Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gömrük işçilərinə insanları aşağılamaq tapşırığını rəhbərlik verib?

Gömrük işçilərinə insanları aşağılamaq tapşırığını rəhbərlik verib?


25-07-2014, 12:43
Gömrük işçilərinə insanları aşağılamaq tapşırığını rəhbərlik verib?
DİA.AZ: - Bir neçə gün bundan öncə “"Bunlar nə qadın, nə qoca, nə uşaq bilirlər" - "Sınıq Körpü"dən şikayət var” başlıqlı yazı təqdim etmişdik. Bildirmişdik ki, sözügedən gömrük keçid məntəqəsində sözün əsl mənasında hərci-mərcilik və özbaşınalıqdır. Gömrük keçid məntəqəsindən istifadə edənlər orada qanunsuz olaraq incidilir, açıq-aşkar təhqir olunurlar. Ən acınacaqlısı isə bu barədə yuxarı inistansiyalara edilən şikayətlərə məhəl qoyulmamasıdır.

DİA.AZ xəbər verir ki, Tovuz gömrük idarəsinin “Sınıq Körpü” keçid məntəqəsinin əməkdaşları postdan gedib-gələn insanları əsassız olaraq incidirlər. Vətəndaşlar dia.az-a yazır: "Onlar bu hərəkətləri heç nədən çəkinmədən edirlər. Görəsən bu cür haqsızlıqların höküm sürdüyü mühüm bir strateji əhəmiyyət daşıyan məntəqədə nə üçün baş verənlərə belə soyuq münasibət bəslənilir, heç bir araşdırma aparılmır? Maraqlıdır ki, insanların təhqir edilməsi, alçaldılması göstərişi kimlər tərəfindən verilib? Gürcüstandan gələn soydaşlarımızın özləri üçün aldığı ərzaq məhsulları və.s əllərindən nə üçün alınır? Çox acınacaqlısı isə haqsızlığa etiraz edənlərə qarşı fizki təziqlər göstərilməsidir. Dəfələrlə bu barədə aidiyyatı qurumlara şikayət edilsə də heç bir təbir görülməyir. Belə çıxır ki, insanları alçaltmaq, onları aşkar təhqir etmək əmri yuxarı dairələr tərəfindən verilib. Burada baş verənlər barədə geniş danışmağa gərək yoxdur. Çünki hər kəs gömrük keçid məntəqələrində baş verənləri bilir. Ölkənin Qərbində də, Şərqində də, Cənubunda da eyni ab-hava hökm sürür.

Lakin məqsədli olaraq belə qanunsuzluqlara göz yumulur. Nəyi gözləyirik, gərək nə isə arzuolunmaz hallar baş versin? Kimsə intihar etsin? Biz sadə vətəndaşların bir çıxış yolumuz qalır. O da ölkə başçısına müraciət etməkdir. Axı cənab Prezident həmişə deyir ki, mən hər bir kəsin prezidentiyəm. Biz cənab Prezidentdən və ölkənin birinci xanımından imdad diləyirik. Onların müdaxiləsi olmasa bu işin həlli yolu görünmür. Cənab Prezident, Sizdən xahiş edirik ki, bizim səsimizə səs verəsiniz. Əks halda bunlar bizi diri-diri öldürməyə hazırdırlar”.

Qeyd edək ki, bu yazı elektron poçtumuza göndərilən şikayət əsasında hazırlanıb. Şikayət məktubunda daha ilghinc faktlar öz əksini tapır. Lakin müəyyən araşdırmalardan sonra onları da təqdim edəcəyik.

Tovuz gömrük idarəsinin “Sınıq Körpü” gömrük keçid məntəqəsində baş verənlərə münasibət öyrənmək üçün çoxsaylı cəhdlər etdik. Lakin zənglərimiz cavabsız qaldı.

Geri qayıt