Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Arif Qaraşov oğlunu vəzifəyə hazırlayır

Arif Qaraşov oğlunu vəzifəyə hazırlayır


9-07-2015, 11:35
Arif Qaraşov oğlunu vəzifəyə hazırlayır
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğlu Fərhad Qaraşovun elmlər doktoru elmi dərəcəsi alması haqda bir müddət əvvəl xəbər yayılmışdı. Bəzi saytlar bunu sabiq məmurun oğlunun Azərbaycan elminə sürətli müdafiə baxımından yenilik gətirməsi kimi qeyd etmişdilər.

Belə ki, o, təxminən 2 il ərzində iqtisad üzrə fəlsəfə doktoru olub. Onun elmi müdafiəsi akademik Ziyad Səmədzadənin rəhbəri olduğu Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən FD.04.013 Birləşdirilmiş Dissertasiya Şurasında baş tutub. Martın 29-u, saat 14.00-da baş tutan müdafiədə Arif Qaraşovun oğlu Fərhad Qaraşov iqtisad üzrə fəlsəfə doktoru adını rəsmiləşdirib: "Fərhad Qaraşov 2012-ci ilin payızında həmin vaxtı Mirdamət Sadıqovun rektoru olduğu Aqrar Universitetinə sənəd verib, amma dissertanturaya 2013-cü ilin yanvar ayından başlayıb. Mirdamət Sadıqov həmin vaxtı Fərhad Qaraşovun elmi rəhbəri vəzifəsini də öz üzərinə götürüb. Qaraşovun qəbulundan 2 ay sonra isə Mirdamət Sadıqov İsmayıllıya icra başçısı təyin olunub. Gərgin bir rejimdə işləməsinə baxmayaraq, icra başçısı sabiq məmurun oğlunun elmi rəhbəri olmaqdan imtina etməyib. Martın 29-da FD.04.013 Birləşdirilmiş Dissertasiya Şurasında baş tutan müzakirədən aydın olur ki, icra başçısı Fərhad Qaraşovun elmi işində öz üzərinə düşən missiyanı da uğurla başa vurub. Dissertantura təhsili 4 illikdir, lakin oğul Qaraşov 4 ilə deyil, çox qısa müddətə həm elmi işini, həm də elmi məqalələrini yazaraq çap etdirib. Görünür, onun inadkarlığı, elmi rəhbərinin isə icra başçısı göndərilməsi vəziyyəti dəyişib. O müdafiə üçün tələb olunan elmi məqalələrinin 6-sını 2013-də yazıb. İki məqaləsi isə 2014-də çap olunub. Ancaq 2015-ci ilin mart ayının 29-da müdafiə eləyib. Yəni o, təxminən 2 ilə iqtisad üzrə fəlsəfə elmlər doktoru olub. "Fəlsəfə doktoru" elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslərin müəyyən olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, informatika və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən də doktorluq imtahanları verməlidir, amma sabiq məmurun oğlu bu fənlərdən imtahanları necə verdiyindən xəbərdar deyil". Qalmaqallı müdafiə məsələsi ortalığa çıxandan sonra nə Arif Qaraşov, nə də oğlu barələrində yazılanları cavablandırdı. Bu isə keçmiş məmur oğlunun elmi dərəcəni başqa yollarla almasına ciddi şübhələr yaradır. Əlbəttə, bu başqa yazının mövzusudur. Etibarlı mənbələr Fərhad Qaraşovun fəaliyyəti ilə bağlı redaksiyamıza bəzi maraqlı məlumatları açıqlayıblar. Adının çəkilməməsini xahiş edən şəxsin sözlərinə görə, Fərhad Qaraşov "Kapitalbank"ın 1 saylı Nəsimi filialının müdiri vəzifəsində işləyir: "O işindən çox istirahətinə vaxt ayırır. Bu yaxınlarda elmi dərəcə alan bank müdiri eyni zamanda maşın həvəskarıdır. Məsələn, indiyə kimi onun şəxsi istifadəsində bir-birindən bahalı avtomobillər olub. Onların arasında son model "Range Rover" və "Porsche Cayenne"i xüsusi fərqləndirmək lazımdır. Adıçəkilən maşınların ikisinin bir yerdə qiyməti yarım milyondan çox edir. Sabiq xidmət rəisinin oğlu istifadəsindəki maşınlara 90-AA-707 dövlət nömrə nişanını vurur. Bank müdirinin şəxsi avtomobilinə hökumət nömrəsini necə vurması maraqlı məsələdir. Digər bir məqamı vurğulamaq istəyirəm. Filial rəhbəri bu vəzifə ilə kifayətlənmək istəmir, daha yüksək posta can atır. Onun nazirliklərdən birində şöbə müdiri işləmək iddiası var. Cavan yaşına baxmayaraq, Fərhad Qaraşov bahalı maşınlar sürür, qiyməti milyonlara bərabər olan mənzillərdə, imarətlərdə yaşayır. Yəqin ki, bunların heç birini öz halal zəhməti ilə əldə etməyib. Çox güman ki, onun nəyi varsa, hamısı atasının vəzifədə işləyərkən yığdığı vəsaitlərlə alınıb".

Bu arada, qeyd edək ki, bir müddət əvvəl Arif Qaraşovun Azərbaycanda qanunsuz yollarla qazandığı milyonlarla pulu qeyri-rəsmi sahibi olduğu "Caspian servis" şirkətinin xətti ilə əsasən Türkiyəyə, bir sıra Avropa ölkələrinə və Rusiyaya çıxarması barədə məlumatlar yayılıb. Bildirilib ki, o ölkədən kənara çıxardığı vəsaitlərini əsasən tikinti və turizm sektoruna yatırıb. Hazırda onun Türkiyədə böyük bir otelinin fəaliyyət göstərdiyi qeyd edilib. Gələn saylarımızda "ELİPS-R LTD", "Günəş-Holdinq" MMC-lərin fəaliyyəti, "Medical Plaza"da baş verən hadisələr, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin kimə məxsus olması, Neftçilər prospektində, "Torqovıy"dakı böyük dükanlar, "Ekspress Kafe" (indiki "Kasap Döner"), "Baza Pitseriya" kimi məşhur obyektlər, hökumət evinin arxasında türklərə kirayə verilən mənzillər və Fərhad Qaraşovun yeni avtomobili haqda şok faktları dərc edəcəyik.\\ gundelik-baku.com \\

Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

Geri qayıt