Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Dövlət Neft Akamediyasında rekotrluq uğrunda savaş başlayıb

Dövlət Neft Akamediyasında rekotrluq uğrunda savaş başlayıb


4-04-2015, 15:26
Dövlət Neft Akamediyasında rekotrluq uğrunda savaş başlayıb
Artıq xəbər verildiyi kimi cari ilin ilk günlərindən Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektorunun səlahiyyətləri tədriz işləri üzrə prorektor Vaqif Qurbanov tərəfindən həyata keçirilir. Ölkənin neft sənayesi üzrə yüksək ixtisaslı mütəxəssislər yetişdirən ən böyük ali təhsil müəssisəsinin rəhbərliyinə kimin təyin olunacağı barədə hələlik müxəlif ehtimallar irəli sürülür. ADNA-da olan mənbələr isə Vaqif Qurbanovun özünün də bu posta iddialı olduğunu vurğulayırlar. Hətta bəziləri bu xüsusda prorektorun şanslarını da kifayət qədər yüksək qiymətləndirirlər. Amma hələlik bu təyinatın mümkün qədər uzanmasını arzulayan bir kontingent varsa, o da Neft Akademiyasının tələbələridir. Bunun isə olduqca tutarlı səbəbi var. Bu günlərdə redaksiyamızın qonağı olmuş bir qrup tələbə akademiyada gözlənilən təyinatla bağlı gedən söz-söhbətlər barədə maraqlı açıqlamalar veriblər. Tələbələrin dediyinə görə, Vaqif Qurbanov gözlənilən təyinat ərəfəsində öz reytinqini qaldırmaq məqsədilə müəyyən addımlar atmağa qərar verib. Akademiyanın dəhlizlərində belə danışılır ki, Vaqif müəllim növbəti imtahan sessiyasının pulsuz keçirilməsini planlaşdırıb. Təbii ki, əgər o vaxta qədər təyinat məsələsi həll olunmasa. Məhz bu vasitə ilə prorektor hazırda daşıdığı vəzifənin əvvəlində gələn və onu olduqca narahat edən üç hərfin nəhayət ki, aradan götürülməsi şanslarını artırmaq niyyətindədir. Doğrudur, bu qərar həyata keçəcəyi təqdirdə akademiyanın bir çox əməkdaşları – müəllimlər, kafedra müdirləri, dekanlar artıq planlaşdırdıqları maliyyə fəaliyyətlərində müəyyən “arzuolunmaz” dəyişikliklər etməli olacaqlar. Lakin necə deyərlər, incəsənət qurbanlar tələb edir. Bəli, bəli, məhz incəsənət. Çünki ssenarisi Vaqif Qurbanov tərəfindən yazılmış, elə quruluşu da onun tərəfindən hazırlanan bu “obyektiv sessiya” adlı səhnə əsərində böyük ehtimalla kütləvi səhnələr də, dramatik epizodlar da, intriqalar və hətta bəzi detektiv elementlər də nəzərdə tutulub. Amma ümumilikdə sözsüz ki, bu əsəri komediya janrına aid etmək olar. “Obyektiv sessiya” komediyası. Pis səslənmir, elə deyilmi? Bir də akademiyanın öz “gəlirlərini” bu layihəyə qurban verməli olacaq bəzi əməkdaşlarının həddindən ziyadə narahat olmaları üçün elə də ciddi əsas yoxdur. Məsələ bundadır ki, Vaqif Qurbanovun ADNA-ya rektor təyin olunacağı təqdirdə, artıq növbəti imtahan sessiyasında hər kəs öz “itirdiklərini” yenidən qazanacaq. Həm də artıqlaması ilə. Bax o zaman komediya öz yerini əsil faciəyə verəcək. Ən azından tələbələr üçün. Yeri gəlmişkən, bizimlə öz fikirlərini bölüşən tələbələr “obyektiv sessiya”nın kulminasiya nöqtəsi kimi məhz Vaqif Qurbanovun rektor vəzifəsinə təyin olunacağı məqamı görürlər. Həmin tələbələrdən birinin dili ilə desək, əgər Vaqif müəllim həqiqətən də rektor təyin olunarsa, bax bu olar əsil komediya. Amma ciddiliyə qalarsa, onlar Vaqif Qurbanovun ADNA-ya rektor təyin olunacağını o qədər də inandırıcı hesab etmirlər. Çünki son bir neçə ildə bu ali təhsil müəssisəsində həyata keçirilən bütün pul yığımları məhz tədris işləri üzrə prorektorun nəzarətində olub. Əslində bu gün ADNA-nın pedaqoji heyətində tələbkarlığı, prinsipiallığı və obyektivliyi ilə seçilən müəllim və professorlar heç də az deyil. Lakin prinsipiallıq başqa, rəhbərliyin qoyduğu “planı” yerinə yetirməmək tam başqa. Tələbələr deyirlər ki, onlar özləri dəfələrlə imahanlarda “ödənişli” qiymət yazmağa məcbur edilən müəllimlərinin səmimi utanc hissi keçirmələrinin şahidi olublar. Bununla belə Vaqif Qurbanovun və onun göstərişlərinin həyata keçirilməsinə nəzarət edən bəzi kafedra müdirləri və dekanların əleyhinə getmək, axına qarşı üzmək kimi bir şeydir. Nəticəsi olmayacaq. Buna görə də indi ADNA-nın tələbələri bir tərəfdən “obyektiv sessiya” gözləntiləri ilə müəyyən sevinc hissi yaşasalar da, digər tərəfdən Vaqif Qurbanovun həqiqətən də rektor təyin olunacağı təqdirdə onları və ümumilikdə akademiyanı gözləyən daha böyük problemlərdən bərk narahatdırlar.

Geri qayıt