Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Rövnəq Abdullayevin "qoçuları" bir ailəni qorxu işində yaşadır

Rövnəq Abdullayevin "qoçuları" bir ailəni qorxu işində yaşadır


25-09-2014, 14:27
Rövnəq Abdullayevin "qoçuları" bir ailəni qorxu işində yaşadır
Bir müddət əvvəl “SOCAR-ın əməkdaşları qadını döydülər” başlıqlı yazı dərc etmişdik. Yazı Xırdalan şəhər sakini Durna Həsənovanın qafqaznews.org-a müraciəti əsasında hazırlanmışdı. Qısa xatırlatma üçün bildirək ki, Durna Həsənova baş verənlərlə bağlı aşağıdakıları söyləmişdi: “SOCAR-ın işçiləri mənin evimi uçurtmaq, məni və ailəmi evdən küçəyə atmaq istəyirdilər. Mən isə 1989-cu ildə Abşeron rayon icra hakimiyyətinin razılığı ilə bu evi tikmişəm və 20 il burda rahat yaşamışam. Amma 3 il əvvəl SOCAR-ın işçiləri gəlib bildirdilər ki, Bakı-Tbilisi-Ceyhan kəməri yaxınlığında yerləşdiyi üçün eviniz sökülməlidir. Mən onlara bildirdim ki, ətrafda onlarla villa var, onlar niyə sökülmür. Təhlükəsizlik xidmətinin əməkdaşları məndən evin sökülməməsi üçün 200 dollar pul istədilər. Mən 200 dolları verməyə məcbur oldum. Bu proses 3 il davam elədi. 26 avqustda isə onlar məndən 5 min dollar tələb elədilər . Mən bu qədər pulun olmadığını deyəndə onlar məni və qızımı döyərək bildirdilər ki, bu barədə polisə məlumat versən qayıdıb sizi yenidən döyəcəyik”. Vəziyyətin dözülməz olduğunu görən Durna Həsənova Abşeron polisinə müraciət edib. Və Abşeron RPŞ-nin qərarı ilə işin araşdırılması təhqiqatçı Samir Hüseynova tapşırılıb. Ana və qızını Abşeron məhkəmə-tibb ekspertizasına göndərirlər. Bunu eşidən SOCAR-ın əməkdaşları gəlib ana və qızını yenidən döyürlər. Bunu hətta qonşular da görüb videokameraya çəkirlər. Durna Həsənova yenidən Abşeron polisinə müraciət edir. Bu dəfə işi təhqiqatçı Rahib Yunusova tapşırırlar. Və ana-balanı yenidən tibb ekspertizaya göndərirlər. Ancaq tibb ekspert nəticəni Durna Həsənovadan gizlədir. Durna Həsənova redaksiyamıza göndərdiyi müraciətə video rolik də əlavə edib.



Həmin rolikdə ana və qızının uniformada olan şəxslər tərəfindən döyüldüyü açıq-aşkar görünür. Bütün bunlara aydınlıq gətirmək üçün Qafqaznews.org olaraq SOCAR-la əlaqə saxlamaq qərarına gəldik. Çox təəssüf ki, SOCAR-ın adını deməyən əməkdaşı bizim suallarımıza cavab vermədi. Onda təhqiqatçı Samir Hüseynova müraciət etdik.

O, da sualımıza cavab verməkdən imtina etdi. 4 sentyabr tarixdə Həsənovlar ailəsi yenidən qafqaznews.org-a müraciət edib: “ Təhlükəsizlik xidmətinin əməkdaşları yenidən bizim evə gəldilər. Biz qorxduq və fikirləşdik ki, yenidən bizi döyəcəklər, ona görə də qapını açmadıq”. Bu müraciətdən sonra Abşeron polisinə müraciət edərək Həsənovlar ailəsinin təhlükəsizliyini necə təmin etdikləri ilə maraqlandıq. Təhqiqatçı Rahib Yunusov bildirdi ki: “ Narahat olmayın, biz araşdırma aparırıq və Həsənovlara demişik ki, sizə hücum olan kimi bizə xəbər verin”. 24 sentyabrda Durna Həsənovanın əri Mövlud Həsənov bizə zəng edərək təhqiqatçı Rahib Yunusovun dediklərini söylədi: “ O, mənə bildirdi ki, sizin şikayətiniz əsasında istintaq başlayıb. Mən ondan soruşdum ki, mənim ailə üzvlərimi döyən SOCAR əməkdaşlarına qarşı cinayət işi qaldırılıbmı, təhqiqatşı yox cavabını verdi. Axı, cinayət işi qaldırılmayıbsa, necə istintaq aparıla bilər?” Vəkil Elmar Süleymanov da Mövlud Həsənovun dediklərini təsdiqlədi: “ Cinayət işi qaldırılmadan heç bir istintaq aparıla bilməz”. Biz Xırdalan polis şöbəsinə zəng edərək cinayət işi qaldırılmadan istintaq aparmağın mümkün olub-olmadığı ilə maraqlandıq. Təhqiqatçı Rahib Yunusov sualımıza cavab verməkdən imtina elədi. Belə olan halda Mövlud Həsənovun özü təhqiqatçı ilə danışaraq eyni suala aydınlıq gətirməsini istədi. Təhqiqatçı bildirdi ki: “ SOCAR-ın əməkdaşlarına qarşı heç bir cinayət işi açılmayıb, amma biz istintaqa başlamışıq”. Vəkil Elmar Süleymanov təhqiqatçının dediklərini belə şərh elədi: “ O, sadəcə zərərçəkənləri aldadır”. Dilarə Əliyeva adına qadın hüquqlarını müdafiə komitəsinin sədri Novella Cəfəroğlu isə baş verənlərə belə münasibət bildirdi: “ Fikirləşirəm ki, təhqiqatçı zərərçəkənləri ələ salır, təhqir edir. Qoy, zərərçəkənlər Monitorinq Qrupuna müraciət eləsinlər, biz onların hüquqıarını qoruyarıq”. Biz SOCAR-ın məsələyə münasibətini öyənmək istədik. Mətbuat xidmətinin adının çəkilməsini istəməyən əməkdaşı bildirdi ki, bu barədə KİV-dən bizə daxil olan sorğunu müvafiq quruma göndərmişik. “Hansı müvafiq quruma” sualımıza isə SOCAR-ın əməkdaşı “Bunun sizə dəxli yoxdur” cavabını verdi. Və…dəstəyi asdı.

Geri qayıt