Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin rəhbəri postunda özünü diskomfort hiss edir

Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin rəhbəri postunda özünü diskomfort hiss edir


4-12-2014, 14:33
Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin rəhbəri postunda özünü diskomfort hiss edir
DİA.AZ: - Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti postunda dəyişiklik məsələsi yenidən gündəmdədir. Bu şok məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə verib.

Xəbəri verən qaynaq iddia edir ki, Rövnəq Abdullayev bu günə qədər iqtidardaxili qruplaşmalardan kənarda qaldığını nümayiş etdirməyə çalışırmış kimi görünsə də, buna nail ola bilməyib:

«Əksinə, bu gün Rövnəq Abdullayev iqtidardaxili münasibətlərdə ciddi bir tərəf kimi çıxış edir. Hətta yeni ambisiyalarını da ortaya qoyub ki, bu da ona qarşı ciddi cəbhələşmə yaradıb. Vəziyyət o həddə qədər çatıb ki, ARDNŞ şefinin vəzifədən alınması, onun yerinə kadrın müəyyən olunması da iqtidar dəhlizlərində müzakirə predmetinə çevrilib».

Dia.az-a danışan mənbə onu da bildirib ki, Rövnəq Abdullayev əslində bu gün əlində ciddi maliyyə resursları olan qüvvə kimi formalaşdığından bəzi dairələr onu təhlükə kimi görürlər: «Rövnəq Abdullayev 2005-ci ildən yeni gücə çevrilməyə başlayıb. Bakı Neft Emalı Zavoduna rəhbərlik etdiyi dönəmdə də kifayət qədər ciddi imkanları var idi. Amma indi onun əlində böyük bir maliyyə imperiyası var. Kifayət qədər şəbəkələşə bilib. Bu isə bəzi dairələrin marağında deyil».

Mənbə iddia edir ki, bu səbəbdən Rövnəq Abdullayevə qarşı ciddi dəlillərin yer aldığı faktlar hakimiyyətin üst düzəyinə davamlı şəkildə ünvanlanmaqdadır: «Təbii ki, nəhayətdə bu prosesin ARDNŞ şefini kürsüsündən salacaq həddə qədər inkişaf etməsi mümkündür».

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt