Əsas Səhifə > Güney Press > Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır4-12-2024, 21:34 |
Ötən gün Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyətinin Azərbaycana səfəri diqqət çəkib. Səfər çərçivəsində nümayəndələr müdafiə naziri general-polkovnik Zakir Həsənov və Baş Qərargah rəsisi Kərim Vəliyevlə görüşüblər. Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin inkişafı fərqli istiqamətlər üzrə sürətlənib. İki ölkə bir çox sahədə əməkdaşlıq etsə də, hərbi sahədə əlaqələrin gücləndirilməsi son illərdə xüsusilə genişlənib. Bakı bu ölkə ilə əməkdaşlığa hansı səbəbdən diqqət edir? Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Səudiyyə Ərəbistanını Azərbaycan üçün əhəmiyyətli edən bir neçə amil var: “Birincisi, bu ölkə həm islam, həm də ərəb coğrafiyasında yüksələn bir gücdür. Rəsmi Bakı krallıqla əməkdaşlıq edərək siyasi, diplomatik və geopolitik hədəflərinə nail olmağa çalışır. Eyni zamanda ərəb ölkələri və də islam dünyasında nüfuz əldə edə bilir. İkincisi, Azərbaycan kimi Səudiyyə Ərəbistanı da neft hasilatçısı olan bir ölkədir. Xüsusilə qeyd edim ki, rəsmi Əl-Riyad OPEC+ üzvüdür. Enerji məsələlərində iki ölkənin əməkdaşlıq perspektivləri genişdir. Nəzərə alaq ki, son illərdə yaşıl enerji tendensiyası gündəmdədir. Bu sahədə ölkələr arasında əməkdaşlıq var və artan istiqamətdə davam edir”. Politoloqun sözlərinə görə, Azərbaycan ilə Səudiyyə Ərəbistanın xarici siyasi kursu bir-birinə yaxındır: “Daha doğrusu ortaq maraqlar tərəflərin əməkdaşlığını zəruri edir. Azərbaycan torpaqlarını işğaldan azad edib və böyük qayıdış siyasətini açıqlayıb. Səudiyyə isə dünyanın ən böyük investisiya ayıran ölkələrindədir. Yəni bu əməkdaşlıq Qarabağa investisiya cəlbi baxımından da diqqət çəkir. Eyni zamanda iki ölkə arasında hərbi əməkdaşlıq son illərdə artıb. Ümumiyyətlə, Səudiyyə Ərəbistanı uzun illər ABŞ-la əməkdaşlıq etdiyi üçün külli miqdarda yeni nəsil silah-sursat alıb. Ordusunu da məhz bu silahlardan istifadəyə öyrəşdirib. Hesab edirəm ki, bu baxımdan qarşılıqlı hərbi əməkdaşlıq üçün də imkanlar var”. Geri qayıt |