktları isə, ilk növbədə dövlət tibb müəssisələrinə müraciət edən vətəndaşlara qarşı irəli sürülən pul tələblərində və müəssisənin tələbatlarının ödənilməsi üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilmə hallarında özünü büruzə verir. O cümlədən redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, bu gün 36 saylı poliklinikaya müraciət edən vətəndaşlar da buranın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Pul verməyən xəstələr isə, nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. Digər tərəfdən də qəsəbə sakinləri 36 saylı poliklinikanın rəhbərliyini saxta arayışların verilməsində ittiham edirlər. Bu xüsusda əldə etdiyimiz məlumatlarda vurğulanır ki, bu tibb müəssisəsində xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsil kommersiya fəaliyyətinə çevrilib. İddialara görə, poliklinikada müəyyən olunmuş məbləği ödəməklə, heç bir müayinədən belə keçmədən, tələb oluynan istənilən arayışı dərhal almaq olur. Hətta vurğulanır ki, məbləği bir qədər yüksəltməklə arayışların köhnə tarixlə qeydiyyata alınmasına da nail olmaq mümkündür. Eyni zamanda da, pul ödəmədikdə bu poliklinikada həqiqi xəstəlik səbəbindən belə bülleten açdırmaq və ya sağlamlıq haqda arayış almaq demək olar ki, mümkünsüzdür. Aldığımız digər bir məlumatda isə Ramidə İbrahimovanın bəzi vətəndaşlara Tibbi Sosial Ekspert Komissiyalarına təqdim etmək üçün verdiyi əlillik barədə arayışın alınması üçün irəli sürülən tələblərdən bəhs edilir. Bildirilir ki, bir illik müddətə verilən belə arayışı almaq üçün baş həkimə “xəstə”nin şəxsiyyət vəsiqəsinin surətini və 250-300 manat civarında pul vermək kifayətdir. Bütün bu özbaşınalıqlara rəğmən, yerli sakinləri daha çox narahat edən məqamlardan biri də 36 saylı poliklinikada sanitar-gigiyena qaydalarına son dərəcə zəif əməl olunması ilə bağlıdır. Etiraf edək ki, tibb müəssisəsinə qarşı məhz bu kimi ittihamlarla biz özümüz də kifayət qədər nadir hallarda rastlaşırıq. Lakin mənbələr israrla iddia edirlər ki, poliklinikanın dəhlizində və bir çox kabinetlərdə təmizlik qaydalarına qətiyyən riayət olunmur, tibbi alətlərin sterilizasiyası lazımi qaydada həyata keçirilmir. Bildirilir ki, baş həkim Ramidə İbrahimova bu kimi nöqsanları aradan qaldırmaqdansa, yalnız yeni gəlir qaynaqları aşkarlayıb üzə çıxarmaqla məşğuldur.Təəssüflər olsun ki, 36 saylı poliklinikanın rəhbərliyi ona qarşı irəli sürülən ittihamlara münasibət bildirmək niyyətini qətiyyən büruzə vermir. Belə ki, bu günlərdə əməkdaşımız Ramidə İbrahimova ilə telefon əlaqəsi saxlasa da, baş həkim poliklinikada yaranmış vəziyyəti müzakirə etməkdən imtina etmişdir. Geri qayıt |