Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > SOCAR Şirvan sakinlərinin ölüm kabusuna çevrilib

SOCAR Şirvan sakinlərinin ölüm kabusuna çevrilib


16-10-2014, 14:42
SOCAR Şirvan sakinlərinin ölüm kabusuna çevrilib
Bildiyiniz kimi, "SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkə ərazisində neft məhsullarının alqı-satqısını təşkil edir, çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun təchizat xidmətini həyata keçirir. Məlumat üçün bildirək ki, QSC Azərbaycan Respublikasının hüdudları daxilində inkişaf etməkdə olan nəqliyyat infrastrukturuna günün tələbi səviyyəsində hərtərəfli xidmət göstərmək, YDM şəbəkəsinin əhatə dairəsini genişləndirmək və bu sahəni inkişaf etdirmək üçün irihəcmli sərmayə qoyuluşları həyata keçirməyi planlaşdırır.

Lakin Qapalı Səhmdar Cəmiyyətinin yerlərdə fəaliyyət göstərən terminallarında bir sıra qanun pozuntuları üzə çıxmaqdadır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, "SOCAR Petroleum"un Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində yerləşən 2 saylı terminalında neqativ hallar yaşanmaqdadır. Bununla bağlı bildiyi məlumatları bizimlə paylaşan mənbənin sözlərinə görə, terminalın müdiri Rahib Həşimovun qeyri-qanuni hərəkətləri dövlət müəssisəsində ciddi problemlərin yaranmasına gətirib çıxarıb: "Rahib müəllim günlərlə işə çıxmır. Onun terminaldakı işlərini yaxın qohumları həyata keçirir. Terminalda vəziyyət gündən-günə ağırlaşır. "Qarasu" əməliyyat şirkəti ilə əməkdaşlıq edən müəssisə yanacaq məhsullarının daşınması və vaqonlardan maşınlara boşaldılması zamanı müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmir. Yanacaq maşınları fərdi yaşayış evlərinin bir neçə metrliyində dayanır və vaqonlardan həmin maşınlara yanacaq boşaldılır. Allah eləməmiş həmin vaxt hansısa bədbəxt hadisə baş versə, ətrafda yaşayan insanlara böyük ziyan dəyə bilər. "Qarasu" əməliyyat şirkətinə məxsus maşınlar terminaldan dizel yanacağı götürüb guya şirkətin qarajına aparırlar. Halbuki, terminaldan götürülən yanacaq Şirvan şəhərinin Çılpaqlı qəsəbəsindəki evlərdən birinə boşaldılır. Və həmin evdə dizel yanacağı kanisterlə satılır". Mənbənin məlumatına əsasən, 2 saylı terminala işləyən dəmir yolu xətti xeyli müddətdir ki, sıradan çıxıb: "Rahib Həşimov dəmir yolu relslərini bir-birinə armatur vasitəsilə qaynaq etdirib. Tonlarla neft məhsulu daşıyan vaqonlar hər an istismar müddətini başa vurmuş dəmir yolu relslərinin üzərindən aşa bilər. Amma terminal müdiri buna heç bir əhəmiyyət vermir. O yalnız və yalnız şəxsi maraqlarını fikirləşir, sərvətini qanunsuz yollarla artırmağa çalışır. Dəmir yolu relslərinin dəyişdirilməməsi gələcəkdə ağır faciələrə gətirib çıxara bilər. Neft və neft məhsullarının daşındığı terminalda müvafiq yol nişanları yoxdur. Yəni vaqonların nə zaman gələcəyi bilinmir. Bu da bəzi problemlərin meydana çıxmasına səbəb olur. Bir məsələni deyim ki, Rahib Həşimova yaxın olan sürücülərin idarə etdiyi maşınlar terminalda növbə-filan gözləmirlər. Məsələn, 52-LN-247 dövlət nömrə nişanlı "Kamaz Trayler"in sürücüsü İxtiyar adlı şəxs növbə gözləmədən terminaldan yanacaq doldurur. İxtiyar vaxtilə Qobustan UBR-də işləyib və yanacaq oğurluğuna görə işdən qovulub. Terminal müdiri isə belə işlərə qol qoyan sürücünü yenidən işlə təmin edib. Yəqin İxtiyar kimi sürücülər müdirin işinə yarayır. Bundan başqa, Ceyhun adlı sürücünün idarə etdiyi 52-BH-447 dövlət nömrə nişanlı, həmçinin Ataş adlı şəxsin idarə etdiyi 10-FA-265 nömrəli yanacaq daşıyan maşınlar da növbəsiz terminala girib-çıxırlar. Terminalda avtomobillərə vurulan yanacaq gözəyarı hesablanır. Belə ki, mövcud qaydalara əsasən, yanacaq maşınlara sayğac vasitəsilə boşaldılmalıdır. Amma terminalda sayğac yoxdur. Rahib Həşimov isə deyir ki, pul olmadığı üçün Dövlət Neft Şirkətindən sayğac ala bilmirlər. Əslində, bunların hamısı ağ yalandan başqa bir şey deyil. Müdir yanacağın maşınlara sayğacsız boşaldılmasına şərait yaratmaqla bəzi maraqlarını həyata keçirir. Beləcə, tonlarla yanacaq hesabdan silinir. Digər tərəfdən, terminal rəhbərliyi "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması" qaydalarına riayət etmir. Burda çalışan sürücülərin heç biri təhlükəli yükün daşınması marşrutunun tələblərinə əməl etmir. Bu marşrutda yükün texniki adı, sinfi və yarısinfi, təcili tədbirlər kodu, yükün çəkisi, təhlükəli yükü eyni vaxtda daşıyan nəqliyyat vasitələrinin sayı göstərilməlidir. Bu tip yüklər Baş Dövlət Yol Polisi İdarəsinin və Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyinin rəhbərliyinin razılığından sonra daşına bilər. Amma Rahib müəllim bu qaydaları pozaraq öz bildiyi şəkildə iş görür. Onu da bildirim ki, terminalda çalışan işçilərin bir hissəsinin əmək müqaviləsi yoxdur. Buna misal olaraq, Məhəmməd və Lyuba adlı şəxsləri göstərmək olar. Müəssisə rəhbərliyi onların heç biri ilə əmək müqaviləsi bağlamayıb. Bu isə açıq-aşkar qanun pozuntusu, vergidən yayınma halıdır. Rahib Həşimov deyir ki, qanunu mən yazıram, nə istəsəm onu da edərəm". Bizə verilən məlumatda həmçinin terminal rəhbərinin QSC-nin baş direktoru Toğrul Seyidova tabe olmadığına dair məqamlar da var. Mənbə vurğulayır ki, maddi imkanları hədsiz geniş olan müdir əksər hallarda baş direktorun arxasınca danışır, onun tapşırıqlarını qulaqardına vurduğunu bildirir. Qeyd olunan fikirlər Rahib Həşimovun fəaliyyətindəki xoşagəlməz işlərin sadəcə, bir hissəsidir. Növbəti saylarımızda müdirin terminalda yaratdığı "ailə podratı" və digər qanundankənar əməlləri haqda şok faktları açıqlayacağıq. İnanmaq istərdik ki, "SOCAR Petroleum" QSC-nin baş direktoru Toğrul Seyidov və aidiyyəti dövlət qurumlarının rəsmiləri adıçəkilən şəxsin barəsində tezliklə zəruri tədbirlər görəcək. \\ gundelik-baki \\

Yazı ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

Geri qayıt