Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Nazir müavini postunu tutan Əli İnsanovun yeganə kadrı çətin durumda

Nazir müavini postunu tutan Əli İnsanovun yeganə kadrı çətin durumda


23-06-2014, 16:46
Nazir müavini postunu tutan Əli İnsanovun yeganə kadrı çətin durumda
DİA.AZ: - Hakimiyyətin bu ilin sonlarına planlaşdırdığı total kadr islahatlarının ertələnə biləcəyi haqda məlumatlar daha da intensiv xarakter almaqdadır. Yerli mətbuatda verilən xəbərlərə görə, artıq bir sıra strukturlarda həyata keçiriləcək dəyişikliklərlə bağlı ciddi tədarük dönəminə başlanılıb. Konkret olaraq söhbət, iki nazirin və bir neçə rayonun icra başçısının yola salınmasından gedir.

Bununla yanaşı, bir sıra strukturlarda yüksəkçinli məmurların da hakim komandadan çıxdaş ediləcəyi söylənilməkdədir. Onlardan biri isə hazırda səhiyyə nazirinin müavini postunu tutan Elsevər Ağayevdir. Bildirək ki, Elsevər Ağayev hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovun ən etibarlı adamlarından olub və Əli İnsanovdan qalma yeganə kadr olaraq günü bu gün də SN-də fəaliyyətini sürdürməkdədir. Bu barədə dia.az-a məlumat verən mötəbər mənbələrin sözlərindən belə məlum olur ki, Elsevər Ağayev hələ özəlləşdirmə dövründə Əli İnsanovun kassiri rolunu oynayıb: «Xəstəxanaların və SN-yə məxsus obyekt və ərazilərin özəlləşdirilməsi siyasəti birbaşa olaraq Elsevər Ağayevin rəhbərliyi altında həyata keçirilib. Və bunun da nəticəsində bu gün Elsevər Ağayev maddi imkanlarına görə, hətta iri ranqlı məmurlarla yanaşı dayana bilər».

Məlumat üçün bildirək ki, Elsevər Ağayev hal-hazırda ölkədəki qeyri-leqal dərman biznesinin əsas fiqurlarından hesab olunur. Məhz onun nəzarəti altında ölkənin dərman depoları ilə bağlı siyasət yönləndirilir.

DİA.AZ-a daxil olan son məlumatlara görə, Elsevər Ağayevin durumu kəskin dərəcədə pisləşdiyindən SN şefi Oqtay Şirəliyev nəhayətdə onunla yollarını ayırma cəsarətini nümayiş etdirib. Ona görə CƏSARƏT məsələsinə xüsusi toxunduq ki, bu vaxta qədər nazirin öz müavini ilə baş etmədiyi bildirilirdi. Məlumatlara görə, hakimiyyətiçi kürd qruplaşmasının kurasiyasında olan Elsevər Ağayev məhz himayədarlarının hesabına öz mövqelərini bu günə qədər qoruyub-saxlaya bilib: «İndi isə durum tamamən fərqlidir və nəzərdə tutulan kadr islahatlarında kimin hansı qüvvəyə yaxın olmasının heç bir önəmi yoxdur».

Mənbə bildirir ki, Oqtay Şirəliyev öz müavinini zərərsizləşdirə bilməsi üçün bəzi «profilaktik tədbirləri» də həyata keçirib: «Oqtay müəllim əməlli-başlı donosbaza çevrilib. O, Elsevər Ağayevlə bağlı kampramat xarakterli materialları Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ötürüb».

Mənbənin sözlərinə görə, hazırda bu istiqamətdə çox ciddi araşdırmalar aparılır: «Hətta araşdırmalarla bağlı SN rəhbərliyi də məlumatlandırılıb. Təbii ki, bu məlumatlandırma Oqtay Şirəliyevin ürəyincədir. Çünki kampramatların qaynağı odur. Və məqsəd də Elsevər Ağayevin zərərsizləşdirilməsidir». Son məlumatlardan aydın olur ki, araşdırılmalara təqdim olunan faktların böyük hissəsi məhz Əli İnsanovun nazir olduğu dönəmdə həyata keçirilən özəlləşdirilmə ilə bağlıdır: «Təbii ki, bu belə də olmalı idi. Çünki Elsevər Ağayev məhz həmin dönəmdə milyonları həzm-rabedən keçirib. Oqtay Şirəliyev nazir təyin olunanda artıq xəstəxanaların böyük əksəriyyəti özəlləşmişdi. Daha dəqiqi, «yağlı tikələr» yeyilmişdi. Yeni nazir hətta ərazisi özəlləşdirələrək satılan xəstəxanalarla bağlı müəyyən addımlar atmağa çalışsa da, buna nail ola bilməmişdi. İndi isə fürsətdir».

Geri qayıt