Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Neftçalada bazar qalmaqalı səngimir - Başçıdan narazılıq var

Neftçalada bazar qalmaqalı səngimir - Başçıdan narazılıq var


16-01-2015, 14:59
Neftçalada bazar qalmaqalı səngimir - Başçıdan narazılıq var
Məlum olduğu kimi, ölkə rəhbərliyi regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirir. Sirr deyil ki, son illər bölgələrdə geniş abadlıq-quruculuq işləri aparılıb və əhalinin sosial durumunun yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Düzdür, iş olan yerdə qüsur da olmalıdır. Amma bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri bilərəkdən qanunsuz işlərə əl atırlar. Ki, nəticədə əhali arasında narazılıq hallarının sayı artır. Ölkəmizin inkişafdan qalan rayonlarından biri də Neftçaladır. Rayonun əksər idarə və müəssisə rəhbərlərinin, o cümlədən icra başçısı İsmayıl Vəliyevin səbəb olduğu qanunsuzluqlar haqqında bu günədək mətbuatda dəfələrlə silsilə tənqidlər gedib. Buna baxmayaraq, nə icra başçısı, nə də digər məmurlar özbaşına əməllərindən əl çəkirlər.

Bu isə rayonda sosial problemlərin gündən-günə artmasına gətirib çıxarır. Xatırladaq ki, hələ bir neçə ay öncə Neftçalada avtovağzal ola-ola icra başçısı İsmayıl Vəliyevin yeni bazarın yaxınlığında ikinci avtovağzal tikdirməsi barədə yazı dərc etmişdik. Təəssüf ki, aidiyyəti dövlət qurumları səviyyəsində məsələyə münasibət bildirilmədi. Elə buna görə də hazırda rayonda vəziyyət qənaətbəxş deyil. Adının çəkilməməsini xahiş edən Neftçala sakininin redaksiyamıza ötürdüyü məlumatlara görə, İsmayıl Vəliyev və onun ətrafında cəmləşən bir qrup məmur rayonu əməlli-başlı bərbad vəziyyətə salıb: "Başçının ən yaxın adamlarından biri Neftçala İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsinin baş məsləhətçisi, aqronom Babayev Əlikömək Dadaşbala oğludur. O vaxtilə əhalinin istifadəsində olan əkin sahələrini qanunsuz şəkildə satıb. İsmayıl müəllimin bir çox işlərini baş məsləhətçi həyata keçirir. Məlumat üçün deyim ki, rayonda iki bazar fəaliyyət göstərir- təzə və köhnə bazar. Əlikömək Babayev köhnə bazarın ərazisini sökdürüb yerini satmaq istəyir. Təbii ki, başçının tapşırığı ilə. Çünki rayonda icra hakimindən xəbərsiz heç bir iş görmək mümkün deyil. Bazarın ərazisi 30 hektar, qiyməti isə təxminən 3 milyon manat civarındadır. Baş məsləhətçi bazarı dağıtmaq üçün müxtəlif vasitələrə əl atır. Belə ki, Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti hüqüq-mühafizə orqanlarının əməkdaşları hər gün köhnə bazara göndərilir. Burda sahibkarlıq fəaliyyəti ilə məşğul olub ailəsinə 5 manat çörək pulu aparan şəxsləri incidirlər. Bazarda işləyən insanlar şikayətlərini bildirmək üçün başçının qəbuluna düşə bilmirlər. Daha doğrusu, İsmayıl Vəliyevi yerində tapmaq olmur. Onu ancaq restoranlarda tapmaq mümkündür". Mənbənin sözlərinə görə, rayon rəhbəri vətəndaşların problemləri ilə maraqlanmır: "İsmayıl müəllim ancaq özü üçün çalışır. Onun göstərişi ilə avtovağzal yeni bazarın ərazisinə köçürülüb. Köhnə avtovağzalda hər cür şərait olsa da, başçı özünə məxsus olan yeni bazarın ərazisində avtovağzal yaratmaqla gəlirlərini artırmaq barədə fikirləşir. Rayondan Bakıya və digər bölgələrə işləyən taksi və sərnişin avtobusları məhz yeni bazarın ərazisində dayanırlar. Əks halda, rayon rəhbəri həmin sürücülərin cəzalandırılması üçün aidiyyəti şəxslərə göstəriş verir. Yeni avtovağzal isə Aydın Aslanovun nəzarətindədir. Bu şəxs əvvəllər Neftçala Rayon Polis Şöbəsində işləyib. Lakin işdə yol verdiyi ciddi nöqsanlara görə polis sıralarından qovulub. Polisdən çıxandan sonra bir müddət köhnə bazarda yer pullarını yığıb. İsmayıl Vəliyevlə münasibətlərini yüksək səviyyəyə çatdırdıqdan sonra isə yeni avtovağzala rəhbərlik etməyə başlayıb. Hazırda rayonda vəziyyət olduqca ağırdır. Köhnə bazarda ticarətlə məşğul olan insanlar sıxışdırılır. Bazarın yerinə göz dikən başçı nəyin bahasına olursa-olsun, buranı sökdürüb yerini hansısa iş adamına vermək istəyir. Təsəvvür edin köhnə bazar sökülsə, onlarla ailə ac qalacaq. Neftçala Rayon Polis Şöbəsinin "serjantları" Xəqani Səfərov və Sabir Muradov hər gün köhnə bazara gələrək sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanları incidir, onlara qarşı kobudluq edirlər. Bəzi ticarətçilər yeni bazardan balıq alıb köhnə bazarda satmaq istəyir, amma adları çəkilən polis işçiləri buna imkan vermir. Aydın Aslanov və digərləri balıqçıları incitmək üçün Mələk adlı baytar həkimi onların üstünə göndərir. Bu günlərdə 300 nəfər balıqçı heç bir səbəb olmadan cərimələnib. Bütün bu fəsadları törədən İsmayıl Vəliyev və ətrafındakı insanlardır. Bir faktı da nəzərinizə çatdırmaq istəyirəm. Rayonda bələdiyyə seçkiləri o qədər də ürəkaçan olmadı. İcra başçısının Neftçala şəhər bələdiyyəsinin sədri postuna namizədi Aydın Aslanovdur. Artıq rayonda dolaşan məlumatlara görə, Aydın Aslanov Neftçala şəhər bələdiyyəsinin sədridir. Halbuki, Mərkəzi Seçki Komissiyası yekun nəticələri açıqlamayıb. Aydın Aslanov bələdiyyə sədri seçiləcəyi təqdirdə işlər daha da pisləşəcək. Bir sözlə, İsmayıl Vəliyev, Əlikömək Babayev və Aydın Aslanov üçlüyü rayonda ürəkləri istəyən hərəkətləri edir. Amma onlara güldən ağır söz deyən yoxdur". Deyilənə görə, köhnə bazarda söküntü işləri aparılan zaman Neftçala İcra Hakimiyyəti başçısının birinci müavini Dilavər Əliyev İsmayıl Vəliyevin arxasınca bəzi xoşagəlməz fikirlər səsləndirib. Bu haqda növbəti saylarımızda müfəssəl məlumat verməyə çalışacağıq. Bizi izləyin.

Geri qayıt