Əsas Səhifə > Güney Press > Səhər açılanda artıq gec olur:

Səhər açılanda artıq gec olur:


Bu gün, 13:00
Səhər açılanda artıq gec olur:
Paytaxtda qışa hazırlıq görülür. Həqiqətən də, görülürmü? Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı Bakının inzibati rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatların, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. Bu haqda Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işləri müzakirə etməkdir. İlk müşavirələr paytaxtın Sabunçu, Suraxanı və Xətai rayonlarında keçirilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar. Bildirilib ki, qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərlərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Keçirilən müşavirələrin qışa hazırlığa nə dərəcədə faydalı olduğu, təəssüf ki, qar yağanda bilinəcək. Belə və oxşar müşavirələr indiyədək də keçirilib. Hər dəfə payız-qış mövsümü ərəfəsində meriya tabeliyində olan qurumlarının rəhbərlərini toplayır, vəziyyət öyrənilir, tapşırıqlar verilir. Amma yağış yağanda şəhərdə hansı vəziyyətin yarandığı zatən bəllidir və illərdir ki, bu sahədə müsbət bir dəyişiklik də görünmür. Eləcə də şəhər əhalisi, xüsusən işə gedib-gəlməli olanlar qışda qar arzulamır. Çünki qar yağan kimi şəhər iflic vəziyyətə düşür, ictimai nəqliyyat işləmir, yollarda qar qalaqlanır, sürüşüb yığılan, qol-qıçını sındıran kim, avtomobili ilə buzlu yolda “fiqurlu konki” edən kim... İnzibati rayonların idarə, təşkilat və özəl qurumlarına, bələdiyyələrə, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etmək çağırşı isə daşa dəyib geri qayıdır. Ümid qalır, günəşə. Ki, tez parlasın, şüasını artırsın ki, qar tez ərisin. Hərçənd, qar əriyəndən sonra şəhərin yolları, küçələri lap bərbad vəziyyətə düşür.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, yağışlı, qarlı havalarda avtomobil yollarında ən böyük problem gölməçələrdir:

- Gölməçələrin yaranmaması üçünsə ciddi işlər görülməli, yağış, qar sularının yollardan çəkilməsini təmin edəcək işlər görülməlidir. Yağış, qar zamanı məhz yollarda yağıntı sularının toplanması, qar örtüyünün yollarda qalması səbəbindən hərəkət məhdudlaşır. Hərəkət məhdudlaşırsa, bu, bütün sferalara ziyandır. Sərnişin daşınması, yüklərin daşınması, istər fərdi hərəkət, istərsə də ictimai nəqliyyatda, əgər fiziki və ya hüquqi şəxs bir nöqtədən digərinə çatmaqda çətinlik çəkirsə və gecikirsə, bu, ümumilikdə Bakının iqtisadiyyatına mənfi təsir göstərir. Əsas məsələ avtomobil yollarında vaxtında təmizlik işlərinin aparılmasıdır ki, qar yolun hərəkət hissəsindən təmizlənsin, yağış suları toplanıb qalmasın. Qar yağdımı, texnika yola çıxmalı və təzə qarı kürüməlidir. Gözləmək lazım deyil, səhər açılsın, sonra texnika küçəyə çıxsın. Səhər açılanda artıq gec olur, gecə saatlarında yağan qar qalaqlanıb, bərkiyir, donur. Donmuş qarı təmizləmək dəfələrlə çətindir, nəinki yumşaq qarı. Bu, hamının bilməli olduğu adi məsələdir. Qar yağırsa, texnika da intensiv çalışmalıdır ki, qar toplanıb qalmasın. Sürüşmənin qarşısını almaq üçün yola səpilən duz, torpaq da ancaq qar təmizləndikdən sonra effektiv olur.

Geri qayıt