Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Türkan qəsəbəsinin icra nümayəndəsi qeybə çəkilib

Türkan qəsəbəsinin icra nümayəndəsi qeybə çəkilib


16-10-2014, 16:31
Türkan qəsəbəsinin icra nümayəndəsi qeybə çəkilib
Paytaxtın Xəzər rayonu ərazisində yerləşən bəzi qəsəbə və kəndlərdə gedən prosesləri müşahidə edərkən belə bir qənaətə gəlmək olar ki, sanki Bakı ətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafına dair qəbul olunmuş dövlət proqramı buraya şamil olunmur. Bu cəhətdən, Türkan qəsəbəsində son illər yaranmış vəziyyət xüsusilə diqqəti cəlb edir. Qəsəbə sakinlərindən aldığımız çoxsaylı şikayət ərizələrində də vurğulanır ki, Türkan qəsəbə bələdiyyəsinin keçmiş sədri və indiki icra nümayəndəsi Hacı Rahil Babayevin törətdiyi qanunsuzluqlar sakinlərin sözün əsil mənasında səfalət içərisində yaşamalarına səbəb olur. Artıq qeyd olunduğu kimi son 4-5 il ərzində bu məmur bir neçə dəfə növbə ilə Xəzər Rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi və qəsəbə bələdiyyəsinin sədri vəzifələrini tutub. Digər tərəfdən isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun kadrı hesab olunan R.Babayev bələdiyyə sədri vəzifəsindən çıxarılandan sonra da öz adamını həmin posta təyin etdirə bilib. Eyni zamanda da iddia olunur ki, Zakir Fərəcov özünün bütün daş karxanalarına məhz R.Babayevin vasitəsilə nəzarət edir. Buna görə də qəsəbədə böyük səlahiyyətlərə sahib olan Hacı Rahilin razılığı olmadan Türkanda bircə qarış belə olsun torpaq alqı-satqısı həyata keçirilə bilməz. Qəsəbə sakinləri bildirirlər ki, bu gün Türkanda, qəsəbənin sahil hissəsində 100 hektarlarla ərazi ayrı-ayrı şəxslərə satılsa da, bu ərazidə qəsəbə sakinlərinə pay torpaqlarının verilməsi qadağan edilib. Həmin torpaqlarda yalnız rayonun vəzifəli məmurları özləri üçün restoran və istirahət mərkəzləri tikdirməklə bizneslərini artırır, qəsəbə sakinlərinin minimum dolanışıqlarını təmin etmələrinə mane olurlar. Bir müddət əvvəl aldığımız məlumatlarda isə Hacı Rahil Babayevin hətta “Heydər Əliyev Fondu”nun prezidenti Mehriban xanım Əliyeva tərəfindən hər ay qəsəbənin birinci qrup əlilləri və imkansız ailələri üçün xüsusi olaraq ayrılan yardımları da həyasızcasına mənimsədiyi bildirilirdi. Mənbənin sözlərinə görə bu yardımlar Hacı Rahil Babayev və icra nümayəndəliyinin bəzi əməkdaşları tərəfindən qəbul edilir və mənimsənilir. Həmin yardım heç bir imkansız ailəyə verilmir. Məlumatlarda vurğulanır ki, bu əməkdaşlar və Hacı Rahil Babayev bir neçə qohumlarına və tabeçiliyində saxladıqları əlillərə təzyiqlər edərək həmin yardımların paylanması barədə müvafiq sənədə imza atdırır, bununla da yardımların guya imkansızlara və birinci qrup əlillərə verilməsi barədə Mehriban xanıma yalan məlumatlar verirlər. Qeyd etmək istərdik ki, Türkanda yaranmış vəziyyət ölkənin digər mətbu orqanları tərəfindən də kifayət qədər işıqlandırılır. Mətbuata yerli mənbələr tərəfindən təqdim olunan məlumatlarda isə qəsəbədə getdikcə artan gərginlik dəqiqliyi ilə əks etdirilir. Bu baxımdan həmin məlumatlardan xüsusilə marağımıza səbəb olmuş bəzi sətirləri olduğu kimi sizlərə də təqdim edirik: “Bu gün Türkan qəsəbəsində qəribə bir vəziyyət əmələ gəlib. Belə ki, qəsəbənin icra nümayədəsi Hacı Rahil tutduğu vəzifədən istifadə edərək vətəndaşların hər bir işinə qarışır, onların şəxsi əmlak və mülkləri ilə bağlı məsələlərə müdaxilə edir. İcra nümayəndəsi eyniylə sovet dönəminə məxsus ab-hava formalaşdırmağa çalışır və hesab edir ki, bu gün hər bir qəsəbə sakini hinindən neçə yumurta götürməsi, bazardan neçə dəstə göyərti alması, həyətində hansı ölçüdə tövlə tikməsi və s. istənilən məsələ ilə bağlı hökmən onu məlumatlandırmalıdır. Kim ki, bu “qaydaya” riayət etmir, deməli, “hökuməti saymır” və deməli ona öz yerini göstərmək lazımdır. Təsadüfi deyil ki, icra nümayəndəsinin bu özbaşınalığı qəsəbədə “Bağdadda kor xəlifə, Türkanda Hacı Rahil” ifadəsinin məşhurlaşmasına səbəb olub. Vətəndaşlar hesab edir ki, belə getsə, Hacı Rahil Türkanda oturub Bağdada belə əl uzadacaq...”Digər bir kənd sakini isə deyir ki, qəsəbənin problemləri dövlət qurumlarının yadından çıxıb: “Yol problemi, işsizlik problemi qalır. Elə bil ki, kəndə bircə Heydər Əliyev Fondu baxmalıdır. Fond olmasa kəndin xəstəxanası, məktəbi, yolu qara gündə olar. Bu qədər dövlət qurumu nəyə lazımdır? Şikayət yazırsan, göndərirlər icra hakimiyyətinə. Oradan da Hacı Rahilə. Nəticə də olmur. Türkandakı polislərin günü onun “Türkan” kafesində keçir. Söz deyirsən, polisi göndərir qapına. Halbuki, onun öz obyektlərində işıq da, qaz da sayğacsızdı. Qış oldu, qazımız olmur. Amma Türkandakı istixanalarda qaz fontan vurur. Camaat evində donanda, bunlar xiyar-pomidora istilik verirlər. Sonra da deyirlər ki, bu camaat nədən narazıdır...”

Geri qayıt