Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şadlıq sarayı biznesinə şok zərbə planlaşdırılır

Şadlıq sarayı biznesinə şok zərbə planlaşdırılır


9-09-2014, 14:03
Şadlıq sarayı biznesinə şok zərbə planlaşdırılır
DİA.AZ: - Yəqin ki, artıq hər kəs bir neçə gün öncə mediada yayılan xəbəri görüb. Söhbət, Nizami rayon İcra Hakimiyyəti başçısının məşhur şadlıq saraylarından olan "Planet"in sökülməsi ilə bağlı tapşırıq verməsindən gedir. Belə ki, icra hakimiyyəti obyekt rəhbərliyinə xəbərdarlıq edərək, şadlıq sarayının gəlin maşınının zala daxil olması üçün inşa edilən tikilini sökməsini tapşırıb. Nizami rayon İcra Hakimiyyəti söküntü üçün oktyabr ayına kimi vaxt qoyub. "Oktyabr ayından həmin yer söküləcək. İcra başçısı icazə vermir. Həmin yer plana düşüb", - deyə şadlıq sarayından xəbəri təsdiqləyiblər.

Xatırladaq ki, hələ bir neçə il əvvəl bəzi şadlıq saraylarının sökülüb, yoldan və evlərdən kənar hissələrdə tikilməsi barədə xəbərdarlıqlar edilmişdi. Amma həmin xəbərdarlıqlar elə söz olaraq da qaldı. Çünki bu neçə il ərzində heç bir şadlıq sarayı sökülərək başqa yerdə inşa edilmədi. Bildiyimiz kimi, şadlıq sarayları bu gün ya yol kənarlarında, ya da yaşayış binalarının qarşısında tikilir. Hər iki variant isə sadə vətəndaşlara problemlər yaradır. Belə ki, yol kənarlarında tikilən şadlıq saraylarının qarşısı hər zaman maşınlarla əhatə olunur. Toya gələn hər kəs öz avtomobili ilə gəldiyi üçün, restoranın qarşısında saxlamalı olur. Hətta həmin maşınlara nəzarət edən bir şəxs, onlara nəzarət edəcəyi üçün, avtomobil sahibindən onu "görüm-baxım" etməsini də, istəyir. Bu zaman həmin avtomobillər piyadalar üçün nəzərdə tutulmuş yolu tamamilə tutmuş olurlar. Belə olan halda isə piyadalar maşın yoluna çıxaraq, yollarını davam etdirməli olurlar. Şadlıq evlərinin yaşayış binalarına yaxın tikilməsi də, digər problemlərdəndir. Belə ki, həmin şadlıq sarayları qonaqlarını gözəl təamlarla qarşılamaq üçün müxtəlif yeməklər hazırlayırlar ki, həmin yeməklərin qoxusu bina sakinlərinin evlərinə dolaraq, onları narahat edir. Ələlxüsus da, kabablar bişirilən zaman restoranın ətrafı, bütün evlər tüstüyə qərq olur. Digər bir problem isə restoranda çalınan musiqilərin evlərdə eşidilməsidir. Gecə saat 12-yə qədər müxtəlif musiqilər çalınır ki, bu da istər-istəməz sakinlərə psixoloji təsir edir.

Onu da qeyd edək ki, ölkədə göbələk kimi boy verən şadlıq sarayları şəbəkəsi tam nəzarətə götürüləcək və bu sarayların bir çoxunun təyinatı məcburən dəyişdiriləcək. İndiki şadlıq saraylarının əksəriyyəti ticarət-əyləncə və idman-əyləncə komplekslərinə çevriləcək. Onlara itirdikləri gəlirləri bu sahədə kompensasiya etmək imkanları yaradılacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi restoran sahibi ilə sifarişçi arasında müqavilə imzalamağı təklif edir. Məqsəd isə mövcud problemin həllinə nail olmaqdır. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, komitə olaraq bu təklif gələcəkdə qanun kimi təkmilləşdiriləcək: "Şadlıq evləri ilə bağlı Azərbaycanda standart mövcuddur. Standartda şadlıq evlərinin təsnifatı, interyeri, onun ətrafındakı infrastrukturu və digər məsələlərin tənzimlənməsi qeyd olunub. Əsas tənzimlənmə predmetinə qida məhsullarının keyfiyyəti, köhnə yeməklərin yeni kimi təqdim olunması daxildir. Restoran sahibi ilə istifadəçi arasında müqavilə imzalansa, bu məsələlər həllini tapa bilər. Düzdür, elə sifarişçi ola bilər ki, övladının toyunda bolluğun olmasını istəyir, eləsi də var ki, menyuda seçilmiş yeməkləri tələb edir. Hər iki halda müqavilə imzalanmalıdır".

Bu arada DİA.AZ-a daxil olan məlumatda qeyd olunur ki, şadlıq sarayları ilə bağlı hökumətin ayrıca planı var. Məlumatlı mənbə iddia edir ki, hətta Bakıda yerləşən 20-yə yaxın şadlıq sarayı sökülə bilər.

Mənbənin dia.az-a söylədikləri: "Bununla bağlı konkret təkliflər hazırlanır. Hər halda bu istiqamət illərdir ki, özbaşına buraxılmışdı və islahat gözlənilən idi".

Geri qayıt