Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Saray sakinlərini nökər yerinə də qoymurlar...

Saray sakinlərini nökər yerinə də qoymurlar...


14-04-2015, 16:20
Saray sakinlərini nökər yerinə də qoymurlar...
Azərbaycan gündən-günə inkişaf edir, sosial-iqtisadi sferada yeni-yeni dövlət proqramları reallaşdırılır. Bu proqramlar çərçivəsində Nəqliyyat Nazirliyinə həvalə edilmiş tədbirlər sırasında qəsəbələrarası yolların tikintisi və əsaslı təmiri də yer alır. Abşeron rayonunun Saray qəsəbəsində bu sahədə görülmüş işlər əlbəttə, təqdirəlayiqdir. Lakin qəsəbə sakinlərinin uzun illərdən bəri həllinə çalışdığı bir məsələ- Bakı-Saray, Saray-Bakı marşrutu ilə işləyən yeni marşrutun açılması məsələsi təəssüf ki, hələ də həllini tapmayıb.

Saray sakinlərini nökər yerinə də qoymurlar...

Rəsmi məlumatlara görə Saray qəsəbəsində qeydiyyatda olan 15 minədək əhali yaşayır. Qeyri-rəsmi məlumatlarda isə bu rəqəm 40-45 min civarında dəyişir. Bu qədər əhalinin əksər hissəsi hər gün iş dalınca paytaxt Bakıya üz tutur və gediş-gəliş problemi ilə üzləşir. Məsələ ondadır ki, qəsəbə sakinləri ümidlərini Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən 501 və 503 saylı avtobuslara bağlayıb. Bakıya vaxtilə işləyən birbaşa marşrut isə hansısa işbazların səyləri ilə ləğv edilib. Qəsəbə sakinləri bu məsələdə 501 və 503 saylı marşrutların sahiblərinin əli olduğunu düşünür. Necə olmasa, hər gün külli miqdarda qazanc gətirən marşrut üzrə 45 yerlik avtobuslarda çox zaman 60-70 sərnişin daşıyırlar. Özü də bu avtobuslar Saray qəsəbəsinə çatana kimi artıq ağızbağız dolu olur. Nəqliyyat Nazirliyinin rəsmiləri dəfələrlə öz çıxışlarında qeyd edirlər ki, rayonlar və şəhərlər arasında işləyən avtobuslarda oturacaq yerlərindən artıq sərnişin daşımaları qadağandır. Amma biz bunun tamamilə əksini görür və qəsəbə əhalisinin min bir əziyyətlərə qatlaşmasının şahidi oluruq. Marşruta imkan tapıb minə bilməyən vətəndaşlar isə yolüstü təsadüfi maşınlarla və qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülərin minik vasitələri ilə getməyə məcbur olurlar. Bu da azmış kimi, Tarif Şurasının müəyyən etdiyi qiymətlərə də məhəl qoyan yoxdur. Tarif Şurasının qərarına görə Sumqayıt-Saray istiqamətində gediş haqqı 30 qəpik, Saray-Bakı istiqamətində isə 35 qəpik müəyyən edilmişdir. Ancaq 501 və 503 saylı avtobuslarda sərnişinin haradan mindiyindən asılı olmayaraq 50 qəpik gediş haqqı tələb edən vicdansız, əxlaqsız, kimliyi bilinməyən bəzi sürücülərə rast gəlirik. Mədəniyyətdən xəbərsiz sürücülər çox zaman sərnişinləri təhqir edir, onların hüquqlarını pozurlar. Adları yuxarıda keçən avtobuslarda qanun-qayda yaratmağın vaxtı çoxdan çatsa da hələ ki, görünür, Nəqliyyat Nazirliyində bunu düşünən yoxdur. Bu səbəbdən qəsəbə əhalisi haqlı olaraq soruşur ki, Bakıdan şəhərətrafı bütün kənd və qəsəbələrə marşrut avtobusları işlədiyi halda Saray qəsəbəsini niyə unudublar? Saray sakinləri gözləyir ki, Nəqliyyat Nazirliyinin rəhbərliyi bununla bağlı müvafiq strukturlara Bakıdan Saray qəsəbəsinə işləyən marşrutun bərpa edilməsi barədə göstəriş verəcək və problemin həlli mümkün olacaq. Bunun Nəqliyyat Nazirliyinin qəsəbə əhalisinə ən böyük hədiyyəsi kimi qəbul ediləcəyinə şübhə yoxdur. Sakinlərin canı onların qanına susayan "zəli" sürücülərdən xilas edilməlidir. Saray qəsəbəsində bu aktual problemin tezliklə həllinə biz də inanırıq. Dövlət başçısı hər dəfə öz çıxışlarında dönə-dönə vurğulayır ki, "məmurlar vətəndaşlara qayğı göstərməli, onlara daha yaxın olmalı, onların xidmətində dayanmalıdırlar. Biz hamımız xalqın xidmətçiləriyik". Prezidentimizin dediklərini rəhbər tutan qəsəbə camaatı Bakı-Saray, Saray-Bakı marşrutu ilə işləyən avtobus xəttinin açılması üçün Nəqliyyat naziri Ziya Məmmədovdan dəstək gözləyir. Bunun üçün ölkəmizdə kifayət qədər sərnişin avtobusu var. Sadəcə gərəkli addım atılması kifayətdir.

Geri qayıt