Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İşçisi ölkənin baş ekspertizasını necə yoldan çıxarıb...

İşçisi ölkənin baş ekspertizasını necə yoldan çıxarıb...


3-04-2015, 15:05
İşçisi ölkənin baş ekspertizasını necə yoldan çıxarıb...
Deyirlər pul hər şeyi həll etmir. Mübahisə etməyəcəyik. Amma bunu da etiraf etmək lazımdır ki, hüdudsuz olmasa da, pulun imkanları çox böyükdür. Həm də bu imkanlar eyni müvəffəqiyyətlə həm xeyir əməllərə, həm də xoşagəlməz fəsadlara, hətta müxtəlif faciələrə də vəsilə ola bilər. Yaxın qohum-qonşuların, dost və ya qardaşların məhz pul üstündə aralarının dəyməsi kimi hallar da təbii ki, belə fəsadlardandır. Və təəssüflər olsun ki, müasir dövrümüzdə bu kimi hallara daha çox rast gəlinir. Elə bir vaxtlar mehriban qonşuluq və yaxın ailəvi dostluq əlaqələri ilə diqqəti cəlb edən Şıxməmmədovlar və Kamilovların da münasibətləri pul üstündə korlanıb. Son bir neçə il əzində isə bu münasibətlər daha da gərginləşərək, artıq məhkəmə salonlarında aydınlıq gətirilməsi tələb olunan bir həddə çatıb. Məsələnin mahiyyətində isə hələ 2008-ci ilin əvvəllərində Şıxməmmədovların Rəna Kamilovadan böyük məbləğdə borc pul almaqları durur. Redaksiyamıza müraciət etmiş Rəna Kamilova bildirir ki, həmin vaxt Xədicə Şıxməmmədova ona müraciət edərək, ailələrinin təcili həllini tələb edən bir neçə məsələ ilə üzləşdiyini və bu səbəbdən böyük məbləğdə nəğd pul vəsaitlərinə ehtiyacları olduğunu söyləmişdir. Qeyd edək ki, Şıxməmmədovlar maddi cəhətdən kifayət qədər təmin olunmuş ailədirlər. Bununla belə, nəğd pula olan ehtiyac onları borc istəməyə sövq etmişdir. İstənilən halda, 2008-ci ilin 29 fevral tarixindən 13 mart tarixinədək olan dövr ərzində Rəna Kamilova bir neçə dəfəyə Şıxməmmədovlara 15000 (on beş min) ABŞ dolları, 5000 (beş min) ABŞ dolları, 5000 (beş min) avro və 4000 (dörd min) manat məbləğində borc pul vermişdir. Şikayətçinin dediyinə görə bu proseslərdə Xədicə Şıxməmmədovanın mərhum həyat yoldaşı Nurməmməd Şıxməmmədovun sürücüsü (Nurməmməd müəllim bir müddət əvvəl dünyasını dəyişdiyinə görə. materialda onunla bağlı bir çox epizodlar ixtisara salınıb – red.) və oğlanları, Anar və Vüqar Şıxməmmədovlar da iştirak ediblər. Bundan bir neçə ay sonra Şıxməmmədovlar özlərinə məxsus olan mənzillərdən birini sataraq, borclarının bir hissəsini ödəyirlər. Rəna Kamilova bildirir ki, həmin vaxta Şıxməmmədovların ona və digərlərinə olan ümumi borcu 500000 (beş yüz min) dollar civarında olduğundan, satılan mənzilin pulu bu məbləğin yalnız bir hissəsini ödəyir. O cümlədən, Şıxməmmədovlar Rəna xanıma da müəyyən məbləğ ödədikdən sonra, ona 10000 (on min) ABŞ dolları məbləğində borclu qalırlar. Məhz bu pulu Rəna Kamilova bu günə qədər geri ala bilmir. Qeyd etmək lazımdır ki, hal-hazırda Anar Şıxməmmədov Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində, Vüqar Şıxməmmədov isə Mədəniyyət və Turizm Nazirliyində işləyirlər. Bir müddət bundan əvvəl isə Rəna Kamilova Anar Şıxməmmədovun işlədiyi Birliyin rəhbərliyinə məsələnin həllində köməklik göstərmələri xahişilə məktubla müraciət etmişdir. Birliyin Baş direktorunun müavini, professor Ədalət Həsənov tərəfindən imzalanmış cavab məktubunda isə göstərilmişdir ki, bu xüsusda qurumun rəhbərliyi tərəfindən araşdırma aparılmış və Anar Şıxməmmədovdan müvafiq izahat alınmışdır. Həmin izahatda Anar Şıxməmmədov göstərmişdir ki, Rəna Kamilova ilə aralarında olan borc məsələsi çoxdan həll olunmuş və hətta bu xüsusda olmuş məhkəmə araşdırması nəticəsində qarşı tərəfin tələbinin qeyri-qanuni olduğuna dair qərar da çıxarılmışdır. Lakin ehtimal etmək lazımdır ki, Birliyin rəhbərliyi, yəni hörmətli Şakir Musayev öz əməkdaşlarına həddən artıq etibar etdiklərindən, Anar Şıxməmmədovdan həmin qərarı təqdim etməyi tələb etməyiblər. Halbuki, belə bir tələb irəli sürülsəydi, Anar Şıxməmmədovun bu iddiasının həqiqətə uyğun olmadığı aşkarlanardı. Məsələ bundadır ki, 05.08.2011-ci il tarixində Yasamal Rayon Məhkəməsində keçirilmiş həmin məhkəmə iclasında çıxarılan qərarda bildirilir ki, tərəflərin məhkəməyə gəlməməsi səbəbilə mülki iş baxılmamış saxlanılmışdır. Bu qərarın bir nüsxəsi də Yasamal Rayon Məhkəməsi tərəfindən 10.08.2011-ci il tarixli məktubla Rəna Kamilovanın yaşadığı ünvana göndərilmişdir. Belə çıxır ki, Anar Şıxməmmədov artıq öz rəhbərliyi ilə münasibətində belə səmimi olmayıb. Bu isə razılaşaq ki, onun gətirə biləcəyi digər dəlillərin obyektivliyini də şübhə altına almağa ciddi əsaslar verir...


Geri qayıt