Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bazarlarımıza nəzarət olunmur? - Ermənilərlə eyni məhsulu bölüşürük...

Bazarlarımıza nəzarət olunmur? - Ermənilərlə eyni məhsulu bölüşürük...


18-11-2014, 15:09
Bazarlarımıza nəzarət olunmur? - Ermənilərlə eyni məhsulu bölüşürük...
Azərbaycanda satışda olan Rusiyanın “Russkiy produkt” fabrikinin məhsulu olan “Herkules” uşaq yeməklərinin üzərində xarici dillərdə, hətta erməni dilində məlumat olmasına baxmayaraq, Azərbaycan dilində qeyd yoxdur. Bu isə “Azərbaycan dili haqqında” qanunun pozulması deməkdir. Hazırda bu məhsullar paytaxtın bütün market və mağazalarında satılır.

Bu qanun pozuntusunun nə üçün baş alıb getdiyinə aydınlıq gətirmək üçün ilk növbədə “Herkules”i Azərbaycana gətirən “Siren” firması ilə əlaqə saxladıq. Firmanın nümayəndəsi Anar Kaşiyevlə əvvəlcə suallarımıza cavab verməkdən yayınıb, bir qədər sonra bizimlə əlaqə saxlayacağını bildirdi. İki saat gözləyəndən sonra yenidən firmaya zəng etdik. Bu dəfə nəhayət ki, Anar Kaşiyev sualımızı cavablandıraraq dedi ki, üzərində Azərbaycan dilində qeyd olmayan “Herkules” uşaq yeməkləri artıq satışdan çıxarılıb: “Haqlısız, qanun pozuntusuna yol vermişik. Ermənistan bu zavodun məhsullarını daha əvvəlcədən tədarük etdiyindən orada erməni dilində qeyd var. Amma biz isə məhsul haqqında Azərbaycan dilində məlumatı stiker vasitəsilə qeyd edirdik. Hazırda şirkətimizin anbarında belə məhsullar yoxdur. Əgər haradasa marketlərdə qalıbsa, yenə də deyirəm bu köhnədən qalan məhsullardır.”

Bazarlarımıza nəzarət olunmur? - Ermənilərlə eyni məhsulu bölüşürük...


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, sözügedən şirkətin rəhbərliyinə dəfələrlə belə məhsulların marketlərdə satışda olduğu barədə məlumat verilib, firma isə bu xəbərdarlıqlara məhəl qoymayıb: “Hazırda da bu mallar bazarda satılır. Onlar bildirirlər ki, üzərinə stiker yapışdırılır. Amma biz bazarda həmin firmanın stikerli malları ilə rastlaşmamışıq. Bu “Yeyinti məhsulu haqqında” Qanuna, eləcə də “Dövlət dili haqqında” Qanuna ziddir. Əslində belə məhsullar ölkəyə buraxılmamalıdır. Bu onu göstərir ki, çox ehtimal bu firma həmin şirkətin rəsmi nümayəndəsi deyil. Rəsmi nümayəndə müqavilə bağlayanda, şərtlərdən biri odur ki, dövlət dilinin tələbləri yerinə yetirilsin. Firma qeydi tərcümə edib həmin şirkətə verməlidir və onlar da bunu etməlidirlər.”

AİB sədri bəzi dövlət qurumlarının bu kimi məsələlərdə nədənsə seyrci mövqe tutduğunu vurğuladı: “Çox təəssüf edirəm ki, bu işə nəzarət edən İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçılara Nəzarət Dövlət Xidməti belə məsələlərdə seyrci mövqe tutur. Digər müvafiq qurumlarda Azərbaycan dilinin qorunmasına diqqət etməlidir. Təəssüf ki, belə məsələlərə göz yumulur. Qanunda qeyd olunur ki, məhsulun üzərində xarici dillə yanaşı, o cümlədən erməni dilinin də olması istisna olunmur, mütləq Azərbaycan dilində də qeydlər olmalıdır. Onu da qeyd edim ki, neçə ildir Ermənistanda və Gürcüstanda dil məsələlərinə çox diqqət yetirilir. Amma Azərbaycanda ümumilikdə götürdükdə “Dövlət dili haqqında” və “Yeyinti məhsulu” haqqında Qanunun tələblərinə təxminən 50 faiz riayət olunur.”

Geri qayıt