Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Azərbaycanda dənizdə boğulmaq üçün hər cür şərait var...

Azərbaycanda dənizdə boğulmaq üçün hər cür şərait var...


10-08-2015, 14:22
Azərbaycanda dənizdə boğulmaq üçün hər cür şərait var...
Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, avqustun 6-da Xəzər rayonundakı Şüvəlan dəniz çimərliyində Bakı şəhər sakini Kamran Kamranbəyli çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb. Həmin çimərlikdə batan Bakı şəhər sakini Aqil Mahmudovun axtarışları isə davam etdirilir.(Salam News). Məlumat üçün bildirək ki, Şüvəlan dəniz çimərliyi Bakı şəhərində ən təhlükəli çimərlik hesab edilir. 8 avqust 2008-ci ildə Şüvəlan qəsəbəsindəki “Mayak” zonasında Bakı sakini Avsen Məmmədli və onun oğlanları və qohumu batıblar. (Day.az). 7 avqust 2014-cü ildə “Şimal QRES” çimərliyində 5 uşaq boğulub. Məlumdur ki, çimərlikdə vətəndaşların xilasını Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Məsələ ilə bağlı FHN-nin əməkdaşı Hüseynova Qafqaz Xəbər Agentliyinə bildirdi ki, əgər adam qadağan olunmuş zonada batırsa, bu onun öz günahıdır. Müxbirimizin “Xilasedicilərə qarşı hər hansı tədbir görülübmü?” sualına FHN-nin əməkdaşı belə cavab verdi: “ Nə üçün xilasedicilərə qarşı tədbir görməliyik? Vətəndaş özü fikirləşməlidir və qadağan olunmuş zonada çimməməlidir.

Hətta vətəndaş icazə verilmiş ərazidə batırsa da bu onun öz günahıdır, xilasedicilərin günahı deyil”. FHN-nin digər əməkdaşı isə bildirdi ki, Kamran Kamranbəylini külək sahilə çıxardıb, Aqil Mahmudovun meyidi axtarılır. FHN-nin əməkdaşı onu da qeyd elədi ki, xilasedicilərin sayı istirahət edənlərin sayından 5 dəfə azdır: “ İstirahət edənlər xilasedicilərə qulaq asmırlar”. Müxbirimizin “Haradan bilirsiniz ki, Kamran Kamranbəyli və Aqil Mahmudov xilasedicilərə qulaq asmadıqları üçün həlak olublar? Araşdırma aparmısınız?” sualına FHN-nin əməkdaşının cavabı belə oldu: “ Biz meyidləri sudan çıxardırıq, araşdırma ilə hüquq-mühafizə orqanları məşğul olur”.

Müxbirimizin “ FHN özü araşdırma aparmır?” sualına növbətçi Həsənov belə cavab verdi: “ Bəlkə də aparır. Bizim işimiz adamları xilas etməkdir, araşdırma aparmaq deyil”. Müxbirimizin “ Siz haradan bilirsiniz ki, həlak olanlar qadağan olunmuş zonaya keçiblər?” sualına növbətçi Həsənovun cavabı belə oldu: “ Bütün Azərbaycan üzrə xilsaedici məntəqələrimiz var. Onların vasitəsilə hansı zonanın təhlükəli olduğunu müəyyən edirik”. Müxbirimizin sualına cavab olaraq növbətçi Həsənov bildirdi ki, Şüvəlan çimərliyində belə xidmət yoxdur. “Müxbirimizin “ Nə üçün?” sualını FHN-nin əməkdaşı “ Nə bilim…yəqin belə lazımdır”,- deyə cavablandırdı.

Geri qayıt