Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > ŞOK: Bərdəli məmur Bakı restoranlarına ölü heyvan əti satmaqla məşğuldur

ŞOK: Bərdəli məmur Bakı restoranlarına ölü heyvan əti satmaqla məşğuldur


18-06-2014, 14:39
ŞOK: Bərdəli məmur Bakı restoranlarına ölü heyvan əti satmaqla məşğuldur
DİA.AZ: - Bu günlərdə Bərdə rayonunda yararsız halda olan və mənşəyi məlum olmayan tonlarla ət tapıldı. Hər halda, bu faktın ölkə ictimaiyyəti arasında hansı dərəcədə narahatçılıq doğurduğunu təxmin etmək o qədər də çətin deyil. Ən azından ona görə ki, bu gün təkcə Bərdədə yox, Azərbaycanın hər yerində, xüsusən paytaxt Bakıda da Bərdədən gətirilən mal, qoyun əti kifayət qədər populyardır.

Rəsmi məlumatlardan aydın olurdu ki, Respublika Baytarlıq Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı məlum olub ki, Bərdə şəhər sakini Seyfəddin Novruzovun həyətində antisanitar vəziyyətdə saxlanılan xeyli miqdarda ət var.

DBX-nin Mətbuat Xidmətinin rəisi Yolçu Xanvəli həmin zaman açıqlamasında qeyd etmişdi ki, S. Novruzovun həyətində müəyyən olunan saxlanc yerində hətta iki il əvvəl kəsilmiş heyvanın əti də tapılıb: "Tapılan ətin xeyli hissəsinin mənşəyi məlum deyil ".

Hər halda, Dövlət Baytarlıq Xidməti əməkdaşlarının Bərdədə keçirdiyi adi bir reyd ortaya dəhşətli bir faktı çıxarmışdı. Bu isə öz növbəsində ortaya belə bir sual çıxarır: Nədən yerli baytarlıq xidməti illər ərzində saxlanılan ölü heyvan ətlərindən xəbərsiz olur?

Görünəni odur ki, burada söhbət xəbərsiz olmaqdan getmir, sadəcə olaraq, yerli Baytarlıq idarəsi - başda idarənin möhtərəm rəhbəri Yavər müəllim olmaqla bütün bu baş verənlərə göz yummaq hesabına mənfəət əldə edir. Bununla bağlı DİA.AZ-a maraqlı bir məlumat daxil olub.

Mənbənin söylədikləri: «Birbaşa olaraq yerli baytarlıq idarəsinin nəzarəti altında bu gün Bərdədə ölmüş heyvan ətinin ayrı-ayrı rayonlara ixracı həyata keçirilir. Təbii ki, ilk olaraq hansısa heyvanın ölməsindən yerli baytarlıq idarəsi məlumatlı olur. Həmin heyvanlar torpağa basdırılmaq əvəzinə, Yavər müəllimin göstərişi ilə kəsilir, təmizlənir və xüsusi soyuduculara yerləşdirilir».

Mənbə dia.az-a açıqlamasında iddia edir ki, Bakıdan gələn təftişçi qrup sadəcə bir faktı aşkarlasa da, bu gün Bərdədə ölü heyvan ətinin satışı ilə məşğul olan böyük bir şəbəkə fəaliyyətdədir ki, bu işdə yerli baytarlıq idarəsi rəisinin ciddi payı var: «Bu yolla böyük pullar qazanan Yavər müəllimi bəlkə də həmin əti süfrəsinə qədər daşıyan insanların taleyi maraqlandırmır. Amma yəqin ki, dövlətin müvafiq qurumlarını maraqlandıracaq».

Onu da bildirək ki, Bərdənin ölü heyvan ətlərinin əsas satıldığı ünvan Bakıdakı restoran və şadlıq saraylarıdır…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt