Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ziya Məmmədovun işçisi ilə bağlı ilginc iddialar...

Ziya Məmmədovun işçisi ilə bağlı ilginc iddialar...


31-07-2015, 14:38
Ziya Məmmədovun işçisi ilə bağlı ilginc iddialar...
Hələ sovet dövründə bu və digər səbəblər üzündən həbsdə yatmış şəxslərin cəmiyyətə adaptasiyası ciddi problemlərdən biri kimi xarakterizə olunub. Yəni onların qeydiyyata alınması, daimi yaşayış sahəsi olmayan şəxslərin müvəqqəti yaşayış yeri, eyni zamanda şəxsiyyətini təsdiqləyən və digər lazımi sənədlərlə təmin edilməsi olduqca çətin proseslərdən sonra mümkün olub. Bundan başqa, o zamanlar məhbus həyatı yaşamış şəxslərin işlə təmin olunması, daha doğrusu onların dövlət işinə qəbulu demək olar ki, mümkün deyildi. Bu səbəbdən də həmin şəxslər əsasən taksi fəaliyyəti ilə məşğul olurdular.

Əslində, bu gün də həbsdə olmuş şəxslərin işlə təminatında müəyyən əngəllər mövcuddur. Məsələn, həbsdən azad olunmuş şəxslərin cəmiyyətə adaptasiyasında ciddi problemlər olduğundan, onlar təkrarən cinayət törədərək "içəri" qayıdırlar. Çünki cəzaçəkmə müəssisələrini tərk edən məhkumların bir qismi cinayətkar dəstələrə üzv olaraq cinayətkar fəaliyyətlərini davam etdirirlər. Aparılmış araşdırmalara görə, bu cür şəxslər tərəfindən təkrar və residiv cinayətlərin törədilməsi 20-30 faiz təşkil edir. Bundan başqa, o da məlum olub ki, həbsdən azad olunmuş şəxslərin əsas problemləri yaşayış yeri və işlə təminatla bağlıdır. Məhkumun iş tapmaması onun əvvəlki peşə üzrə vərdişlərini yaddan çıxarması, cinayətkar keçmişi ilə əlaqədardır. Lakin bu, heç də bütün məhbsulara şamil edilmir. Məsələn, elə şəxslər var ki, törətdikləri cinayət əməlinə görə uzun illər həbsdə olsalar da, sonradan asanlıqla dövlət işində çalışmağa müvəffəq olurlar. Bu cür şəxslərdən biri də Nəqliyyat Nazirliyində işləyir.

Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, həmin şəxs 11 il həbs həyatı yaşasa da, bu gün Nəqliyyat Nazirliyi kimi mühüm və strateji bir qurumda vəzifə daşıyır. Halbuki müvafiq qanunvericiliyə görə, vəzifəyə, əsasən də dövlət qulluğu ilə bağlı mühüm postlara məhkum olunmamış şəxslər təyin olunmalıdır. Görünür, hansısa səlahiyyət sahibi 11 il məhkum olunmuş həmin şəxsin Nəqliyyat Nazirliyində yüksək vəzifəyə gətirilməsinə nail olub. Bununla bağlı əldə etdiyi informasiyanı redaksiyamızla bölüşən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən nazirlikdə çalışan həmin məmurun arxasında güclü himayədar dayanır: "Əks halda, o, nə az, nə çox düz 11 il həbsdə yatdıqdan sonra asanlıqla Nəqliyyat nazirliyinə, özü də məsul vəzifəyə təyin oluna bilməzdi. Həmin şəxsin hansı cinayətə görə ittiham olunduğunu dəqiq deyə bilməsəm də, bir məsələ məlumdur ki, artıq nazirliyin demək olar ki, bütün əməkdaşları onun ağır cinayət törətdiyini və 11 il həbsdə olduğunu bilirlər. Təbii, bu, nazirliyin əksər əməkdaşlarının ciddi narahatlıq keçirməsinə səbəb olur. Çünki heç kim cinayət əməli törətmiş və nəticədə uzun illər həbsdə olmuş biri ilə eyni yerdə çalışmaq istəmir. Lakin həmin şəxsin arxalı olması səbəbindən heç kim ona "gözün üstə qaşın var" deməyə cürət etmir". Məlumatlı şəxs iddia edir ki, nəqliyyat naziri Ziya Məmmədovun bundan xəbərsiz olması o qədər də inandırıcı görünmür: "Hər kəsə bəllidir ki, bu gün cəzaçəkmə müəssisələrindən azad edilən məhkumların bir çoxunun sonrakı taleyi əksər hallarda qaranlıq qalır. Belə ki, onlar həbsxanadan azad olunduqdan sonra cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkir, bir çox hallarda iş, ev problemləri ilə üzləşirlər. Həmin şəxs isə 11 il həbsdə olmasına baxmayaraq, çox asanlıqla Nəqliyyat Nazirliyində işlə təmin olunub, hələ üstəlik məsul vəzifə daşıyır. Bu isə qanunazidd addım kimi qiymətləndirilməlidir. Çünki həbsdə olmuş şəxs cinayətkar hesab olunur. Onun cinayət əməli müvafiq rayon və ya şəhər məhkəməsi tərəfindən öz təsdiqini tapdığı üçün sonda layiqli cəza verilib. İndi bu cür şəxsə Nəqliyyat Nazirliyi kimi əhəmiyyətli bir qurumda vəzifə vermək, ona dövlət əmlakını, mühüm əhəmiyyət kəsb edən sənədləri etibar etmək nə dərəcədə doğrudur? Axı, bir dəfə cinayət əməlinə əl atan şəxs istənilən vaxt yenidən cinayət hadisəsi törədə, ətrafdakılara, eləcə də dövlət əmlakına ciddi ziyan vura bilər. Görəsən, Nəqliyyat Nazirliyinin səlahiyyət sahibləri heç bu barədə düşünməyiblər?.. Onu da qeyd edim ki, Ziya Məmmədovun sözügedən məsələdən xəbərsiz olması, bir o qədər də inandırıcı görünmür. Çünki onun izni olmadan nazirlikdə nə kimsə işdən azad edilə, nə də işə qəbul oluna bilər. Elə isə bəs nədən nəqliyyat naziri məhbus həyatı yaşamış şəxsi hələ də vəzifədə saxlayır?.."\\gundelik-baku.com\\

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt