Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Saatlıda 85 yaşlı həkimə qarşı 50 çağırışçının ifadəsi alınıb

Saatlıda 85 yaşlı həkimə qarşı 50 çağırışçının ifadəsi alınıb


3-07-2014, 13:53
Saatlıda 85 yaşlı həkimə qarşı 50 çağırışçının ifadəsi alınıb
Redaksiyamıza daxil olmuş aşağıdakı şikayət məktubunun müəllifi, tibb elmləri doktoru, 85 yaşlı A.Əliyev dünən redaksiyamızda da oldu. Onunla geniş söhbət etdik, şikayətindəki bəzi məqamlara aydınlıq gətirdik. Aşağıda onun Baş Prokuror Zakir Qaralova, surəti ədliyyə naziri Fikrət Məmmədova və hərbi prokuror cənab Xanlar Vəliyevə ünvanlı müraciətini təqdim edirik:

Saatlı şəhəri, H.B.Zərdabi küçəsi, ev 11-də yaşayan Əliyev Ağadədə Böyükağa oğlu tərəfindən
Müraciət

Hörmətli cənab Baş Prokuror!
Hörmətli cənab nazir Fikrət Məmmədov!
Hörmətli hərbi prokuror!

Mən 1930-cu ilin fevral ayının 10-da Saatlı şəhərində anadan olmuşam. 1955-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Tibb fakültəsini cərrahiyyə ixtisası üzrə bitirmişəm.

Altı il Bakı şəhərində yerləşən “Semaşko” Xəstəxanasının cərrahiyyə şöbəsində cərrah kimi fəaliyyət göstərmişəm. Sonralar elmi fəaliyyətimi davam etdirmək üçün mərhum Əziz Əliyevin rəhbərlik etdiyi Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda cərrahiyyə şöbəsində iki il müddətində ordinator olmuşam. Bundan sonra həmin institutun cərrahiyyə kafedrasında üç il aspirant olmuşam. Professor B.Ağayevin rəhbərliyi altında müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi almışam.

Sonradan səhiyyə nazirinin əmri ilə Saatlı rayonunun Mərkəzi Xəstəxanasına cərrah göndərilmişəm. 50 ilə yaxındır ki, həmin mərkəzi xəstəxanada cərrah kimi fəaliyyət göstərmişəm. İşlədiyim müddətdə beş minə yaxın ağır xəstəni ölümün pəncəsindən xilas etmişəm. 17 elmi məqalənin və beş kitabın müəllifıyəm.

1975-ci ildə professor Böyükkişi Ağayevin rəhbərliyi altında doktorluq işini yazıb tamamlamışam və Gürcüstan Tibb Universitetinin elmi şurasında müdafıə edərək tibb elmləri doktoru adına layiq görülmüşəm. Ailəliyəm, himayəmdə 50 yaşında anadangəlmə birinci qrup ruhi xəstə əlil oğlum, bir nəfər ikinci qrup ağ ciyər vərəmi ilə əlil oğlum və pensiyaçı həyat yoldaşım vardır. Ailədə yeganə qazanc gətirən mənəm.

Hal-hazırda “Hiportoniya xəstəliyi-III mərhələ, yüksək risk qrupu, ÜİX, gərginlik stenokardiyası-III .sinif, ekstrasistolok aritmiya, ürək çatışmazlığı-III f.sinif diaqnozu ilə Saatlı MRX-nin terapiya şöbəsində müalicə alıram.

Bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Rəsul Hüseynov heç bir əsas və səbəb olmadan məni Azərbaycan Respublikası CM-nın 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edərək barəmdə olan cinayət işini baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərmişdir.

Hörmətli cənab Baş Prokuror!
Hörmətli cənab nazir!
Hörmətli hərbi prokuror!

Mən dövlət əmlakını mənimsəməmişəm, əlimdə ölüm hadisəsi olmayıb, 84 yaşım tamam olub, elmi dərəcəm vardır. Bütün bunları nəzərə almayan müstəntiq Rəsul Hüseynov heç bir təqsirim olmadığı halda, məni cinayət məsuliyyətinə cəlb etmişdir. Rəsul Hüseynov 50 nəfər çağırışçıdan mənim əleyhimə ifadə almaq istəmişdir. Lakin həmin şəxslər yəni, nə cağırışçılar, nə də onların valideyinləri mənim əleyhimə ümumiyyətlə, ifadə verməmişlər. Bir nəfərdən məcburi surətdə mənim əleyhimə ifadə alınnışdır ki, guya mənə 150 manat pul verilmişdir. Məhkəmə baxışı zamanı həmin şəxs mənim sualıma cavab olaraq bildirdi ki, mənə pul verməmişdir. Həmin vaxt mən hakimə müraciət etdikdə hakim mənə bildirdi ki, mənə cinayət işini o qaldırmamışdır. Mənə cinayət işini qanunsu/z olaraq müstəntiq Rəsul Hüseynov qaldırmışdır. Həmin vaxt müstəntiq mənim yaşımı, elmi fəaliyyətimi, ailə vəziyyətimi, xəstəliyimi, təqaüdçü olmağımı və təqsirsizliyimi nəzərə almamışdır.

“Hərbi Prokurorluğun müstəntiqi Rəsul Hüseynov məni 10-15 dəfə çağırıb söhbət etmiş, məndən istədiyini… ala bilmədiyini başa düşəndən sonra barəmdə saxta cinayət işi qaldırmışdır”

Rəsul Hüseynovdan soruşmaq lazımdır ki, nəyə görə mənim barəmdə cinayət işi başlamışdır? O, mənimlə söhbət zamanı bildirmişdir ki, mənim heç bir cinayətim yoxdur. Lakin məni digərlərindən ayıra bilmir. Hərbi Prokurorluğun müstəntiqi Rəsul Hüseynov məni 10-15 dəfə çağırıb söhbət etmiş, məndən istədiyini… ala bilmədiyini başa düşəndən sonra barəmdə saxta cinayət işi qaldırmışdır. Mən komissiyanın sıravi üz/vü olmuşam.

“Müstəntiq cinayət işi qaldırarkən mənə məlumat verməmişdir və məni heç kimlə üzləşdirməmişdir”

Mənim kimisə hərbi xidmətdən saxlamaq səlahiyyətim olmamışdır. Müstəntiq cinayət işi qaldırarkən mənə məlumat verməmişdir və məni heç kimlə üzləşdirməmişdir. Belə olan halda mən bir ildən artıqdır ki, Füzuli Hərbi Məhkəməsinə gedib-gəlirəm. Müstəntiq Rəsul Hüseynovun qanunsuz hərəkətləri məni Sizə müraciət etməyə məcbur etmişdir. Müstəntiq Rəsul Hüseynov orqana yararlı adam deyildir. Bu məsələ də araşdırılmalıdır. Bu yaşda, bir ağsaqqal kimi mənim bir ildir get-gəllərdə qalmağımı nəzərə almayan, mənə əzab-əziyyətlər verən bir müstəntiqi necə haqlı saymaq olar?

Etdiyim müraciətlər öz müsbət həllini bu günə kimi tapmamışdır. Ona görə də Sizdən xahiş edirəm ki, məni şəxsən özünüz qəbul edərək dinləyəsiniz.

Redaksiyadan: inanırıq ki, 85 yaşlı ağsaqqalı, tibb elmləri doktorunu əsassız olaraq süründürməçiliyə salmaq, qəlbini incitmək Allaha da xoş gedən iş deyil. A.Əliyevin əməkdaşımıza verdiyi geniş müsahibəsində də onun həqiqətən səmimi bir insan olduğu görünür. Axı necə ola bilər ki, komissiyanın sədri olmayan bir qocaman həkimə qarşı bu qədər qəddarlıq edilsin, əsassız ittihamlar irəli sürülsün? Doğrudanmı, lap hansısa bir günahı olubsa belə, onu yola vermək mümkün deyildi???

Nəhayət, Füzuli Hərbi Məhkəməsində niyə bir ildir 85 yaşlı ağsaqqal ziyalını, elmlər doktorunu get-gələ salırlar? Doğrudanmı hakim düşünür ki, barəsində çıxarılacağı hansısa məhkəmə hökmü ilə belə 85 yaşlı ağsaqqalı bu yaşında islah edəcək? \\ tezadlar.az \\
Mövzuya qayıdacağıq.

Geri qayıt