Əsas Səhifə > Güney Press > Sərkisyanın müavini Dekotinini hiddətləndirdi

Sərkisyanın müavini Dekotinini hiddətləndirdi


Bu gün, 12:26
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın “Respublikaçı” Partiyasından verilən açıqlama Fransa səfiri Olivye Dekotinini qəzəbləndirib.

Teleqraf.com xəbər verir ki, səfir partiya sədrinin müavini Eduard Şarmazanovu Fransa və Ermənistanın arasını vurmaqda ittiham edib.

Fransanın Ermənistandakı səfirinin Şarmazanova cavabı belədir:

“Sizin fikrinizcə, baş nazirin (Nikol Paşinyan) yaxınlarda televiziyada verdiyi açıqlamanı tənqid etmişəm. Məlumat üçün bildirək ki, Fransa səfiri hər hansı müşahidələrini dost ölkənin hökumətinin başçısı ilə bölüşdüyü təqdirdə, birbaşa sonuncuya müraciət edir”.

Dekotininin iddiasına görə, Paris Azərbaycanla Ermənistan arasında sülhdə maraqlıdır:

“Fransa ədalətli və davamlı sülhə nail olmaq üçün baş nazirin səylərini dəstəkləməyə tam sadiqdir. Sizin etdiyiniz Fransa və Ermənistanı ayırmaq cəhdidir, bu, Ermənistanın maraqları və sülh prosesinə xidmət eləmir”.

Qeyd edək ki, Paşinyan bundan öncə ermənilərin Türkiyəyə qarşı “Qərbi Ermənistan” iddiasına qarşı çıxıb. Onun fikrincə, bu cür iddialar qonşu ölkələr, xüsusən də Azərbaycan və Türkiyə tərəfindən adekvat cavabla qarşılanır, gərginlik yaradır. Paşinyan bu “kontekst”də Qərbi Azərbaycan mövzusunu önə çəkib.

Dekotini bundan sonra sosial mediada paylaşım edərək, İranın “Qərbi Azərbaycan vilayəti”nin xəritəsini yayımlayıb. Fransalı diplomat iddia edib ki, “yalnız bir Qərbi Azərbaycan var, o da İranda yerləşən vilayətdir”. Şarmazanov da fransalının paylaşımını “Paşinyana şillə” adlandırıb. Onun sözlərinə görə, Dekotini bunu Azərbaycan yox, Ermənistan baş nazirinə etiraz olaraq edib.

Ermənistan rəhbərinin “kontekst”i orada yanlışdır ki, Qərbi Azərbaycan ərazi iddiası yox, tarixi torpaqlarından zorla qovulmuş azərbaycanlıların qayıdışı hüququnu əks etdirən məsələdir. Əlbəttə, həmin torpaqlar tarixi Azərbaycan əraziləridir, zorla qovulmuş soydaşlarımızın vətənidir, geri dönmək də onların müstəsna hüququdur, amma bizim kimsəyə qarşı haqsız iddiamız yoxdur.

“Qərbi Ermənistan” cəfəngiyyatına gəlincə, bu, başqa bir ölkəyə - Türkiyəyə ərazi iddiasıdır, üstəgəl, bu, Ermənistan Konstitusiyasında da təsbit olunub. Paşinyanın bunları eyniləşdirmək cəhdləri absurddur. Amma orada haqlıdır ki, ermənilərin belə iddiaları gərginlik yaradır. Ötən əsrin əvvəlindən bəri davam edən münaqişə də məhz buradan başlayıb.

Geri qayıt