Əsas Səhifə > Güney Press > Növbədə psixoloqlardır:

Növbədə psixoloqlardır:


Dünən, 16:52
Növbədə psixoloqlardır:
Məktəb psixoloqları sertifikasiyadan keçirilməlidir.

Bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, orta təhsil müəssisələrində psixoloqların xidməti, kadr çatışmazlığı məsələsi gündəmə gətirilir:

“Psixoloqlar məktəblərə şagird sayına görə qəbul oluna bilər. Lakin burada əsas məsələ peşəkarlıq və stimullaşdırıcı addımların atılmasıdır”.

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, ümumitəhsil müəssisələrində psixoloq məsələsi problem olaraq qalır:

"Son 5 ilə qədər məktəb psixoloqları qeyri-ixtisas sahibləri və məktəb rəhbərliyinə yaxın olan şəxslərdən seçilirdi. Son vaxtlar məsələyə ciddi yanaşılır. Bu peşəyə ixtisaslı kadrların seçilməsi gündəmdədir. Digər müəllimlər sertifikasiyadan keçirilirsə, psixoloqlar da öz növbəsində bu prosesə cəlb edilməlidir".

Ekspert qeyd edib ki, hazırda hər 500 şagird üçün bir psixoloq ayrılır:

"Lakin bəzi məktəblərdə bu qayda pozulur. Sayı 2000-i keçən məktəblərdə cəmi iki psixoloqun fəaliyyət göstərməsi halları var. Düşünürəm ki, hər yüz şagirdə bir psixoloqun təyin edilməsi daha yaxşı olar. Çünki yaşadığımız dövrdə kifayət qədər gərgin həyat tərzi həm şagirdlərə, həm də müəllimlərə təsir edir. Bu zərurət nəzərə alınaraq, hər 100 və ya 200 şagirdə bir psixoloqun təyin edilməsi vacibdir".

Tanınmış psixoloq Gülnar Orucova isə məsələyə münasibətində bildirib ki, şəhər məktəblərində əsasən 1500-2000 şagird olur:

"Hər sinifdə 25 uşaq olduğunu nəzərdə tutaq. Əvvəllər sinifdə 5 uşaqda problem olurdusa, günümüzdə daha çox uşaqda problem olma ehtimalı yüksəlib. Çünki uşaqların telefona marağı səbəbindən aqressiya, bullinq halları artıb. Eyni zamanda, valideyn-övlad münasibətlərində gərginlik var.

Eləcə də, aşağı siniflərdə bəzi uşaqlarda inkişaf ləngiməsini də nəzərdən qaçırmamalıyıq. Əvvəllər müəyyən problemləri olan uşaqları məktəbə qoymurdular, hazırda müəyyən qaydalar çərçivəsində onlar da orta məktəbdə oxuya bilirlər. Bu uşaqların da müəyyən davranış pozuntuları olur. Təbii ki, bu şagirdləri məktəbdən təcrid edə bilmərik, onlar da cəmiyyətə inqteqrasiya edilməlidir. Lakin bir psixoloq bu qədər şagirdlə maraqlana bilərmi? Təbii ki, yox".

Psixoloq vurğulayıb ki, ibtidadi siniflərə minimum iki psixoloq təyin edilməlidir:

"Çünki ibtidai siniflərdə uşaqların sayı çox olur. Yuxarı siniflərdə problemli uşaqların sayı nisbətən azalır. Qeyd edim ki, əksər orta məktəb psixoloqları təkcə nəzəriyyəni oxuyurlar, lakin terapiyadan xəbərləri olmur. Standart testlərdən istifadə edərək şagirdlərə "kömək edirlər".

Mən orta məktəbdə psixoloq kimi işləmişəm, sonra isə ayrılmışam. Çünki orta məktəbdə psixoloq davamiyyət yoxlayan, kuryer vəzifəsini icra edir. Bir sözlə, psixoloq öz işindən başqa digər işləri görür. Bunun da səbəbkarı orta məktəb direktorları və müavinləri olur. Direktorlar məktəbdə üstün mövqedə olduqlarını göstərmək üçün işçilərini hər kəsin içində tənqid edirlər. Bununla yanaşı, müəllimlər repetitorluq niyyəti ilə məktəbdə dərs keçmirlər, sadəcə günlərini keçirirlər. Məktəb artıq uşaqların əyləndiyi bir yerə çevrilib".

Psixoloq məktəb psixoloqlarını savadlı mütəxəssis hesab etmir:

"Onlar heç bir təlimə, terapiyaya qatılmırlar. Dövlət də bunun üçün şərait yaratmalıdır ki, psixoloqlar terapiyaya qatılsınlar. Terapiyanın 1 modulu 600 manat, 4 modulu 2400 manatdır. Məktəb psixoloqunun aldığı maaş terapiyaya qatılmağa imkan verir?"

Geri qayıt