Əsas Səhifə > Güney Press > Rusiya dibə yuvarlanır?

Rusiya dibə yuvarlanır?


Bu gün, 13:21
Rusiya dibə yuvarlanır?
Rusiya büdcəsinin 2025-ci il üçün proqnozlaşdırılmış gəlirləri 40,296 trilyon rubl, 2026-cı il üçün — 41,84 trilyon rubl və 2027-ci il üçün isə 43,15 trilyon rubl olacaq.

Bu rəqəmlər büdcənin gəlir hissəsinin artdığını göstərir ki, bu da büdcəni neft və qaz qiymətlərinin dəyişməsindən asılılığını azaltmaq istiqamətində uzunmüddətli iqtisadi siyasətin vacib bir hissəsidir.

Bununla yanaşı, xərclər də artır və 2025-ci ildə 41,47 trilyon rubl, 2026-cı ildə 44,02 trilyon rubl, 2027-ci ildə isə 45,92 trilyon rubl təşkil edəcək. Bu isə büdcə kəsirini artırır: 2025-ci ildə 1,17 trilyon rubl, 2026-cı ildə 2,18 trilyon rubl və 2027-ci ildə 2,76 trilyon rubl olacaq.

Beləliklə, büdcə kəsiri artır, bu da gələcəkdə maliyyə sabitliyi üçün əlavə çətinliklər yarada bilər.

Büdcənin ən böyük xərcləri milli müdafiə və təhlükəsizliklə bağlıdır. 2025-ci ildə bu istiqamətə 2,87 trilyon rubl, 2026-cı ildə 2,13 trilyon rubl və 2027-ci ildə isə 2,16 trilyon rubl ayrılacaq. Ukraynadakı müharibə və artan beynəlxalq gərginlik şəraitində bu xərclər hökumət tərəfindən prioritet olaraq müəyyən edilir və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilir.

Bundan əlavə, sosial , təhsil səhiyyə və vətəndaşların sosial dəstəyi sahələrinə də vəsait ayrılıb. 2025-ci ildə təhsil üçün 600,2 milyard rubl, səhiyyə üçün 1,55 trilyon rubl və sosial dəstək üçün 3,49 trilyon rubl ayrılacaq.

“Dövlət büdcəsi haqqında” Qanun dövlət borcunun yuxarı həddini müəyyən edir. 2026-cı ilin yanvarın 1-nə olan daxili borc 29,39 trilyon rubl, 2027-ci ilin yanvarın 1-nə 34,05 trilyon rubl və 2028-ci ilin yanvarın 1-nə 39 trilyon rubl olacaq. Xarici borc isə müvafiq olaraq 61,1 milyard dollar, 59,2 milyard dollar və 56,5 milyard dollar ilə məhdudlaşacaq. Bu parametrlər borcun artmaqda davam etdiyini göstərir ki, bu da gələcəkdə əlavə maliyyə riskləri yarada bilər.

“Cebheinfo.az”-a açıqlamasında rusiyalı iqtisadçı, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov bildirib ki, büdcə kifayət qədər defisitlidir, amma defisit artıq 2023-2024-cü illərlə müqayisədə xeyli azalıb. Defisitin ÜDM-nin 1%-dən az olması proqnozlaşdırılır, bu isə müsbət göstəricidir:

"Digər tərəfdən, büdcənin əsas məqamlarından biri də EUROS markalı neftin bir barelinin qiyməti 70 dollar səviyyəsində müəyyən edilməsidir. Hazırda qiymət aşağıdır, amma 2024-cü ildə də vəziyyət bir qədər qeyri-sabit olub.

Bəzən qiymət 70 dollardan yuxarı olub, bəzən isə aşağı. Yəni, bu sahədə dalğalanmalar var və şübhəsiz ki, neftin qiymətini dəqiq proqnozlaşdırmaq çətindir. Başa düşürük ki, neftin qiyməti yüksək səviyyədə qalacaq, çünki əgər qiymət aşağı olarsa, məsələn, ABŞ-nin şist neft şirkətləri hasilatı azaldacaq, çünki bu, onlara mənfəət gətirməyəcək və vəziyyət tarazlaşacaq.

Təbii ki, bizim üçün belə balanslaşdırılma dövrləri də mənfidir, çünki qiymət yuxarı və aşağı gedəcək. Biz daha proqnozlaşdırıla bilən bir vəziyyət istəyərdik".

İqtisadçı qeyd edib ki, böyük ehtimalla Rusiyanın xarici borcu əhəmiyyətli dərəcədə artmayacaq, çünki Rusiyaya ciddi sanksiyalar tətbiq olunub və xarici bazarlardan borc almaq imkanları çox məhduddur:

"Buna görə də 2023-2024-cü illər ərzində Maliyyə Nazirliyi əsasən daxili bazarda kredit alıb, müxtəlif dövlət istiqrazları buraxaraq daxili bazarda maliyyə əldə edib. Eyni şeyi 2025-ci ildə də bəlkə də daha aktiv şəkildə davam etdirəcəklər. Çünki indiki vəziyyətdə büdcə defisiti əsasən Milli Rifah Fondundan (FNB) qarşılanır.

Hazırda FNB-nin likvid hissəsində təxminən 4,5 trilyon rubl var və dekabr ayında təxminən 2,5-3 trilyon rubl geri alınacaq. Çünki ilin sonuncu ayında büdcə defisitinin qarşılanması üçün istifadə olunacaq.

Buna görə də oradan 2,5-3 trilyon rubl, bəlkə də daha çox, çıxarılacaq və təxminən 2 trilyon rubl qalacaq. Bu vəziyyətdə daha çox daxili borclar götürüləcək və büdcə defisiti daxili borclarla daha çox qarşılanacaq. FNB-nin likvid hissəsində çox az pul qalacaq. 2025-ci il üçün bu pul kifayət edəcək, amma 2026-cı il üçün suallar var. Ona görə də gözləmək lazımdır.

Əgər 2025-ci ildə Ukraynada müharibə həll edilərsə və ən azından döyüşlərin intensivliyi azalarsa, yaxud atəşkəs barədə razılaşma olarsa və bu, Rusiyanın büdcəsini yenidən gözdən keçirməyə və hətta müdafiə xərclərini bir qədər azaltmağa imkan verəcək".

Müdafiə və təhlükəsizlik xərclərinin ümumilikdə büdcənin təxminən 30%-ni təşkil etdiyini bildirən ekspert əlavə edib ki,əgər bu xərclərdən bir hissəsi sərbəst buraxılsa, büdcə yenidən tərtib edilə və hətta defisitsiz büdcə hazırlana bilər:

"Bu, büdcənin, adətən, ildə bir dəfə, xüsusilə iyun ayında, cari ilin büdcəsinin düzəlişi zamanı həyata keçirilən prosedurudur. Buna görə də hazırda daha konservativ və sıx bir büdcənin qəbul olunduğunu görürük, amma hər ilin sonunda büdcə yenidən gözdən keçirilir.

2025-ci ildə büdcənin dəyişməsi mümkündür, çünki prioritet ehtiyaclar dəyişə bilər. İndiki vaxtda bu ehtiyac müdafiə ilə bağlıdır. Əgər müdafiə məsələsi müəyyən qədər həll edilərsə, yəni müharibənin aktiv fazası başa çatarsa, o zaman xərclər bir qədər azala bilər. Şübhəsiz ki, yaxın illərdə müdafiə xərcləri hələ də yüksək olacaq, amma bəzi prioritetlər başqa cür müəyyən edilə bilər”.

Geri qayıt