Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Saatlı rayonunda cəmi bir seçici var - O da icra hakimiyyətinin başçısı

Saatlı rayonunda cəmi bir seçici var - O da icra hakimiyyətinin başçısı


2-12-2014, 14:43
Saatlı rayonunda cəmi bir seçici var - O da icra hakimiyyətinin başçısı
Mövzuya dair ötən yazılarımızda da biz dəfələrlə belə bir fikri vurğulamışıq ki, ilk növbədə mövcud olduğu ərazidə yaşayan əhalinin ictimai sosial-məişət problemlərinin həllini təmin etmək üçün yaradılmış yerli özünü idarə orqanları – bələdiyyələr, təəssüflər olsun ki, əksər hallarda hələ də Rayon İcra Hakimiyyəti orqanlarının bir strukturu kimi fəaliyyət göstərirlər. İlk növbədə qeyd olunmalıdır ki, bu gün əksər regionlarda nəticə etibarı ilə rayon rəhbərliyinin xeyir-duası olmadan bələdiyyə sədri seçilməyin özü də çox müşkül işdir. Artıq çox az bir müddətdən sonra, dekabr ayının 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıq işləri ilə bağlı redaksiyamıza bəzi bölgələrdən daxil olan məktublarda da rayon icra hakimiyyəti rəhbərləri tərəfindən arzuolunmaz müdaxilələrə yol verildiyi bildirilir. Bu xüsusda Saatlıdan aldığımız şikayət məktublarında isə, bu rayonda seçki öncəsi vəziyyətin tamamilə RİH-nin nəzarətində olduğu bildirilir. Təbii ki, rayondakı ümumi vəziyyətə nəzarət icra hakimiyyətinin birbaşa vəzifə borcudur. Lakin bu nəzarətin seçki öncəsi hazırlıq işlərinə və yaxud da seçkilərin gedişinə müdaxilələrdə təzahür etməsi heç də yaxşı nəticələr vəd etmir. Aldığımız məlumatlarda bildirilir ki, bu gün Saatlıda qətiyyən seçki abu - havası hiss olunmur. Başqa sözlə desək, namizədlikləri irəli sürülmüş şəxslərdən savayı kimsə seçki barədə düşünmür. Belə durumun yaranmasını isə yerli sakinlər ilk növbədə ümumiyyətlə bələdiyyələrin fəaliyyətindən narazı olmaları ilə izah edirlər. Yeri gəlmişkən, biz ötən materiallarımızda da qeyd etmişik ki, bu və ya digər dərəcədə səlahiyyət və sərbəstliklərə nail olmuş əksəriyyət bələdiyyə strukturları imkanlarını əməli iş üçün deyil, şəxsi sərvətlərini artırmaq üçün səfərbər edirlər. Bu qəbildən olan şəhər, qəsəbə və kənd bələdiyyələrinin fəaliyyəti dövrü olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Bəzi yerlərdə isə ümumiyyətlə bu qurumların mövcudluğu yalnız rəsmi tədbirlərin gedişi zamanı müşahidə olunur. İndi Saatlıdan aldığımız məlumatlarda da təxminən belə bir vəziyyət təsvir olunur. Rayon sakinləri təsdiq edirlər ki, yerli bələdiyyələr mövcud olduqları bütün müdət ərzində rayon icra hakimiyyətinin bir şöbəsi kimi fəaliyyət göstəriblər. Bu barədə məktublardan birində növbəti sətirləri oxumaq olar: “Rayonumuzdakı bələdiyyələr indiyədək torpaq satmaqla yalnız icra başçısı Siraqəddin Cabarovun və başçının 1-ci müavini İlham Quliyevin biznes maraqlarına xidmət ediblər. Buna görə də icra başçısı kimi istəsə, həmin şəxs də bələdiyyə üzvü olacaq. Bələdiyyə sədri vəzifəsinə isə “təyinat” pulludur və onun da qiymətini S.Cabbarov şəxsən özü müəyyənləşdirir...” Bununla bağlı məlumatlarda bildirilir ki, rayon bələdiyyə sədrinin kim olacağı da artıq bəllidir. Bu Rusiyada yaşayan iş adamı Əlizaman Rəhimovun kiçik qardaşı Fizuli Rəhimovdur. Yenə də iddialara görə, icra başçısı Siraqəddin Cabbarovla sıcaq münasibətdə olan Əlizaman Rəhimov qardaşının bələdiyyə sədri olması üçün 60 min manat pul verib. Bundan başqa isə məlumatlarda bildirilir ki, əvvəllər bələdiyyə üzvlüyünə namizədliyini vermiş şəxslər özləri sakinlərin evlərinə gedib, vətəndaşlardan imzalar götürürdülər. Bu dəfə isə Saatlıda imza toplama kampaniyasının necə, hansı şəraitdə və harada aparıldığından sadə vətəndaşların xəbəri belə olmayıb. Mənbələrin iddialarına görə bələdiyyə üzvlərinin siyahısı 4-5 ay əvvəldən hazırlanıb. Daha sonra məlumatlarda qeyd olunur ki, rayon bələdiyyəsinin hazırkı sədri Pünhan Pənahovun namizədlıyi YAP tərəfindən irəli sürülsə də, başçı S. Cabbarov onu “arzuolunmaz” şəxslərin siyahısına salıb. Saatlıdan gələn məlumatlara görə, namizədliklərini irəli sürmək istəyən şəxslərin üzərində icra hakimiyyətinin çox ciddi nəzarəti hökm sürür. Həmin şəxslərin kimliyi, nə işlə məşğul olmaları və bütün digər məqamlar barədə ətraflı məlumatlar ərazi üzrə icra nümayindələri tərəfindən icra başçısına təqdim olunan müvafiq arayışlarda öz əksini tapır. Təqdim olunmuş materiallar araşdırıldıqdan sonra isə icra başçısı bu namizədə dair öz qərarını verir...
\\ bizimdövr \\
Geri qayıt