Əsas Səhifə > Güney Press > Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər?

Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər?


4-12-2024, 19:53
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər?
Elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkələrdə məktəblərlə bağlı yazılan statusa şəxsən özünün cavab yazması maraqlı müzakirələrə yol açıb.

Sosial şəbəkə istifadəçiləri digər nazirlərin, məmur və deputatların da hadisələrə belə çevik reaksiya verməli olduğunu bildirirlər.

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramov mövzu ilə bağlı TNS-ə deyib ki, məmurlar, deputatlar xalqın fikir və rəyini nəzərə almalı, vətəndaşları maraqlandıran suallara aydınlıq gətirməlidirlər: “Bizdə belə məmurların sayı təəssüf ki, azdır. Məsələn, "Azəriqaz"ın əvvəlki rəhbəri Ruslan Əliyev Azərbaycanda bu məsələdə nümunə göstərirdi. Ölkənin bütün kənd, qəsəbə, şəhərlərində görüşlər keçirir, əhalinin problemlərini yerində dinləyib, həllinə çalışırdı. Sosial şəbəkələrdə tez-tez canlı yayıma birbaşa özü çıxırdı. Yəni, bizdə belə nümunələr olub, amma bu, indi çox az halda baş verir. Məmurun vəzifə öhdəliyidir ki, birbaşa vətəndaş ilə əlaqə yaratsın. Bütün qurumlar demək olar ki, belə işləri mətbuat xidmətlərinə həvalə edirlər. İndi qurumlar və orada olan idarəedici şəxslər problemi özlərindən uzaqlaşdırmaq üçün mətbuat katiblərini önə çıxarırlar. Həmin şəxs də çalışır ki, işlədiyi qurum haqqında mediada ancaq yaxşı məlumatlar getsin. Nəticədə məmurla vətəndaşın təması kəsilir”.

Sosioloqun fikrincə, mətbuat xidmətləri ümumiyyətlə, ləğv olunmalıdır: “Mütləq şəkildə hər idarənin, nazirliyin, komitənin rəhbəri, müavinləri, şöbə müdirləri öz sahəsində birbaşa vətəndaşlarla əlaqə yaratmalıdırlar. Onların qəbul günləri olmalı, sosial şəbəkələrdə çıxış etməlidirlər. Hər həftə jurnalistlərin suallarını cavablandırmalı, brifinq keçirməlidirlər. Nümunəvi cəmiyyət olmaq istəyiriksə, məmurların belə fəaliyyət göstərməsi lazımdır. Onda dövlət ilə cəmiyyət arasında möhkəm bağ yaranır. Hamıya aydın olur ki, hansı sahədə nə işlər görülür. Cəmiyyətdə aktiv ictimai iştirakçılıq məsələsi olmalıdır”.
Geri qayıt