Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Cəbrayılın icra başçısından bahalaşmaya "töhfə"...

Cəbrayılın icra başçısından bahalaşmaya "töhfə"...


22-04-2015, 16:15
Cəbrayılın icra başçısından bahalaşmaya "töhfə"...
Ölkəmizdə özəl klinikaların sayı çoxdur. Lakin özəl səhiyyə müəssisələrinin yetərli hissəsində savadlı həkim qıtlığı yaşanır. Aparılan araşdırmalar göstərir ki, Bakıda fəaliyyət göstərən bir neçə özəl xəstəxananın qiymətləri heç də hamının cibinə uyğun deyil. Belə ki, son zamanlar reklam sayəsində xeyli müştəri toplayan özəl klinikaların birində həkim qəbulu 40 manatdır, qan analizi 8 manatdan başlayır.

Kompüter tomoqrafiyası 15-150 manat arasında dəyişir. Cərrahi müdaxilə vacib olduğu təqdirdə bütün analizlər daxil olmaqla ödün çıxarılması 850-900 manat, daxili orqanlarda əməliyyat isə 1000-1300 manat təşkil edir. Kiçik əməliyyat sayılan sünnət isə 50-100 manata başa gəlir. Klinika rəhbərləri isə qiymətlərin baha olmasına səbəb kimi avadanlıqları göstərirlər. Əslində, bu avadanlıqlar köhnəlmiş halda alınıb təzə adı ilə pasientlərə təqdim olunan alətlərdir. Bu cihazlardan təşkil olunan laboratoriyaların düzgün analiz etməsinə şübhə var. Qeyd edək ki, hər bir özəl klinikanın əsasnaməsi olmalıdır. Səhiyyə Nazirliyinin (SN) özəl tibb ocaqlarının qiymət siyasətinə müdaxilə etmək səlahiyyəti olmadığı üçün bəzi klinikalarda neqativ hallar bir-birini əvəz edir. Son günlər Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən yoxlamalar nəticəsində 4 özəl tibb müəssisəsinin fəaliyyəti dayandırılıb, bir neçə klinika isə cəzalandırılıb. Keçirilmiş yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb. 10 tibb müəssisəsində əhaliyə tibbi xidmətin göstərilməsi zamanı nöqsanlara yol verildiyi və mövcud normativlərin tələblərinə riayət edilmədiyi məlum olub.

Cəbrayılın icra başçısından bahalaşmaya "töhfə"...

Onlardan 4 tibb müəssisəsinə nöqsanların aradan qaldırılması barədə xəbərdarlıq edilib. 4 tibb müəssisəsinin lisenziyasının fəaliyyəti yoxlamalar zamanı aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək dayandırılıb. 1 müəssisənin stasionar tibbi xidmət üzrə bir sıra işləri, digərinin isə tam olaraq stasionar xidməti ləğv edilib. Bununla belə bir çox özəl xəstəxanalarda qiymətlərin yüksək olması insanları narahat edən əsas məsələlərdəndir. Millət vəkilləri isə hesab edir ki, özəl klinikalarda bəzən yüksək olmayan xidmətlər göstərirlər: "Qeyri-peşəkar şəxsləri hansısa əməliyyatlara cəlb edirlər. İnsanları aldadırlar ki, yaxşı əməliyyat olacaq, amma sonra belə olmur. Özəl klinikalarda qiymətlər kəllə-çarxa çıxıb. Belə hesab edirəm ki, bu əhalinin böyük hissəsini narahat edən məsələlərdən biridir. Düşünürəm ki, bu sahədə də nəzarət həyata keçirilməlidir ki, qiymətlər özəl klinikalarda tənzimlənsin. Ən aşağı və ən yüksək məbləğ müəyyən olunmalıdır". Əhalinin fəaliyyətindən narazı qaldığı özəl tibb ocaqlarından biri də Binəqədi rayonunun ərazisində yerləşən "Elmed"dir. Məlumatı olmayanlar üçün bildirək ki, qiymətlərin ceyran belinə qaxdığı səhiyyə müəssisəsi Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyevə məxsusdur. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, icra hakiminin himayəsində olan tibb mərkəzində əhaliyə yüksək tibbi xidmət göstərilmədiyi halda, qiymətlər həddən artıq bahadır: "Klinikada savadlı həkimlərin sayı azdır. Bununla yanaşı, tibbi xidmətlərin keyfiyyəti də ürəkaçan səviyyədə deyil. Həkimlər bura müraciət edən vətəndaşların inamından özlərinə sərf edən formada istifadə edir. "Elmed"ə gələn insanların çoxu burdan narazı gedir. Çünki analiz, əməliyyat qiymətləri bahadır. Tibb personalı pasientlərlə mülayim rəftar etmək əvəzinə, bəzi hallarda onları acılayır, hətta kobud formada cavab verirlər. Belə olan halda, təbii ki, narazılıq yaranır". Məlum olduğu kimi, SN xaricdən mütəxəssis dəvət olunmasına məhdudiyyətlər tətbiq edib. Nazirliyin açıqlamasında qeyd olunur ki, son zamanlar özəl tibb klinikaları tərəfindən dəvət olunan mütəxəssislərlə bağlı məlumatlar təqdim edilmir. Yəni nazirlik həmin mütəxəssisin ixtisası, elmi dərəcəsi, işlədiyi müəssisə, təcrübəsi haqqında məlumatlara malik deyil. Azərbaycanda əsasən, İranlı həkimlərə daha çox müraciət olunur. İddialara görə, "Elmed" tibb mərkəzinə də xaricdən həkimlər dəvət edilir, amma bu fakt Səhiyyə Nazirliyi və Dövlət Miqrasiya Xidmətindən gizlədilir: "Həmin həkimlər guya turist kimi Azərbaycana gəldiklərini deyir. Halbuki, onlar tibb ocağında cərrahiyyə əməliyyatı aparırlar. Klinika rəhbərliyi qanunsuzluğa yol verir. İlk növbədə Dövlət Miqrasiya Xidməti tərəfindən onların əməkçi miqrant kimi qeydiyyatı olmalı, burada fəaliyyət göstərdiyi zaman məkan dəqiqləşdirilməlidir. Eyni zamanda həmin həkimlər Səhiyyə Nazirliyində qeydiyyatdan keçərək hansı müəssisədə, hansı ixtisas üzrə fəaliyyət göstərdiyi qeyd olunaraq nəzarətə götürülməlidirlər. "Elmed" rəhbərliyi isə buna məhəl qoymur. Bu faktı araşdırmaq lazımdır". Onu da qeyd edək ki, bir müddət əvvəl klinikanın sahibləri ilə tanınmış teleaparıcı Elçin Əlibəyli arasında problem yaşanıb. Belə ki, "Elmed"in rəhbər şəxsləri Elçin Əlibəyli haqqında sərt ittihamlar səsləndirib və bildiriblər ki, teleaparıcı klinikanı televiziyada reklam edəcəyi adı ilə onlardan 34 min manat alıb, lakin vədinə əməl etməyib. Bundan sonra klinika rəhbəri pulu geri istəsə də, qaytarmayıb. Elçin Əlibəyli isə mətbuata açıqlamasında məsələni belə şərh edib: "Burada bir anlaşılmazlıq olub. Mən bir şirkətlə çalışmışam, o şirkətin işidir. Sadəcə, yanlış olaraq iddia mənə qarşı qaldırılıb. Mən araşdırma aparıb aydınlaşdırdıqdan sonra açıqlama verəcəyəm". Sonda səhiyyə naziri Oqtay Şirəliyevdən klinikanın lisenziyasını dayandırmasını xahiş edirik.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


Geri qayıt