Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Buralara baxanda Şirvana bənzətmirsən, elə Əli-Bayramlıdır ki var...
Buralara baxanda Şirvana bənzətmirsən, elə Əli-Bayramlıdır ki var...13-08-2015, 14:34 |
Ölkə rayonlarında baş verən sosial problemlərlə bağlı mətbuatda daim silsilə yazılar dərc olunur və demək olar ki, əhalinin ən yaralı yerlərindən biri də dövlətin vətəndaşlara sosial xidmət göstərən qurumlarıdır. Sosial xidmət qurumları arasında isə ən acınacaqlı vəziyyətdə olan sahələrdən biri də səhiyyə sistemidir. Qeyd edək ki, dövlət tərəfindən səhiyyə sisteminə hər il yüz milyonlarla manat vəsaitin ayrılmasına baxmayaraq bu sahədə səhiyyə xidməti sahəsində inkişaf hiss olunmur və ölkənin səhiyyə sistemində ciddi problemlər hələ də qalmaqda davam edir. Ən böyük problemlərdən biri, vətəndaşların müalicəsi dövlət hesabına olmasına baxmayaraq, bütün dövlət xəstəxanalarının qeyri-rəsmi pullu çalışmasıdır. İkinci ən böyük problem isə dövlətin xəstəxanalara ayırdığı dərmanların və tibb ləvazimatlarının xəstəxanalarda tapılmamasıdır. Yəni faktiki olaraq vətəndaşlar dövlətin onlara ayırdığı sosial qayğıdan məhrum olurlar və bunu məhz səhiyyə sistemində çalışan məmurlar edirlər. Son illər həkim məsuliyyətsizliyindən xəstəxanalarda ölüm hallarının çoxalması da, ona dəlalət edir ki, səhiyyə sistemində ciddi şəkildə nəzarətsizlik hökm sürür. Həmçinin dövlət tərəfindən ayrılan milyonlarla vəsaitin şəffaf xərclənməməsi, qiymətlərdə xərclərin şişirdilməsi səhiyyə sistemində böyük qanunsuzluq hallarından xəbər verir. Belə şəhərlərdən biri də Şirvandır. Əhalisi 70.000-dən artıq olan Şirvan şəhər səhiyyəsinin bugünkü vəziyyəti çox acınacaqlıdır. Şəhərdəki 2 saylı Uşaq Poliklinikasının bərbad vəziyyətdə olması həm şəhər əhalisinin normal tibbi müalicə almasına, həm də tibb işçilərinin işinə ciddi əngəllər törədir. Şəhər sakini Sadiq Rəsulzadənin ( https://www.facebook.com/sadiq.rasulzade/posts/1648459582088956?pnref=story ) sosial şəbəkədə yayımladığı şəkil və məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Səhiyyə nazirinin səhiyyə ocaqlarının təmir olunmasına görə baş həkimlərə göstəriş verməsinə baxmayaraq, Şirvan 2 saylı Uşaq Poliklinikasında vəziyyət ürəkaçan deyil. Belə ki, heç bir normal şəraiti olmayan, antisanitariyanın baş alıb getdiyi, sanitar qovşağı bərbad vəziyyətdə olan uşaq xəstəxanasının binasına, daxil olanda üfunət iyi adamın başını ağrıdır. Şirvandan daxil olan məlumatda isə bildirilir ki, 2 saylı Uşaq Poliklinikasının tibb personalı şəraitsizlik və bərbad vəziyyətdə olan binada əhaliyə tibbi xidmət göstərmək məcburiyyətində qalıb. Məhz şəraitsizlik, müasir tibbi avadanlıqların yoxluğu, dərman preparatlarının çatışmaması və antisanitariyanın baş alıb getdiyi bu xəstəxanada, (əgər bura xəstəxana demək mümkündürsə), körpə balaların həyatı təhlükə altındadır. Xəstəxanada hətta iki nəfərin əməliyyat olunması mümkünsüzdür. Əməliyyatdan sonra xəstə uşaqların palatada yerləşdirilməsində də, ciddi problemlər var. Şəhər 2 saylı Uşaq xəstəxanasındakı şəraitsizlik və antisanitariya o həddə çatıb ki, palataya yerləşdirilən xəstələr yorğan-döşək və digər zəruri ləvazimatları özləri ilə gətirmək məcburiyyətində qalırlar. Xəstəxanada cəmi bir sanitar qovşağı var ki, o da təmirsiz, bərbad vəziyyətdədir. Əhaliyə göstərilən tibbi xidmət daha acınacaqlı vəziyyətdədir. Şirvan 2 saylı Uşaq Poliklinikasında şəraitsizlik və antisanitariya neçə ildir ki, şəhər əhalisinin yerli səhiyyəyə olan inamını heçə endirmiş, əksər şəhər sakini normal tibbi müalicə almaq üçün ya Salyan və Hacıqabul rayonlarına üz tutur, ya da ki, xarici ölkədə (əsasən İranda) müalicə almağa gedir. Nə qədər təəccüblü olsa da şəhərdə fəaliyyət göstərən Şirvan Diaqnostikadakı vəziyyət qat-qat dövlət Uşaq Poliklinikasından həm səliqə-sahmanı, həm də keyfiyyətli tibbi xidməti ilə seçilir. Şəhərdə uşaqlar müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların olmasına baxmayaraq, müalicə üçün heç bir şərait yoxdur. Qeyd edək ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasına külli miqdarda vəsait ayrılsa da, lakin 2 saylı Uşaq Poliklinikası hələ də təmir olunmayıb və acınacaqlı vəziyyətdədir. Şirvan şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərovla ( 055-201-05-65 ) əlaqə yaratmağa çalışdıq, lakin baş həkim telefonumuzu qaldırmadı. Bütün hallarda baş həkimin mövqeyini dərc etməyə hazırıq.\\xalqxeber.az\\ Geri qayıt |