Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hansı nazir İlham Mirzəyevin azadlığa buraxılması üçün çaba sərf etməkdədir?

Hansı nazir İlham Mirzəyevin azadlığa buraxılması üçün çaba sərf etməkdədir?


20-05-2014, 15:26
Hansı nazir İlham Mirzəyevin azadlığa buraxılması üçün çaba sərf etməkdədir?
DİA.AZ: - Respublikanın Müdafiə Sənayesi naziri Yavər Camalovun dələduzluqda ittiham olunan "Etiraf” verilişinin aparıcısı və "İlhaMed” klinikasının rəhbəri İlham Mirzəyevlə əlaqələrinə dair redaksiyamıza daxil olmuş bəzi maraqlı açıqlamaları təqdim etmişdik.

Bildiyimiz kimi bir müddət bundan əvvəl ekstrasenslik fəaliyyəti ilə məşğul olan İlham Mirzəyev DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ona dələduzluq maddəsi ilə cinayət işi açılıb. Daxili İşlər Nazirliyinin verdiyi açıqlamalarda bildirib ki, İlham Mirzəyev polis orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Bir vaxtlar özü həbs olunmuş “ekstrasensin” müştərisi olmuş, sonradan isə ona yeni müştərilər tapmaqda vasitəçilik etdiyi iddia olunan Yavər Camalovun İlham Mirzəyevlə yaxın münasibətlərini diqqət mərkəzinə çəkmişdik. Bu xüsusda aldığımız məlumatlara istinad edərək biz bildirmişdik ki, nazir mütəmadi olaraq İ.Mirzəyevə qarşı öz səmimi münasibətlərini müxtəlif jestlərlə nümayiş etdirmişdir. Buna misal kimi isə İlham Mirzəyevin oğlunun sünnət toyunun Y.Camalova məxsus “Qızıl tac” şadlıq evində pulsuz keçirildiyini, “ekstrasensin” bacısı oğlunun toy mərasiminin “Kral” şadlıq sarayında yenə də pulsuz təşkil edildiyini, paytaxtın Vorovski kimi tanınan massivində 40 otaqlı villanın nazir tərəfindən İ.Mirzəyevə hədiyyə olunduğunu qeyd etmişdik. Bu xüsusda yeni aldığımız məlumatlarda isə ümumiyyətlə Camalovlar tərəfindən İlham Mirzəyevə və onun yaxınlarına yönəldilmiş bir sıra digər diqqət göstərilərindən bəhs olunur.

Məsələn, bildirilir ki, Y.Camalovun “ekstrasensə” etdiyi hədiyyələrin arasında 10 AA 400 dövlət nömrə nişanlı, “Mersedes-Viano” markalı avtomobil də xüsusi yer tutur. Salonu xüsusi sifarişlə yığılmış bu bahalı maşını isə hazırda İ.Mirzəyevin qardaşı sürür.

Yeri gəlmişkən, DİA.AZ-a daxil olan məlumatlarda “ekstrasensin” qardaşı barədə də maraqlı açıqlamalar verilir. İddia olunur ki, bu şəxs cəmiyyətin “elit” təbəqəsinə məxsus bəzi insanları, daha dəqiq desək bir sıra şou-biznes təmsilçilərini narkotik vasitələrlə təmin edir. Elə Y.Camalovun “şəngülüm” ləqəbi ilə tanınan qardaşı Hüseynbala Camalov tərəfindən, təxminən bir il bundan öncə İ.Mirzəyevin qardaşına göstərilən növbəti himayədarlıq da, sonuncunun bu məşğuliyyət növündən doğan problemlərlə bağlı olmuşdu.

Belə ki, həmin vaxt məhz narkotik maddələrin satışına görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış bu şəxsin məsuliyyətdən yaxa qurtara bilməsi yalnız H.Camalovun müdaxiləsi sayəsində baş vermişdi. Hal-hazırda isə İ.Mirzəyevin, narkodilerlik fəaliyyətini davam etdirən həmin qardaşı eyni zamanda da paytaxtın 8-ci kilometr ərazisində “Buta” gözəllik salonunu işlədir...

DİA.AZ-a daxilolan informasiyalarda vurğulanır ki, Camalovlar İlham Mirzəyevi tezliklə həbsdən azad etdirəcəklərini hər yerdə söyləyirlər. Bu günlərdə prokurorluqdan işdən qovularaq əmisinin biznesini idarə edən Samir Camalov tərəfindən elə falabaxan üçün bir televiziya aparıcısının vasitəsiylə türməyə yaxşı “qref” də göndərilib.

Geri qayıt