Əsas Səhifə > Güney Press > Ölkəmizin iqlim diplomatiyasında uğuru

Ölkəmizin iqlim diplomatiyasında uğuru


Bu gün, 17:04
Ölkəmizin iqlim diplomatiyasında uğuru
COP29-un Azərbaycanda keçirilməsi qərarı ölkəmizin, dövlətimizin
başçısı İlham Əliyevin növbəti tarixi uğurudur. Noyabrın 11-də başlayan
tədbirdə istər Mavi, istərsə də Yaşıl zonada müxtəlif tədbirlər keçirildi,
yüksəksəviyyəli nümayəndə heyətləri, ekspertlər, böyük biznes təmsilçiləri
və nüfuzlu media mənsubları iki həftə ərzində ölkəmizdə İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının aktual gündəliyini müzakirə etdilər və
Azərbaycanın bu sahədə imza atdığı nailiyyətləri gördülər.
"Yaşıl enerji" ilə bağlı layihələr və bərpaolunan enerjinin dünya
bazarına nəqli dövlətimizin enerji siyasətində prioritet sahələrdən biridir. Bu
cür yüksəksəviyyəli tədbirlər imkan verir ki, Azərbaycanın ərazi
bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı yaratdığı reallıq təhrif
edilmədən bir daha dünya ictimaiyyətinə çatdırılsın və geosiyasi
maraqlarından asılı olmayaraq, hər kəs görsün ki, dövlətimizin bərpa etdiyi
tarixi ədalətin təməlində beynəlxalq hüququn aliliyi dayanır.
Bəşəriyyət iqlim dəyişmələri, təbiətin məhvi, havanın, suyun və
torpağın çirkləndirilməsi ilə qarşı-qarşıyadır. Bu ekoloji fəlakətlərin qarşısını
almaq və "yaşıl enerji"yə keçidi təmin etmək üçün dünya dövlətləri 12 gün
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasında (COP29) fəal şəkildə iştirak etdilər.
Konfransda ekoloji fəlakətlərin qarşısını almaq üçün gələcək addımlar, yeni
hədəf və mexanizmlər müəyyənləşdirildi, mühüm qərarlar qəbul edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də sosial şəbəkə
hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi
ilə paylaşımında qeyd edildiyi kimi “Azərbaycan bir ildən az müddət əvvəl
beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən
şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un
rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata
keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən
möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.Biz 80 dövlət və hökumət
başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı
COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək
qiymət almaqdan qürur duyuruq”
Əvvəlki COP sammitlərində yaşanan uğursuzluqları, icra olunmayan
sazişləri nəzərə alaraq rəsmi Bakı COP29-a ən yüksək səviyyədə
hazırlaşdı, bütün tərəflərin maraqlarını nəzərə alan 14 təşəbbüs irəli sürdü.
Bu konsensuslar arasında qazıntı yanacağı hasil edən ölkə və şirkətlərin
könüllü ianələri ilə kapitallaşdırılan və inkişaf etməkdə olan ölkələrdə təbii
fəlakətlərin nəticələrini qısa zamanda aradan qaldırmaq məqsədilə yüksək
güzəştli və qrant əsaslı maliyyələşdirmə üçün xüsusi imkanlara malik
olacaq İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (CFAF) yaradılması əsas
yer tutur. Bundan başqa, Bakı Təşəbbüsü (BICFIT) "yaşıl enerji"yə
sərmayəni təşviq edəcək önəmli platformadır.
Rəsmi Bakı COP29-a konkret iqlim gündəliyi təqdim edərək iqlim
maliyyələşməsi, qlobal istiliyin fəsadlarından daha çox əziyyət çəkən kiçik
ada dövlətləri və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin yol
xəritəsini nümayiş etdirdi, dövlət və beynəlxalq institutlarla yanaşı, özəl
sektorun maliyyə mənbələrinin də iqlim dəyişmələri ilə mübarizəyə cəlb
olunması və həmin vəsaitlərin kasıb ölkələrə daha güzəştli şərtlərlə təqdim
olunması təklifini irəli sürdü.
Eyni zamanda Bakı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr
arasında bütün spektrlər üzrə uğurlu nəticələrin əldə olunması, Paris İqlim
Sazişinin bünövrəsi üzərində dünya birliyinin iqlim dəyişmələri və "yaşıl
enerji"yə keçidlə bağlı daha aydın və effektiv tədbirlərin reallaşması üçün
təşəbbüs göstərdi.
Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə
qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim
maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya əvvəlki
100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard
ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir.Azərbaycanın
COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində
Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş
irəliləyişlər gözləntiləri üstələdi. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq
intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və
inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət
yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini
tapıb.
COP29 çərçivəsində növbəti maliyyə hədəfi müəyyən olundu. Təbii ki,
Azərbaycanın bu konfransda əsas məqsədi müzakirə olunan iqlim
dəyişmələri və "yaşıl enerji"yə keçid üçün yeni maliyyə hədəfinin müəyyən
edilməsi idi. Yeni maliyyə hədəfinin Bakıda keçirilən iqlim konfransında
müəyyən olunması və bunun yekun Bəyannamədə əksini tapması ilə
ölkəmizin beynəlxalq arenada nüfuzu və qüdrəti daha da yüksələcək. Məhz
COP29-un əldə etdiyi əsas nəticə budur. COP iştirakçısı olan ölkələr
tədbirə bu amalla qatıldılar, konkret təklif və qərarla gəldilər, yeni maliyyə
hədəfinin müəyyənləşməsinə öz töhfələrini verdilər. Maliyyə fondları və
donorlar da bu məsələdə aktiv idilər.
Beləliklə, rəsmi Bakı COP29-un iqlim maliyyələşməsi və gələcək
fəaliyyət planı ilə bağlı bütün tərəflərdə aydın təsəvvür yaratdı, üzərinə
düşən missiyanı çox yüksək səviyyədə yerinə yetirdi.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"

Geri qayıt