Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma, Ana xəbərlər > Ağacan Əbiyevin akademiyasında rəzalət dolu qabiliyyət imtahanı

Ağacan Əbiyevin akademiyasında rəzalət dolu qabiliyyət imtahanı


12-08-2014, 16:07
Ağacan Əbiyevin akademiyasında rəzalət dolu qabiliyyət imtahanı
Mövzuya dair dərc etdiyimiz ötən yazılarımızda da dəfələrlə qeyd olunduğu kimi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru, millət vəkili Ağacan Abiyevin fəaliyyəti ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Hər halda, redaksiyamıza daxil olan məlumatlar bunu təsdiqləyir. Mənbələr bildirirlər ki, bu gün İdman Akademiyasında rüşvət gücünə həll oluna bilməyəcək heç bir məsələ yoxdur. Xüsusilə bu yaxınlarda İdman Akademiyasında keçirilmiş qəbul imtahanları ilə bağlı çoxsaylı narazılıqlar yaranmışdır. Məlumatlarda bildirilir ki, müəyyən edilmiş məbləğləri ödəmiş tələbələr hətta turnikdə bircə dəfə olsun belə çəkinmək qabiliyyətində olmasalar belə, “qabiliyyət” imtahanlarını müvəffəiyyətlə verə biliblər. Həmçinin mənbələr bildirirlər ki, “qabiliyyətli” abituriyentlərin siyahısında tərslik düşməsin deyə, Ağacan müəllim bu imtahanların gedişini də şəxsən izləyib. Halbuki, əslində pul yığımı da daxil olmaqla, akademiyanın bütün idarəçilik işləri artıq bir neçə müddətdir ki, rektorun katibəsi olan Samirə xanımın səlahiyyətinə verilib. Lakin məlumatlarda bu da qeyd olunur ki, imtahan qiymətlərinin yazılması və tələbə köçürmələri ilə bağlı akademiyada səlahiyyəti olan daha bir şəxs də vardır. Həmin şəxs ADBTİA-nın tələbə gənclərlə iş üzrə prorektoru Yusif Babanlıdır. Həm də mənbələr bildirirlər ki, Ağacan Abiyev bu iki yaxınının sədaqətli olmalarını təmin etmək məqsədilə onlara xüsusi münasibət nümayiş etdirir. Belə ki, məlumatlara görə Samirə xanıma rektorun son hədiyyəsi onun üçün Nabranda inşa etdirdiyi beş mərtəbəli villa olmuşdur. Yusif müəllim isə hələlik son model cip avtomobili və daha bir neçə qohumunun akademiyada işlə təminatı ilə kifayətlənməli olmuşdur.

Ümumiyyətlə isə İdman Akademiyasında gedən müəyyən proseslərin diqqətlə izlənməsi belə bir qənaətə gəlməyə əsas verir ki, hər hansı korrupsiya əməli ilə bağlı müəyyən addımın atılması üçün Ağacan Əbiyevi uzun müddət dilə tutmağa və yaxud da bu məqsədlə ona ciddi təzyiqlər göstərməyə heç də ehtiyac yoxdur. Akademiyada təhsil alan tələbələr də təsdiq edirlər ki, onların əksəriyyəti əvvəlcədən müəllimə pul verir, sonra isə yazılı formada keçirilən imtahanlarda sadəcə vərəqi qaralamaqla məşğul olaurlar. İnsaf naminə tələbələr bunu da qeyd edirlər ki, burada “qiymətlər” digər universitetlərlə müqayisədə müəyyən qədər aşağıdır. Məsələn bir semestrdə dörd imtahana görə 150 manat ödəmək kifayət edir. Mənbələr bildirir ki, akademiyada imtahanlar test üsulu ilə aparılmır. Bu da tələbənin imtahandan rüşvətlə keçməsinə imkan yaradır. Akademiyaya qəbul olmaq üçün 5-6 min manat, əgər tanışın varsa, daha az məbləğ verib qabiliyyət imtahanından keçə bilirsən. Tələbələrin sözlərinə görə, TQDK-nın test imtahanlarından keçmək mümkün olsa da, qabiliyyət imtahanında bu mümkün olmur.

“Bizim akademiyaya qəbul olmaq da pulludur, oxumaq da. “Futbol və onun metodikası”, “Üzgüçülük”, “Tətbiqi idman növləri” və digər kafedralarda imtahandan keçmək üçün daha çox pul alınır. Bir imtahanın qiyməti 30-50 manat arasında dəyişir. Tələbələrin sözlərinə görə, akademiyada nəinki semestr imtahanları, həmçinin tələbə köçürmələri, qəbul işləri də rüşvətlə icra olunur.Biz ötən yazılarımızda da dəfələrlə vurğulamışıq ki, bəzi məmurların fəaliyyəti hakimiyyətin korrupsiya ilə apardığı mübarizəyə kölgə salmaq və əngəllər törətmək funksiyası daşıyır. Bu gün ölkənin təhsil sistemində çalışan bəzi məmurlar sadəcə dövlətimizin təhsil strategiyasının ziddinə gedə bilmədkləri üçün üzdə bu islahatları dəstəkləyir, əslində isə onları iflasa uğratmaq üçün var qüvvələri ilə çalışırlar. Belələrinin əməlləri açıq-aşkar islahatların əleyhinə yönəldiyi halda belə onları heç kəs cəzalandırmır.

Geri qayıt