Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Kərəm Həsənovla Şeyxin qardaşları, Abbas Abbasovun oğlu, Şeyxin qudası… - 2015-ci ildə kimlər mandatlarını itirir

Kərəm Həsənovla Şeyxin qardaşları, Abbas Abbasovun oğlu, Şeyxin qudası… - 2015-ci ildə kimlər mandatlarını itirir


3-10-2014, 16:51
Kərəm Həsənovla Şeyxin qardaşları, Abbas Abbasovun oğlu, Şeyxin qudası… - 2015-ci ildə kimlər mandatlarını itirir
DİA.AZ: - Son günlər bir sıra dairələrdə daha çox müzakirə olunan məsələlərdən biri də qarşıdan gələn parlament seçkiləridir. Xatırladaq ki, gələn il Milli Məclisə növbəti seçkilərin keçirilməsi planlaşdırılır. Və indidən bəzi deputatların mandatları ilə vidalaşacağı haqda müəyyən rəylər var.

Bu barədə DİA.AZ-a danışan hökumətdəki mötəbər mənbə bildirir ki, mandatı əlindən alınacaq millət vəkillərindən biri 51 saylı Qusar seçki dairəsindən deputat seçilmiş Azər Badamovdur. Mənbənin iddialarına görə, Azər Badamovun «vurulmasında» hansısa siyasi səbəb rol oynamır: «Onunla bağlı seçici şikayətlərinin həlddən-ziyadə olması və bu barədə Milli Məclis rəhbərliyinin belə dəfələrlə müzakirə açması Azər Badamovun «qələminin qırılmasına» nədən olub».

Mənbənin dia.az-a bildirdiklərindən belə anlaşılır ki, hazırda rəsmi Bakı ilə münasibətləri gərgin olan baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu Aydın Abbasov da gələn il cibində gəzdirdiyi mandatını təhvil verənlər sırasında olacaq. Təbii ki, belə bir qərarın verilməsinin nədənlərinin geniş şəkildə izahatına elə də ciddi lüzum yoxdur.

Qaynağa görə, eyni zamanda «Odlar Yurdu» Universitetinin rektoru Əhməd Vəliyev də gözlənilən seçkilərdə parlamentin yeni heyətinin tərkibindən kənarda qalacaq. Dia.az-a bu barədə danışan mənbə iddia edir ki, Əhməd Vəliyevin mandatının əlindən alınması təxmini olaraq «qarşılıqlı anlaşma» şəraitində baş tutub. Bildirək ki, onun oğlu bir neçə ay əvvəl təhsil nazirinin müşaviri postuna təyin olunub.

Məlumatlı mənbənin bildirdiklərindən o da anlaşılır ki, mandatını itirəcək rektor təkcə Əhməd Vəliyev deyil. Mənbə iddia edir ki, daha bir ali məktəb rəhbərinin - Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyevin də gözlənilən seçkilərdə mandat almayacağı indidən anlaşılandır.

Bununla yanaşı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənovun, habelə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun da mandat almayacağını iddia edən məlumatlı mənbə dia.az-a bildirib ki, onların hər üçü ilə bağlı qərarın verilməsində də hazırki iqtidardaxili münasibətlər mühüm rol oynayıb.

Eləcə də Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadənin, habelə onun qudası Hacı Qalib Salahzadənin də mandatlarının aqibətinin kifayət qədər şübhəli olduğunu iddia edən qaynaq onu da əlavə edib ki, ümumilikdə olaraq hazırki parlamentin heyətindən 30-a yaxın millət vəkilinin yenisi ilə əvəzlənməsi gözlənilir.

Məlumatda həmçinin mandatı əlindən alınacaqlar sırasında adı mətbuatda «nurçu deputat» kimi hallandırılan Ceyhun Osmanlının və habelə müxalifət partiyaı kimi tanınan VHP-nin sədri, tanınmış ziyalı Sabir Rüstəmxanlının da adları çəkilməkdədir. Mənbəmiz əlavə edir ki, hakimiyyət konstruktiv müxalifəti təmsil edən deputat cinahına ciddi əl gəzdirməyi düşünmür.

Geri qayıt