Əsas Səhifə > Güney Press, Partiya > "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var"

"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var"


Bu gün, 10:34
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var"
“COP29-un Azərbaycanda keçirilməsi Qərbin, Avropanın, Amerikanın ölkəmizə qarşı təzyiqlərini artırdı. COP dünya siyasətinin olimpiadası hesab olunur. Heç bir tədbirdə bu sayda dövlət və hökumət başçısı, tanınmış sima, təşkilat və s. iştirak etmir. BMT üzvlərindən, COP-a qoşulmuş ölkələrdən neçəsi bu səviyyədə tədbiri qüsursuz şəkildə təşkil etmək imkanına malikdir? Beləliklə, bu cür mötəbər tədbiri qüsursuz şəkildə təşkil etmək Azərbaycanı dünya siyasətinin ön cərgəsinə çıxardı, ölkəmizin qlobal miqyasda siyasət apardığını, qlobal oyunçu olduğunu, dünya siyasətinin müzakirə olunduğu bir nömrəli mərkəzə çevrildiyini təsdiqlədi”.

Bu sözləri Pravda.az-a müsahibəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

“COP29 öncəsi və tədbir zamanı Azərbaycana qarşı iyrənc, qərəzli, açıq-aşkar düşmənçilik, qısqanclıq xarakteri daşıyan kampaniya aparıldı. Prezident İlham Əliyev də vaxtında demişdi ki, həmişə bilməliyik, müharibədən qalib çıxdığımız üçün bizə qarşı hər zaman təzyiqlər olacaq. Hamımız bir yerdə bu təzyiqləri öz xeyrimizə çevirməliyik. Qərb çirkin vasitələrlə ev sahibi və sədr ölkə kimi Azərbaycana təzyiq göstərərək iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa çalışır. Bakıda aparılan müzakirələr də bunu bir daha göstərir. Dünya Qərbdən 1 trilyon gözlədiyi halda, Qərb yalnız 250 milyard dollarlıq vəsaitlə ortaya çıxır. Qəsdən bu rəqəmi də tədbirin ən son günü açıqladı ki, əlavə müzakirələr üçün vaxt qalmasın. Halbuki ekologiyanı ən çox çirkləndirənlər məhz nüvə silahına malik, havaya peyk silahları buraxan böyük dövlətlərdir. Qərb dövlətləri demokratiyadan, insan haqlarından danışırlar. Ekologiyanın çirkləndirilməsi də insan haqlarının pozulmasıdır. Kiçik ölkələr ekoloji fəlakətlə üz-üzə qalıblar. Ayrılan maliyyə onlara da yönələcək. İnsan haqlarından ən çox danışanlar bu gün təhlükədə olan dövlətlərə kömək etmək istəmirlər. Bütün dünyanı karbon qazı ilə zəhərləyən və qlobal iqlim fəlakətinə səbəb olan Qərb indi məsuliyyətini başqalarının üzərinə yıxmağa çalışır. Başa düşmürlər ki, dünya dəyişib, Qərbin hegemonluğu başa çatıb. Qərb, Amerika artıq post-sovet dövlətlərinin də üzərindəki hegemonluğundan əl çəkməlidir. Ən çox qorxduqları türk dövlətlərinin birləşməsidir. Düşünürəm, türk dövlətlərinin birləşməsi yalnız müsəlman dövlətlərinin birləşməsi demək deyil. Gürcüstan da, hətta ağıllı olsalar, ermənilər də Turana qoşula bilər. Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var. Necə olur, Avropa İttifaqına bu qədər dövlətlər qoşulur? Biz niyə Turan dövlətlərinə kənardan kimisə qəbul edə bilməyək? Qorxularından istəmirlər ki, Azərbaycan güclənsin, siyasət üzrə söz sahibi olsun”, - N.Cəfəroğlu bildirib.

O deyib ki, Avropanın iqlim fəlakətinin məsuliyyətindən yayınması ikiüzlülük deyil, dördüzlülükdür: “Co Bayden Administrasiyası və Aİ rəhbərliyi əlaqəli şəkildə müzakirələri hədəfdən yayındırmaq yolunu tutur. Bayden Administrasiyası, ümumiyyətlə, yeni prezident seçilmiş Donald Trampa mümkün qədər çox problem saxlayıb getmək yolunu tutub. Hazırda COP-la bağlı yeni maliyyə hədəfinin hələ də müəyyən oluna bilməməsinin əsas səbəbkarı Avropa İttifaqı və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyendir. Ancaq Avropa İttifaqı və Avropa Komissiyasının prezidenti iştirakdan yayınmaqla məsələnin bitmiş olduğunu düşünməsin. Dünyanın qınağı ilə üzləşmiş fon der Leyen Bakıya gəlməli, problemləri, narazılıqları, Aİ-yə qarşı səslənən ittihamları dinləməlidir. Avropa İttifaqı təcili zirvə görüşü təşkil etməli, iqlim böhranı ilə bağlı məsələləri müzakirə etməli və təkliflər verməlidir. Hazırki vəziyyət Avropa İttifaqının, Qərbin riyakarlığını, ikiüzlülüyünü, yaratdıqları bəşəri problemlərin, iqlim fəlakətinin məsuliyyətindən yayınmaq və bu məsuliyyəti digərlərinin üzərinə yıxmaq istəyini aydın göstərir. Hətta xırda Ermənistan başa düşmür, fabriklərindən çıxan zərərli tullantıları Araza axıdır. Bu, ilk növbədə Ermənistanın öz millətinin haqlarını pozmasıdır. Mehriyə “ölü şəhər” deyirlər... Hər biri COP29-a qatılmalı idilər ki, bütün bu problemləri birlikdə həll edək. Əks halda, hamıya ziyan dəyir”.

Geri qayıt