Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Qobustanda texnikanın lizinqə verilməsi əngəllənir

Qobustanda texnikanın lizinqə verilməsi əngəllənir


18-08-2015, 17:27
Qobustanda texnikanın lizinqə verilməsi əngəllənir
Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda “Aqrolizinq” ASC-nin Qobustan regional nümayəndəliyinin direktoru Həsənağa Hüseynovun fəaliyyətindən doğan ciddi narazılıqlar öz əksini tapmaqdadır. Təəssüflər olsun ki, son vaxtlar ümumiyyətlə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə dair, respublikamızın müxtəlif bölgələrindən gələn şikayətlər əsasında hazırlanmış tənqidi materiallara ölkə mətbuatında tez-tez rast gəlmək olur. Məlum olduğu kimi “Aqrolizinq” ASC ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edən kənd təsərrüfatının yenidən dirçəldilməsi məqsədilə həyata keçirilən dövlət tədbirlərinin tərkib hissəsi kimi, Azərbaycan Respublikasının Prezidentinin “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Bu gün ASC-nin tabeliyində Bakı mərkəzi təchizat bazası, Gəncə, Şirvan, Ucar rayonlararası təchizat bazaları, Sabirabad, Şəki, Şəmkir regional logistik bazaları və Xaçmaz rayonlararası təchizat və logistik bazası fəaliyyət göstərir. Həmçinin 55 rayonda təsərrüfat hesablı Aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri vardır. Bununla belə, bu gün cəmiyyətin bir çox rayon filiallarının fəaliyyəti yerli sahibkarlar və rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Məlum olduğu kimi Qobustan rayonunda əkinçilik ənənəvi sahələrdən biridir. Belə ki, rayon öz əhalisini maksimum səviyyədə taxılla təmin edir. Statistik məlumatlara görə, rayonda hər il adam başına müntəzəm olaraq 1 tondan artıq taxıl istehsal olunur. Rayonun kifayət qədər isti və nisbətən quraq iqlim şəraiti burada ümumiyyətlə kənd təsərrüfatı ilə məşğul olmaq imkanlarını müəyyən qədər məhdudlaşdırır və çətinləşdirir. Digər tərəfdən isə, bu sahədə çalışan vətəndaşlara maksimum köməklik göstərməli olan “Aqrolizinq” ASC Qobustan regional nümayəndəliyinin yarıtmaz fəaliyyəti mövcud problemləri bir qədər də dərinləşdirir. Buna görə də aldığımız məlumatlarda Qobustan regional nümayəndəliyinin işi yerli sahibkarlar və rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Bildirilir ki, Həsənağa Hüseynov texnikanın fermerlərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması işində süni əngəllər yaradaraq vəziyyətdən şəxsi maraqlarının təminatı məqsədilə yararlanır. Belə ki, iddialara görə nümayəndəliyin rəhbərliyi tərəfindən taxıl biçən kombaynlar sadə kənd sakinlərinin adlarına sənədləşdirilərək onlardan alınan yüksək kirayə haqqı 50% faiz azaldılır. Bundan sonra isə həmin texnikalar ya rayonda məmurların təsərrüfatlarına, ya da qonşu rayonlara yollanılır və Həsənağa Hüseynov hər bir texnikaya görə gündəlik təyin etdiyi haqqı alaraq mənimsəyir. Artıq xəbər verildiyi kimi, Həsənağa müəllimin doğma qardaşı, Hüseynağa Hüseynov Qobustan RİH-də sektor müdiri-baş mühasib vəzifəsində çalışır. Təqdim olunan açıqlamalarda da vurğuanır ki, “Aqrolizinq” ASC Qobustan regional nümayəndəliyinin direktorunun həyata keçirdiyi bütün maxinasiyalarda onun ən yaxın köməkçisi də məhz Hüseynağa Hüseynovudur. Həmçinin məlumatlarda bildirilir ki, nümayəndəliyin fəaliyyətində korrupsiya hallarının daha çox yer aldığı istiqamətlərdən biri də gübrə, pestisidlər, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə təchizat xüsusundadır. Mənbə iddia edir ki, büdcə vəsaiti hesabına alınmış məhsullar müxtəlif maxinasiyalar sayəsində “qara bazar”a çıxır, bürokratik əngəllərə görə fermerlərin bir çoxu onu elə buradan əldə etmək məcburiyyətində qalırlar.

Geri qayıt